ABŞ dəniz əsaslı nüvə qüvvələrini yeni nəsil “Trident II” və W93 ilə gücləndirir

2026/06/1782715288.jpg
Oxunub: 211     10:41     29 İyun 2026    
ABŞ Hərbi Dəniz Qüvvələri dəniz əsaslı nüvə çəkindirmə imkanlarını gələcək onilliklərə daşımaq məqsədilə “Trident II” ballistik raketi və yeni nəsil W93 nüvə döyüş başlığı proqramlarını əhatə edən genişmiqyaslı modernizasiya prosesini davam etdirir.

Ordu.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Strateji Sistemlər Proqramı (SSP) hazırda xidmətdə olan “Trident II” D5 ballistik raket sistemini əvəz edəcək “Trident II D5 Life Extension 2” (D5LE2) proqramı ilə təxminən 40 ildən sonra hazırlanan ilk yeni ABŞ nüvə döyüş başlığı olan “W93/Mk7” proqramını paralel şəkildə həyata keçirir.

1989-cu ildə “Ohio” sinfinə məxsus ballistik raket daşıyan sualtı qayıqlarda xidmətə qəbul edilən “Trident II” D5 sistemi ömrünün uzadılması proqramları sayəsində bu günə qədər istismarda qalır.

Lakin SSP bildirir ki, mövcud sistemdə yaşlanma və texnoloji köhnəlmə problemləri yalnız məhdud şəkildə aradan qaldırılıb. Buna görə də daha genişmiqyaslı modernizasiyanın həyata keçirilməsi zəruri hesab olunur.

Hazırlanan D5LE2 sistemi etibarlılığı qorumaqla yanaşı, müasir texnologiyalarla təchiz edilərək ABŞ-nin dəniz əsaslı nüvə çəkindirmə imkanlarını uzun illər davam etdirməyi hədəfləyir.

Hazırkı D5LE sistemi 2040-cı illərə qədər “Ohio” sinfinə məxsus sualtı qayıqlarda xidmət göstərəcək. Eyni zamanda o, yeni “Columbia” sinfinə məxsus ballistik raket daşıyan sualtı qayıqların ilk silah kompleksi olacaq.

Modernizasiya proqramının ikinci istiqamətini W93/Mk7 döyüş başlığı təşkil edir. ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyası (NNSA) ilə birlikdə həyata keçirilən bu proqram təxminən 40 ildən sonra hazırlanmış ilk yeni ABŞ nüvə döyüş başlığı hesab olunur.

D5LE2 proqramı 2025-ci ildə Milestone B mərhələsini uğurla başa vuraraq mühəndislik və istehsalın inkişafı mərhələsinə keçib. ABŞ Hərbi Dəniz Qüvvələri sistemin donanmaya ilk təhvilini 2039-cu maliyyə ilində həyata keçirməyi planlaşdırır.

SSP-nin icraçı direktoru Kelli Li bildirib ki, D5LE2 proqramında “Milestone B” mərhələsinə çatılması dəniz əsaslı strateji çəkindirmə imkanlarının inkişafında mühüm mərhələdir və sənaye tərəfdaşları ilə birlikdə proqramın sürətləndirilməsi istiqamətində işlər davam etdirilir.

ABŞ Hərbi Dəniz Qüvvələri yalnız raket və döyüş başlığını deyil, eyni zamanda sınaq və texniki xidmət infrastrukturunu da yeniləyir.

2025-ci il noyabr ayında istifadəyə verilən “Strategic Weapons Systems Ashore” kompleksi “Trident II” sistemləri və dəstək avadanlıqlarının donanmaya təhvil verilməzdən əvvəl sınaqdan keçirilməsini təmin edəcək.

Bu ilin fevral ayında isə Florida ştatında yeni “Engineering Test Facility” kompleksinin tikintisinə başlanılıb. Layihə 2032-ci ilə qədər həyata keçirilməsi planlaşdırılan təxminən 30 infrastruktur investisiyasından biri hesab olunur.

Corciya ştatındakı “Kings Bay” və Vaşinqton ştatındakı “Bangor” bazalarında da “Columbia” sinfinə məxsus sualtı qayıqları dəstəkləmək üçün istehsal və texniki xidmət infrastrukturu genişləndirilir.

SSP nüvə üçlüyünün dəniz komponentinin modernizasiyası ilə yanaşı, yeni strateji silah layihələri üzərində də işləyir. Bunlara nüvə döyüş başlığı daşıya bilən dəniz əsaslı qanadlı raket (SLCM-N) və nüvə başlığı daşımayan “Conventional Prompt Strike” (CPS) hipersəs raket sistemi daxildir.

Proqram çərçivəsində ABŞ Strateji Komandanlığının sabiq komandanı admiral Çarlz Riçardın fikri də xatırladılıb: “Bütün nüvə silahları stratejidir, lakin bütün strateji silahlar nüvə silahı deyil”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Trident-II   W93  


Bizi "telegram"da izləyin