Cənubi Qafqaz üçün çağırış: İran ətrafında eskalasiya Bakı və İrəvana necə təsir edər? – Xramçixin şərh edir

2026/01/1769496948.jpg
Oxunub: 776     17:28     27 Yanvar 2026    
“ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə qrupu USS “Abraham Lincoln” nüvə aviadaşıyıcısının rəhbərliyi ilə Yaxın Şərqə gəlib və İranın yaxınlığında yerləşir”. Bu barədə İsrailin “Channel 13” telekanalı məlumat yayıb.

Məlumata görə, qrup İrana qarşı mümkün hərbi kampaniyaya hazırlıq məqsədilə regiona göndərilib. Yaxın günlərdə, nəşrin bildirdiyinə əsasən, mobil quru əsaslı THAAD zenit-raket kompleksinin bir batareyasının da cəlb edilməsi planlaşdırılır ki, bu da raketdən müdafiə sistemini gücləndirəcək. Daha əvvəl Britaniya Qətərə “Typhoon” qırıcı təyyarələri göndərmişdi.

Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp özü də bəyan etmişdi ki, ABŞ raketlərinin “böyük donanması” İrana doğru hərəkət edir. “Mən istərdim ki, heç nə baş verməsin. Amma biz onları çox diqqətlə izləyirik. Ola bilsin ki, ondan istifadə etməyə məcbur qalmayaq. Görəcəyik”, - deyə Tramp bildirmişdi.

ABŞ ilə İran arasında gərginlik davam edir. Həmçinin bildirilir ki, bir sıra beynəlxalq aviaşirkətlər Yaxın Şərq regionunda, o cümlədən İsraildə uçuşları ləğv edir.

Tehrandan Vaşinqtona yanlış hesablamalara əsaslanan addımlar atmamaq çağırışı edilib və bildirilib ki, bu cür addımlar adekvat cavabla qarşılanacaq. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi qeyd edib ki, İran istənilən xarici aqressiyaya sərt cavab verəcək.

Onun sözlərinə görə, İran istənilən xarici təcavüzə qətiyyətli və hərtərəfli cavab verməyə hazırdır. Baqayi bildirib: “İran İslam Respublikası öz imkanlarına əmindir və əvvəlki təcrübəsini, xüsusilə 2025-ci il iyunun qəhrəmanlıq döyüşlərini nəzərə alaraq, istənilən aqressiyaya hərtərəfli və sarsıdıcı cavab verəcək”.

O, həmçinin deyib ki, İran ordusunun hərbi qulluqçuları Yaxın Şərqdə ABŞ Silahlı Qüvvələrinin bütün hərəkətlərini diqqətlə izləyir və ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün zəruri tədbirlər görür.

“Regiona hər hansı bir gəminin göndərilməsi İranın öz suverenliyini qorumaq əzmini heç bir şəkildə sarsıda bilməz. Buna görə də İran İslam Respublikasının Silahlı Qüvvələri bütün hərəkətləri diqqətlə izləyir və eyni zamanda ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, milli suverenliyin və dövlət ləyaqətinin qorunması üçün bir saniyə belə itirmir”, - deyə Baqayi vurğulayıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə qrupunun regiona gəlişi fonunda iranlı yüksək vəzifəli şəxs “Reuters”ə bildirib ki, İran ABŞ-nin istənilən hücumunu “genişmiqyaslı müharibə” kimi qiymətləndirəcək.

Eyni zamanda ölkənin silahlı qüvvələri “ən pis ssenariyə hazırdır”, buna görə də İranda hamı yüksək hazırlıq vəziyyətindədir.

Bundan əlavə, İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl bəyan etmişdi ki, Vaşinqton “onu sınaqdan keçirmək” istəsə, ölkəsi müharibəyə hazırdır. O əlavə edib ki, İran hazırda ötən il baş vermiş 12 günlük müharibə ilə müqayisədə ciddi hərbi hazırlıq mərhələsindədir.

Bundan əlavə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper İsrailə səfər edib və İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Eyal Zamir ilə görüşüb.

“Kuper İsrailə Baş Qərargah rəisi, general-leytenant Eyal Zamirin rəsmi qonağı kimi səfər edib. CENTCOM komandanı və Baş Qərargah rəisi əvvəlcə uzunmüddətli şəxsi görüş keçirib, daha sonra geniş tərkibli görüş baş tutub”, - deyə bəyanatda bildirilib. IDF-in mətbuat xidməti bu görüşü “IDF ilə ABŞ silahlı qüvvələri arasında sıx strateji əlaqələrin möhkəmləndirilməsi, eləcə də iki ölkə arasında müdafiə əməkdaşlığının inkişafı istiqamətində əlavə addım” kimi qiymətləndirib.

İsrail hərbçiləri danışıqların mövzularını açıqlamayıb. Lakin “The Times of Israel” qeyd edir ki, Kuperin İsrailə səfəri İran ətrafında gərginliyin artması və israilli və amerikalı rəsmilər arasında Qəzzada atəşkəsin gələcək addımları ilə bağlı fikir ayrılıqları barədə xəbərlərin fonunda baş verir.

Ordu.az-ın məlumatına görə, rusiyalı analitik Aleksandr Xramçixin bildirib ki, hərbi-siyasi və diplomatik inkişaflara nəzər saldıqda, Yaxın Şərq regionunun və İrana müsbət və ya mənfi baxımdan maraq göstərən ölkələrin ABŞ-nin İrana mümkün zərbəsinə hazırlaşdığı qənaətinə gəlmək olar.

Onun fikrincə, ABŞ-nin bu cür hərbi hərəkətlilik həyata keçirib, lakin zərbə endirməməsini təsəvvür etmək çətindir.

“Eyni zamanda aydındır ki, İran 12 günlük müharibədən sonra daim hazırlaşıb, bu gün də hazırlaşır və doğrudan da ən pis ssenarilərə hazırdır. Lakin bu qısa müddətdə nə dərəcədə tam hazırlaşa bildiyini demək çətindir. Vəziyyəti daha da mürəkkəbləşdirən məqam Çinin İrana dəstək verməsi və bu günlərdə mühüm bəyanatlar səsləndirməsidir. İrana dəstək verən qüvvələr də hazırlaşır və hansı cavab zərbəsinin ola biləcəyini demək çətindir”, - deyə Xramçixin qeyd edib.

Onun sözlərinə görə, əgər zərbə bu mərhələdə baş verərsə, mənzərə böyük ehtimalla İsrailin 12 günlük zərbələrindən və onların nəticələrindən fərqli olacaq.

Xramçixinin qənaətinə görə, ABŞ və İsrail Azərbaycanla əməkdaşlıq qurmaq istəyir.

“Əgər İran ətrafında vəziyyət kəskinləşərsə, bu, xüsusilə Trampın münasibətləri dərinləşdirməyə başladığı və hər məsələdə ABŞ üçün fayda əldə etməyə çalışdığı Ermənistan və Azərbaycan üçün ciddi çağırış olacaq”, - deyə Xramçixin bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaxın-Şərq   Cənubi-Qafqaz   ABŞ   İran  


Bizi "telegram"da izləyin