Rusiyalı ekspert: “Ermənistan gec-tez Şirakdakı Rusiya hərbi bazasını ölkədən çıxarmağa cəhd göstərəcək”

2026/06/1782556076.jpg
Oxunub: 200     20:41     28 İyun 2026    
“Ermənistan gec-tez Şirakdakı Rusiya hərbi bazasını ölkədən çıxarmağa cəhd göstərəcək. Lakin belə bir addım Ermənistan üçün fəlakətli nəticələrə səbəb olacaq və ölkə ciddi siyasi və iqtisadi nəticələrlə üzləşəcək”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı hərbi-siyasi ekspert Yakov Kedmi deyib.

Ermənistanda keçirilən son seçkilərdən sonra qərbyönümlü qüvvələr yenidən fəallaşıb. Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası parlamentdə çoxluğu əldə edib və Ermənistanın baş naziri Avropa İttifaqı ilə yaxınlaşma siyasətini davam etdirir.

Yakov Kedmi Ermənistanda baş verən narahatedici proseslərə diqqət çəkib.

Onun sözlərinə görə, ölkədə faktiki olaraq demokratiya məhv edilir, repressiyalar, qadağalar və müxalifətə qarşı təqiblər genişlənir.

Ekspert hesab edir ki, bu vəziyyət həm daxili təzyiqlərin, həm də Paşinyana göstərilən genişmiqyaslı Qərb dəstəyinin nəticəsidir.

Ekspert Ermənistan cəmiyyətində siyasi fəallığın zəif olmasının və qərbyönümlü qüvvələrin xarici dəstək almasının demokratik institutların sıradan çıxmasına gətirib çıxardığını düşünür.

“Erməni xalqı yenidən sonu ağır nəticələrlə yekunlaşa biləcək seçim edib. Ermənistanda demokratiya faktiki olaraq məhv edilir və bu, cəmiyyətin zəif təşkilatlanmasının, eləcə də siyasi passivliyinin nəticəsidir”, - deyə o qeyd edib.

Ekspert bunu Ermənistan tarixində ilk belə hadisə hesab etmir və xalqın özünü məhvə aparacaq qərarlar qəbul etdiyini bildirir.

Kedmi Şirakdakı Rusiya hərbi bazasının gələcəyinə də toxunub.

“Şirakdakı Rusiya hərbi bazasının statusu məsələsi gec-tez gündəmə gətiriləcək. Ermənistan nə vaxtsa Rusiyadan bazanı tərk etməsini tələb edəcək. Lakin belə bir addımın Ermənistan üçün heç bir faydası olmayacaq. Bu halda Ermənistan ya KTMT-dən çıxacaq, ya da təşkilatdan kənarlaşdırılacaq və bunun daha ədalətli qərar olacağını düşünür. Bundan sonra diplomatik münasibətlər olmasa da, iqtisadi əlaqələrin kəsilməsi tamamilə mümkün variantdır”, - deyə Kedmi vurğulayıb.

O, istehzalı şəkildə bildirib ki, Ermənistan öz konyakını özü içsin və onu Fransaya satmağa çalışsın.

Xatırladaq ki, Ermənistanda Rusiya hərbi bazası 1995-ci ildən fəaliyyət göstərir. Məlumata görə, baza Şirak və İrəvanda yerləşən qarnizonlardan ibarətdir, burada təxminən 3000 hərbi qulluqçu və onların 4000 ailə üzvü yaşayır. Baza Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğunu təmin edir və KTMT çərçivəsində Ermənistanın müdafiəsinin əsas elementlərindən biri hesab olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərb   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin