Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan “Facebook” səhifəsində yazıb.
“Qədim dünyanın, o cümlədən Ermənistanın tarixində elə nümunələr var ki, güclü imperiyalar özlərindən daha zəif qonşuları asılı vəziyyətdə saxlamaq üçün tez-tez belə üsullara əl atıblar: qonşu, daha kiçik krallığın hökmdarını məcbur ediblər ki, qızını böyük və qüdrətli imperiyanın imperator ailəsinə ərə versinlər. Yaxud ümumiyyətlə oğullarından birini böyük dövlətin paytaxtında, məsələn, Tizbonda və ya Romada girov saxlayıblar ki, həmin kiçik dövlətin, o cümlədən Ermənistan hökmdarının ağlına heç vaxt müstəqil siyasət yürütmək, öz ölkəsinin maraqlarını güdmək fikri gəlməsin. Hətta belə bir qərar versə belə, daim xatırlasın ki, qonşu güclü dövlətdə onun qızı və ya oğlu var və onlarla mütləq nəsə pis bir şey baş verə bilər”, - deyə o qeyd edib.
Papoyan bildirib ki, XXI əsrdə artıq qızı qonşu güclü dövlətin hökmdarına ərə verməyə və ya oğlunu orada girov saxlamağa ehtiyac yoxdur.
“Bu rolu kapital, pul yerinə yetirir. Yəni şərti olaraq Romada və ya Tizbonda həmin şəxsin sərvətinin, məsələn, ticarət mərkəzlərinin, fabriklərin, villaların, bank hesablarının olması kifayətdir və bu halda həmin insan sadəcə müstəqil ola bilmir. Çünki onun maraqlarının mərkəzi Ermənistanda yox, Ermənistanın hüdudlarından kənarda, şərti yeni Tizbonda yerləşir. Təbii ki, yeni dövrün Tizbonu üçün də sərfəlidir ki, bu insanlar burada siyasətlə məşğul olsunlar, ölkənin idarə olunmasında rol alsınlar. Lazım gələndə isə həmin şəxsi qulağından tutub lazım olan yerə aparıb desinlər ki, təbii olaraq Ermənistanın və erməni xalqının maraqları hesabına yeni dövrün Tizbonunun tələb etdiyini etsin.
Ona görə də gəlin elə edək ki, Tizbonlar və Tizbonlardan gələn insanlar artıq Ermənistanın siyasi həyatında yer və rol almasınlar. Çünki onların maraqlarının mərkəzi Ermənistan deyil. Əgər, məsələn, sənin 3 milyard dolların varsa və onun 2,9 milyard dolları Tizbonda yerləşirsə, maraqlarının mərkəzi avtomatik olaraq Tizbon olur və sən Tizbonun tələb etdiyi maraqlardan kənara çıxa bilmirsən”, - deyə erməni nazir vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az