Erməni hərbi qulluqçunun atası: “Bacımın uşağını göndərmişdim ki, birdən gəlib uşağımın məzarına gül qoymasınlar, təhqir etməsinlər”

2026/01/gfh12-1769510362.jpg
Oxunub: 340     14:37     27 Yanvar 2026    
“Bu gün oğlumun ad günüdür, 25 yaşı tamam olur. Bu gün xatirələrimizdə, onu tanıyan hər kəsin yaddaşında 25 yaşına çatdı, əbədi olaraq 19 yaşında qalacaq”.

Ordu.az xəbər verir ki, bunu bu gün İrəvandakı “Yerablur” məzarlığında jurnalistlərlə söhbətində 44 günlük müharibədə məhv edilmiş erməni hərbi qulluqçu Jora Sahakyanın atası Vahid Sahakyan deyib.

“Mən Qarabağda, Xocavənd rayonunun Tuğ kəndində doğulmuşam. Oğlum beşinci müdafiə xəttində xidmət edirdi. Müharibə zamanı 27 gün Ağdərədə döyüşdükdən sonra oktyabrın 23-də Xocavənddə iki hərbi hissəyə köçürülüb, oktyabrın 30-da isə yüksəklikdə ölüb”, - deyə o qeyd edib.

Yanvarın 27-nin ölənlərin xatirə günü elan edilməsinə toxunan Vahid Sahakyan deyib:

“Bizim üçün bütün günlər xatirə günüdür. İndi onların nə fikirləşdiyini, nə etdiyini qoy özləri düşünsünlər. Yəqin ki, şəkil çəkdirmək üçün bir fürsət olub, gəlib şəkil çəkdirsinlər deyə öz siyahılarına daha bir gün əlavə ediblər.

Bizim üçün hər gün xatirə günüdür. Həftənin dörd-beş günü burada uşaqlarımızın yanına gəlirik, oturub söhbət edirik, dərdləşirik və sonra evlərimizə gedirik. Onlar indi nə edəcəklər, nə etməyəcəklər, bu, onların işidir, mən nəsə deyə bilmərəm. Qoy gəlib şəkil çəkdirsinlər, gül qoyub getsinlər.

Bacımın uşağını bura göndərmişdim, demişdim ki, Gevorq, mütləq saat 9-da burada ol. Ürəyimə dammışdı ki, gələ bilərlər. Birdən kimsə gəlib uşağımın məzarını təhqir etməsin, gül qoymasın deyə demişdim ki, saat 9-da gəl, kimsə uşağın məzarına yaxınlaşmasın.

O dörd kvadrat metr mənim oğlumun mülkiyyətidir və mən də zərərçəkmişin hüquqi varisi kimi həmin hüquqa malikəm. “Vətəndaş Müqaviləsi” partiyasından olan heç kimin, hətta oradan keçərək belə, oğlumun məzarına gül qoymağa haqqı yoxdur. Hara gedirlər, qoy getsinlər. Əgər ölənlərin yaxınları dözəcəklərsə, qoy gedib öz uşaqlarının, öz doğmalarının məzarlarına gül qoysunlar. Mən icazə vermirəm, qadağan edirəm. Demişəm və yenə deyirəm: sağ olduğum müddətdə buna imkan verməyəcəyəm, ondan sonra nə edəcəklərsə, onu artıq bilmirəm”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sahakyan   Ermənistan  


Bizi "telegram"da izləyin