Ordu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətində qeyd olunub.
Prezident bildirib ki, qurultay nümayəndələrinin əksəriyyətini isə məqsədli şəkildə 1930-cu illərdə amansız repressiyalara məruz qoydular:
"Onların xatirəsini bu gün də ehtiramla yad edirik. Qurultayın obyektiv zərurətdən irəli gələn və bütün türk aləminin tərəqqisini nəzərdə tutan taleyüklü qərarları elmi-mədəni həmrəyliyimizin qorunub saxlanılmasında mühüm platforma rolunu oynamış, sərt sınaqlara tab gətirərək, 70 illik kommunist rejiminin süqutundan sonra milli müstəqillik əldə edən türk xalqlarının mədəni-mənəvi dirçəliş yollarını yenidən işıqlandırıb".
Dövlət başçısı qeyd edib ki, Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlərin dayandığını əminliklə söyləmək olar.
Ordu.az