“Baykar” SAHA 2026 sərgisində kamikadze tipli K2, “Mızrak” və “Sivrisinek” PUA-larını təqdim edib

2026/06/1782716328.jpg
Oxunub: 235     11:02     29 İyun 2026    
“Baykar” SAHA Expo 2026 sərgisində ilk dəfə ictimaiyyətə təqdim etdiyi kamikadze tipli K2, “Mızrak” və “Sivrisinek” Pilotsuz Uçuş Aparatları (PUA) ilə süni zəka dəstəkli sürü hücumu konsepsiyasını nümayiş etdirib.

Ordu.az xəbər verir ki, şirkət tərəfindən təqdim olunan üç yeni platforma süni zəka dəstəkli avtonom hücum imkanları, “Mesh Network” rabitə arxitekturası və GNSS siqnallarının maneələnməsinə qarşı dayanıqlı naviqasiya sistemi ilə təchiz edilib.

“Baykar”ın bu sinifdə ən böyük platforması olan K2 PUA-sı 200 kq döyüş başlığı daşımaq qabiliyyətinə malikdir. Tapşırığın xüsusiyyətlərindən asılı olaraq 2000 km-ə qədər əməliyyat mənzili olan platforma strateji dərinlikdə yerləşən hədəflərə zərbə endirmək üçün hazırlanıb.

K2 PUA-sı güclü radioelektron mübarizə şəraitində də fəaliyyət göstərə bilir. Aşağı xərc tələb edən və itirilməsi nəzərdə tutulan platforma sürü əməliyyatlarında əsas zərbə vasitəsi kimi nəzərdə tutulub.

“Sivrisinek” isə sürünün ön kəşfiyyat elementi kimi hazırlanıb. Təxminən 80 kq uçuş kütləsinə malik olan platforma 20 kq döyüş başlığı daşıyır və 1000 km-dən artıq əməliyyat mənzilinə sahibdir.

Platforma kəşfiyyat və məhvetmə tapşırıqlarını eyni sistemdə birləşdirir. Buraxılış qurğusu vasitəsilə qısa müddətdə istifadəyə verilə bilən “Sivrisinek” 10 min fut hündürlüyə qalxa bilir və dinamik döyüş şəraitində yüksək reaksiya qabiliyyəti ilə seçilir.

“Mızrak” isə sürünün uzaqmənzilli və ağır zərbə platforması kimi hazırlanıb. Təxminən 200 kq uçuş kütləsinə və 40 kq döyüş başlığına malik olan platforma 2000 km əməliyyat mənzili ilə strateji dərinlikdə yerləşən hədəflərə qarşı istifadə üçün nəzərdə tutulub.

“Baykar” və ASELSAN tərəfindən birgə hazırlanan “Mızrak” radar axtarış başlığı, elektro-optik kameralar və gecə-gündüz fəaliyyət göstərən sensor sistemləri ilə təchiz olunub.

Hər üç platformanın əsas üstünlüklərindən biri GNSS siqnallarının maneələnməsinə qarşı dayanıqlı, süni zəka dəstəkli vizual mövqetəyinetmə texnologiyasıdır.

Sistemlər kameralar vasitəsilə ətraf mühiti analiz edərək yerləşdikləri mövqeni müəyyən edə, xəritə uyğunlaşdırılması vasitəsilə hədəfə yönələ və təyin olunmuş ərazidə hədəfləri avtonom şəkildə aşkar edə bilir.

Bundan əlavə, “Mesh Network” rabitə arxitekturası sayəsində platformalar bir-biri ilə məlumat mübadiləsi aparır, əldə olunan məlumatlar isə zərurət yarandıqda idarəetmə mərkəzinə ötürülür.

“Baykar” bildirir ki, yeni kamikadze tipli PUA sistemləri şirkətin dünya pilotsuz aviasiya bazarındakı mövqeyini daha da gücləndirəcək. Şirkətin qiymətləndirməsinə görə, son münaqişələr göstərir ki, PUA-ların tətbiqi müasir döyüşlərin əsas amillərindən birinə çevrilib və Türkiyənin bu sahədə topladığı təcrübə strateji üstünlük yaradır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baykar   SAHA-2026   PUA  


Bizi "telegram"da izləyin