Ordu.az xəbər verir ki, bunu danışıqlar üzrə erməni mütəxəssis, konfliktoloq, “CM Partners” şirkətinin baş məsləhətçisi Artur Martirosyan deyib.
Martirosyanın sözlərinə görə, hazırkı şəraitdə sülh prosesinin gələcəyi ilə bağlı ciddi suallar yaranır.
“İlham Əliyevin tələb etdiyi dəyişiklik baş verməsə, onun Nikol Paşinyanla sülh müqaviləsi imzalaması ehtimalı çox zəifdir. Həmin dəyişiklik yalnız iki yolla mümkündür: ya parlamentdə konstitusion çoxluq formalaşdırılmalıdır, ya da referendum keçirilməlidir. Referendum variantı faktiki olaraq istisna olunur. Belə olan halda yeganə yol parlamentdir”, - deyə erməni ekspert qeyd edib.
O hesab edir ki, Paşinyan və “Vətəndaş Müqaviləsi” partiyası qarşıya qoyulan məqsədə çatmaq üçün bütün imkanlardan istifadə etməyə çalışacaq.
“Nikol Paşinyan və “Vətəndaş Müqaviləsi” partiyası hər vasitə ilə məqsədinə çatmağa çalışacaq. Ya parlamentdə çoxluq formalaşdırmağa cəhd edəcəklər, ya da müxtəlif qanunların qəbuluna nail olmağa çalışacaqlar ki, sonradan İlham Əliyevin tələb etdiyi dəyişiklikləri həyata keçirmək mümkün olsun. Mən başqa variant görmürəm”, - deyə Martirosyan vurğulayıb.
Erməni ekspert 2026-cı il iyunun 7-də Ermənistanda keçirilən seçkilərə də toxunub və onların nəticələrinin ciddi suallar doğurduğunu bildirib.
“Mənim üçün aydındır ki, həmin seçkilər çoxsaylı pozuntularla müşayiət olunub. İlk növbədə inzibati resurslardan istifadə edilib, seçkilərdən əvvəl və sonra repressiv üsullar tətbiq olunub. Buna görə də bu seçkiləri azad və ədalətli hesab etmək mümkün deyil”, - deyə o bildirib.
Martirosyanın fikrincə, yeni seçkilərin keçirilməsi üçün xaricdən hər hansı ciddi təzyiq gözlənilmir.
“Paşinyan müxalifəti seçki saxtakarlığında və ya rüşvət verməkdə ittiham edir. Hətta fərz etsək ki, onun dedikləri doğrudur, bununla bağlı heç bir sübut təqdim edilməyib. Məhkəmənin heç bir qərarı yoxdur. Belə olan halda o, bu ittihamları hansı əsasla səsləndirir?”, - deyə erməni ekspert sual edib.
O hesab edir ki, mövcud vəziyyətdə seçkilərin nəticələri ləğv olunmalıdır.
“Məntiq onu göstərir ki, seçkilər etibarsız sayılmalıdır. “Vətəndaş Müqaviləsi” partiyasının yol verdiyi qanun pozuntularının sərhədi yoxdur. Bu artıq diktaturadır. Bəlkə də hələ yumşaq formada diktaturadır, amma diktaturadır. Əgər gizli dinləmələr aparılıbsa, bunun üçün məhkəmə qərarı və xüsusi icazə olmalıdır. Heç bir güc strukturu özbaşına belə addım ata bilməz”, - deyə Martirosyan bildirib.
Erməni ekspert əlavə edib ki, hətta hər hansı səs yazısı qanuni qaydada əldə olunsa belə, onun ictimaiyyətə açıqlanması yolverilməzdir.
“Əgər həmin materiallar məhkəmə prosesindən əvvəl ictimailəşdirilibsə, onlar ümumiyyətlə məhkəmədə sübut kimi istifadə oluna bilməz. Bu cür addımların hamısı qanun pozuntusudur”, - deyə o qeyd edib.
Martirosyan vurğulayıb ki, qanunların pozulmasına yol verən şəxslər gələcəkdə məsuliyyət daşımalıdırlar.
“İctimai qurumların rəhbərlərindən tutmuş qanunu pozan bütün şəxslərə qədər hər kəs bir gün cavab verməlidir. Əgər belə olmayacaqsa, biz heç vaxt tam mənada milli dövlət kimi formalaşa bilməyəcəyik”, - deyə erməni ekspert bildirib.
Alpər Mövludoğlu
Ordu.az