Ermənistan KİV-i: İqtisadiyyat uçuruma gedir, dövlət borcu rekord sürətlə artır

2026/01/1767596248.jpg
Oxunub: 494     12:12     27 Yanvar 2026    
“Növbəti iqtisadi il başa çatıb. Xaricdən baxanda yüksək görünən artım göstəricilərinə baxmayaraq, ötən il də bir vaxtlar “qürurlu” adlandırılan vətəndaşa heç nə vermədi: nə əməkhaqqı artdı, nə pensiya, nə də müavinət”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Uçuruma sürüklənən iqtisadiyyat, borcların sıçrayışvari artımı” başlıqlı məaləsində yazıb.

Nəşr qeyd edib ki, hakimiyyət kürsülərində əyləşmiş Paşinyanın partiyasının üzvlərindən, onların qohum-əqrəbalarından və yaxın çevrəsindən fərqli olaraq, sərvətləri on dəfələrlə artan bu qrupların fonunda “Gələcək var” şüarı yenə də minlərlə adi vətəndaş üçün reallaşmayıb.

“Onlar ötən illərdə necə yaşayırdılarsa, 2025-ci ildə də eyni səviyyədə, bəzən isə daha pis yaşadılar. Bu il isə daha da pis yaşayacaqlar. Çünki özlərini milyonlarla mükafatlandıran Ermənistanı idarə edənlər büdcədə bu insanların həyatını heç olmasa pisləşdirməmək üçün belə vəsait tapmadılar. Paradoks ondadır ki, bütün bunlar statistik və iqtisadi artım şəraitində baş verir.

Bu il də iqtisadi artım formal olaraq yüksək göstəricilərlə bağlanacaq, amma iqtisadiyyat əvvəlkindən heç də az olmayan, hətta daha yüksək dərəcədə həssas vəziyyətdə qalacaq. İqtisadi artımın əsas iki hərəkətverici qüvvəsi yenə də tikinti və xidmətlərdir. İrəvanda gəlir vergisinin qaytarılması proqramı dayandırılsa da, əvvəlki dövrün inersiyası ilə mənzil tikintisi hələ də artmaqda davam edir”, - deyə nəşr bildirib.

KİV qeyd edib ki, xidmətlər sektorunda isə xüsusilə bank sisteminin təsiri böyükdür.

“Maliyyə vasitəçiliyi artır və bu, iqtisadiyyatda formal artım yaradır, lakin nə iqtisadiyyata, nə də vətəndaşlara real nəticə vermir. Əksinə, bir çox hallarda bu artım iqtisadiyyatın və vətəndaşların hesabına baş verir. Nəticədə elə vəziyyət yaranıb ki, iqtisadiyyat və vətəndaşlar işləyir, banklar isə zənginləşir. Bu isə iqtisadi strukturun təhrif olunmasına gətirib çıxarıb. Qeyri-istehsal sektorunun payı getdikcə artır, istehsal sektorunun payı isə azalır.

Məhz buna görə iqtisadiyyat artsa da, onun ixracyönümlü hissəsinin imkanları genişlənmir. İxrac dərin tənəzzül mərhələsindədir”, - deyə məqalədə vurğulanıb.

Müəllifin sözlərinə görə, 2025-ci ildə ixracın həcmi demək olar ki, iki dəfə azalıb.

“Əvvəlki 1-2 ildə “qlobal” səviyyəli artım üçün əsas yaradan xarici amillər zəifləyib və Ermənistan iqtisadiyyatının zəifliyini üzə çıxarıb.

Rusiya ilə, eləcə də bir il əvvəl Ermənistan ixracının liderinə çevrilmiş Birləşmiş Ərəb Əmirlikləri ilə ticarət kəskin şəkildə azalıb. İxracın şaxələndirilməsi ilə bağlı Ermənistan rəhbərliyinin pafoslu bəyanatları boş söz olduğunu göstərib. Əsasən təkrar ixraca söykənən bu model eyni sürətlə də çöküb. Təkrar ixrac azalıb, iqtisadiyyatın ixracyönümlü sektoru isə onu əvəzləyə bilməyib.

Avropa İttifaqı bazarlarına guya erməni məhsullarının ixracını stimullaşdırmaq üçün on milyonlarla dollar büdcə vəsaiti xərclənib, lakin demək olar ki, heç bir irəliləyiş yoxdur. Avropa İttifaqına ixrac həcmləri 9-10 il əvvəlki səviyyəyə belə çata bilmir. Halbuki o vaxt Ermənistan və onun hakimiyyəti üçün Avropa bazarlarının qapıları indiki qədər açıq deyildi”, - deyə KİV yazıb.

Müəllfin sözlərinə görə, səbəblərdən biri də odur ki, Ermənistan iqtisadiyyatının inkişaf etmiş ölkələrin istehlakçılarına təklif edəcəyi məhsul yoxdur.

“Təklif olunanlar isə əsasən xammal və xammal məhsullarıdır. Avropa bazarlarını fəth edə bilmədilər, əvəzində isə Ermənistan bazarını Azərbaycan məhsulları üçün açdılar. Sülhün bərqərar olması pərdəsi altında Azərbaycan benzini gətirməyə başlayıblar və Azərbaycanın iqtisadiyyatını maliyyələşdirirlər. İndi isə Azərbaycanla birtərəfli ticarət hesabına iqtisadiyyatı inkişaf etdirmək qərarına gəliblər. Öz iqtisadiyyatlarını kənara qoyub, başqalarının iqtisadiyyatını stimullaşdırırlar.

İl ərzində sənaye sektoru bütövlükdə tənəzzül vəziyyətində olub.

İlin əvvəlində azalma ikirəqəmli idi, ilin sonunda müəyyən qədər yumşaldı, lakin bu, real istehsal həcmlərinin artması hesabına baş vermədi. Yenidən “qızıl qızdırması” özünü göstərdi. İlin sonunda idxal olunan qızılın “erməniləşdirilməsi” hesabına əsas metalların istehsalı yenidən rekord artımlar nümayiş etdirdi. Lakin buna baxmayaraq, sənaye sektoru tənəzzüldən çıxa bilmədi və geriləmə davam etdi. Təkcə son 1-2 ilin xarici ticarətdəki yüksək artımları yox, eyni zamanda daxili ticarət dövriyyəsi də ciddi şəkildə zəiflədi. Bu isə hakimiyyətin cəmiyyətin sosial vəziyyətinin yaxşılaşması barədə yaratdığı mifləri alt-üst etdi”, - deyə nəşr bildirib.

Müəllif qeyd edib ki, il iqtisadiyyata qarşı misli görünməmiş hücumlar və özəl mülkiyyət hüququna qarşı görünməmiş təzyiqlərlə yadda qalıb.

“Bunun əsas nümunəsi siyasi hesablaşma yolu ilə ölkənin ən iri infrastruktur obyektlərindən birinin, yəni iri sahibkar Samvel Karapetyana məxsus elektrik şəbəkələrinin açıq şəkildə müsadirə edilməsi oldu. Bu isə ölkənin investisiya cəlbediciliyinə ciddi təhlükə yaradıb.

İnvestisiyaya ciddi ehtiyacı olan Ermənistan iqtisadiyyatı indi ümumiyyətlə investisiyaları itirmək riski ilə üz-üzədir. Nikol Paşinyanın xəstə təxəyyülü iqtisadiyyat üçün, təkcə iqtisadiyyat üçün yox, bütövlükdə ölkə üçün bədbəxtliyə çevrilib. Dövlət büdcəsinə çox ağır zərbə vurulub. Öz balanssız və avantürist qərarlarını müdafiə etmək üçün milyonlarla dollar xərclənir. Üstəlik, ölkə üçün yüz milyonlarla, hətta milyardlarla dollar ödəniş riski yaradılıb.

İqtisadiyyat təzyiq və şantaj şəraitində saxlanılır, lakin bu şərtlər altında belə büdcə gəlirlərini təmin etmək mümkün olmur. Ötən il də vergi daxilolmalarının icrası risk altında idi. Böyük ehtimalla, yenə də plan yerinə yetirilməyəcək. Necə ki, ötən il yerinə yetirilməmiş və büdcədə 200 milyard dramlıq boşluq yaranmışdı”, - deyə müəllif vurğulayıb.

Nəşr yazıb ki, bütün bu uğursuzluqlar fonunda, yəqin ki, yeganə “işıqlı” məqam dövlət borcunun artması olaraq qalır.

“Dövlət borcu yenidən rekord həcmdə artıb. İllik yekun göstəricilər hələ tam açıqlanmasa da, ilin sonunadək borcun daha 1,5 milyard dollar artaraq 14,3 milyard dollara çatacağı gözlənilir. 11 ay ərzində borc artıq təxminən 1,4 milyard dollar, yəni demək olar ki, 11 faiz artıb.

Borc iqtisadiyyatdan xeyli sürətlə, demək olar ki, iki dəfə daha sürətlə artır”, - deyə müəllif qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İqtisadiyyat   Borc  


Bizi "telegram"da izləyin