Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Ukraynalaşma” xəbərdarlığı: Moskvanın İrəvana yeni mesajları” başlqılı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, Moskvanın seçkilərdən sonrakı səssizliyi, Gümrüdə baş vermiş insidentlə bağlı etiraz notası, müxtəlif rusiyalı rəsmilərin və deputatların Ermənistanın xarici siyasəti ilə bağlı sərt açıqlamaları, Avrasiya inteqrasiyasının gələcəyi barədə xəbərdarlıqlar, eləcə də Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun son bəyanatları Kremlin ardıcıl siyasətinin göstəricisidir.
“Bu fonda Yuri Uşakovun dünənki şərhləri növbəti siqnal oldu və göstərdi ki, Kreml Ermənistana münasibətdə siyasi təzyiq və mesaj ötürmə taktikasını davam etdirir. Rusiya Prezidentinin baş köməkçisi Yuri Uşakov bildirib ki, Nikol Paşinyanın Moskvaya mümkün səfəri ilə bağlı hələlik heç bir dəqiqlik yoxdur. O, jurnalistlərlə söhbətində vurğulayıb ki, Ermənistan ətrafında baş verən proseslərin məqsədi Rusiyanın iştirakı ilə fəaliyyət göstərən inteqrasiya birliklərinə zərbə vurmaqdır”, - deyə nəşr yazıb.
Məqalədə Uşakovun açıqlamasından sitat da təqdim olunub: “Tarixən yanaşı yaşayan və bir-birinə daim kömək edən xalqların tarixini və coğrafiyasını dəyişməyin mümkün olduğu barədə illüziyalar formalaşdırılır. Ukraynada baş verən hadisələrə baxdıqda bunun hansı faciələrə gətirib çıxara biləcəyini anlamaq mümkündür”.
Nəşrin fikrincə, Uşakovun açıqlamasında diqqət çəkən məqam yalnız Paşinyanın mümkün Moskva səfəri ilə bağlı qeyri-müəyyənlik deyil.
“Daha diqqətçəkən məqam Ermənistan ətrafında gedən prosesləri təsvir etmək üçün istifadə olunan siyasi mesaj idi. Uşakovun sözlərinə görə, bu proseslər Rusiyanın iştirak etdiyi inteqrasiya strukturlarına qarşı yönəlib və “tarixi və coğrafiyanı dəyişmək illüziyaları” Ukraynadakı kimi faciəli nəticələrə gətirib çıxara bilər. Bu artıq sadəcə diplomatik dil deyil. Rusiya Ermənistan haqqında danışarkən yenidən Ukraynanı əsas xəbərdarlıq nümunəsi kimi ön plana çıxarır”, - deyə məqalədə vurğulanıb.
Nəşr hesab edir ki, Moskvanın Ermənistan kontekstində Ukrayna nümunəsini tez-tez xatırlatmasının əsas səbəblərindən biri Ukraynanın Rusiya siyasi ritorikasında geosiyasi seçim simvoluna çevrilməsidir.
“Moskvanın baxışına görə, Kiyevin Qərbə yönəlməsi suveren seçim deyil, Rusiyanın təhlükəsizlik arxitekturasına qarşı birbaşa çağırış idi. Rusiyalı rəsmilər Ukraynanı xatırladarkən belə bir məntiq formalaşdırmağa çalışırlar ki, postsovet məkanında hər hansı dövlət xarici siyasət kursunu kəskin şəkildə dəyişməyə və Rusiyanın təsir zonasından çıxmağa cəhd etsə, ciddi sarsıntılarla üzləşəcək”, - deyə nəşr yazıb.
Məqalədə qeyd olunur ki, Ukrayna ilə bağlı bu müqayisələr yalnız Ermənistan hakimiyyətinə ünvanlanmayıb.
“Bu mesajlar ilk növbədə Ermənistan cəmiyyətinə yönəlib. Moskva faktiki olaraq səbəb-nəticə əlaqəsi formalaşdırmağa çalışır və ictimaiyyətə çatdırır ki, geosiyasi istiqamətin dəyişdirilməsi təhlükəsizlik, iqtisadiyyat və siyasət sahələrində yeni risklər yarada bilər. Bu ritorikanın məqsədi ictimai rəyə təsir göstərməkdir. Ukrayna nümunəsi cəmiyyətə Rusiyayla münasibətlərin köklü şəkildə yenidən nəzərdən keçirilməsinin çox yüksək qiymətə başa gələ biləcəyini göstərmək üçün istifadə olunur”, - deyə nəşr vurğulayıb.
Müəllifin fikrincə, bu mesaj eyni zamanda Ermənistan hakimiyyətinə də ünvanlanıb.
“Moskva açıq şəkildə anlatmağa çalışır ki, İrəvanın xarici siyasətdə atdığı hər addım ayrıca qərar kimi deyil, daha geniş geosiyasi proseslərin tərkib hissəsi kimi qiymətləndirilir. Buna görə də Rusiya rəhbərliyi Ermənistanın strateji prioritetlərini dəqiqləşdirməsini və bir-birinə zidd istiqamətləri nəticələrini nəzərə almadan paralel şəkildə davam etdirməməsini istəyir”, - deyə məqalədə qeyd olunub.
Nəşr hesab edir ki, bu baxımdan Uşakovun bəyanatı Paşinyanın mümkün Moskva səfəri ilə bağlı adi şərhdən daha böyük əhəmiyyət daşıyır.
“Bu bəyanat göstərir ki, seçkilərdən sonra başlayan Rusiya səssizliyi başa çatmır, əksinə daha açıq və daha sərt siyasi ritorikaya çevrilir. Əgər əvvəllər Kreml narazılığını səssizliklə ifadə edirdisə, indi bunu birbaşa eyhamlar, xəbərdarlıqlar və Ukrayna nümunəsi vasitəsilə ötürülən siyasi mesajlarla edir. Bu vəziyyət onu göstərir ki, Ermənistan-Rusiya münasibətlərindəki böhran Moskvanın gündəmində artıq adi diplomatik fikir ayrılıqları çərçivəsini aşaraq sistemli və strateji əhəmiyyət daşıyan məsələyə çevrilib”, - deyə məqalədə vurğulanıb.
Məqalənin sonunda bildirilir ki, Ermənistan yeni diplomatik mərhələyə daxil olub.
“Bütün bunlar göstərir ki, Ermənistan elə bir mərhələyə qədəm qoyub ki, Moskva ilə dialoq artıq standart reaksiyalarla məhdudlaşa bilməz. Kremlin getdikcə sərtləşən ritorikası xarici siyasət hesablamalarının yenidən nəzərdən keçirilməsini tələb edir. Buna görə də qarşıdakı aylar İrəvanın bu təzyiqlərə nə dərəcədə tab gətirə biləcəyini və özünün “suveren seçim” kursunu qoruyub saxlaya biləcəyini müəyyənləşdirəcək”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az