Ordu.az xəbər verir ki, “Rafael” şirkətinin açıqlamasına görə, müqavilə çərçivəsində ilk sifariş ötən həftə qüvvəyə minib, əlavə sistemlərin də daxil edilməsi ilə ümumi paketin dəyəri 2 milyard avronu ötüb.
Qeyd olunub ki, bu müqavilə İsrail müdafiə sənayesi şirkətlərinin indiyədək həyata keçirdiyi ikinci ən böyük ixrac müqaviləsidir. Birinci yerdə isə “Israel Aerospace Industries” (IAI) şirkətinin 2023-cü ildə Almaniya ilə imzaladığı təxminən 3,5 milyard dollar dəyərində “Arrow 3” hava hücumundan müdafiə sistemi müqaviləsi qərarlaşıb.
Rumıniya parlamenti tərəfindən 2020-ci ildə təsdiqlənən tədarük proqramı çərçivəsində tender prosesi 2023-cü ildə başlanmışdı. Rumıniya Müdafiə Nazirliyi 2025-ci ilin iyun ayında təxminən 1,9 milyard avro dəyərində SPYDER təklifini seçmiş, sonradan əlavə sistemlərin daxil edilməsi ilə müqavilənin ümumi dəyəri 2 milyard avronu aşmışdı.
SPYDER sistemi pilotsuz uçuş aparatılarına, döyüş təyyarələrinə, helikopterlərə və qısa mənzilli ballistik raketlərə qarşı müdafiə təmin edir. Sistem “Rafael” tərəfindən hazırlanmış “Python” və “Derby” önləmə raketlərindən istifadə edir.
“Rafael” tender prosesində bir sıra güclü rəqiblərlə mübarizə aparıb. Cənubi Koreyanın “LIG Nex1” şirkəti tender sənədlərindəki problemlər səbəbindən 2024-cü ildə prosesdən kənarda qalıb. Fransanın MBDA şirkəti “Mistral 3” sistemi, Almaniyanın “Diehl Defence” şirkəti isə IRIS hava hücumundan müdafiə sistemi ilə müsabiqədə iştirak edib.
Danışıqlar zamanı maliyyə məsələləri ilə bağlı yaranan fikir ayrılıqları müqavilənin ləğv olunması ehtimalını artırsa da, tərəflər sonda razılığa gələrək sənədi rəsmi şəkildə imzalayıblar.
Mütəxəssislərin fikrincə, Rumıniyanın SPYDER sistemini seçməsində onun bütün əsas komponentləri bir platformada birləşdirən inteqrasiya edilmiş quruluşu mühüm rol oynayıb.
Bu konfiqurasiya radar, elektro-optik sensor, komanda-idarəetmə sistemi, həmçinin “Python” və “Derby” önləmə raketlərini eyni platformada birləşdirərək həm nöqtə müdafiəsi, həm də hərəkətdə olan bölmələrin qorunması üçün effektiv həll təqdim edir.
Rafael bildirib ki, 2025-ci ilin yanvar ayında İsraildə keçirilən sınaqlarda sistem yeni konfiqurasiyası ilə mürəkkəb ssenari şəraitində pilotsuz uçuş aparatını birbaşa zərbə ilə məhv edib.
Sevinc Əliyeva
Ordu.az