Putin telefon danışığı ilə Tramp-Zelenski görüşünü təsirsiz hala gətirdi
Tramp Putinlə apardığı telefon danışığının nəticəsi barədə sosial media hesabında bunları yazıb:
“Prezident Putinlə çox məhsuldar bir görüş keçirdim. O, Yaxın Şərqdə əldə edilən sülh münasibətilə məni və ABŞ-ni təbrik etdi və bunun Rusiya-Ukrayna müharibəsinin sona çatmasına kömək edə biləcəyini söylədi. Müharibənin bitməsindən sonra ticarət məsələsini müzakirə etdik və Dövlət katibi Marko Rubio başçılığındakı yüksək səviyyəli məsləhətçilərimizin gələn həftə bir araya gəlməsi barədə razılığa gəldik. Putinlə daha sonra Budapeştdə görüşərək müharibənin dayandırılmasını müzakirə edəcəyik. Sabah Oval Ofisdə prezident Zelenski ilə görüşəcəyəm və Putinlə apardığım danışıqları da müzakirə edəcəyik. Böyük irəliləyiş əldə olunub”.
Trampın bu açıqlamasından sonra Tramp-Zelenski görüşü təsirsiz və nəticəsiz qala bilər. Bu vəziyyətdə Ukraynada sülh üçün ABŞ-Rusiya danışıqları üç həftəlik bir uzanma dövrünə daxil olub. Tramp Rusiyaya bir sıra ultimatum və sanksiya təhdidlərini artıq tükətmiş kimi görünür. Tramp və məsləhətçiləri Moskvaya ABŞ-nin ciddi olduğunu göstərmək məqsədilə hələ də Rusiyanı narahat edə biləcək bir neçə hərbi seçimə müraciət etmək istəyirlər.
Tramp Rusiyanı güc, Ukraynanı isə ümidsizliklə razı salaraq bölgədə sülh razılaşmasına nail olmağı planlaşdırır. Ukraynada davam edən müharibədə Ukrayna və Qərb Rusiyanın pulunun tükənəcəyini, Moskva isə Ukrayna ordusunun tükənəcəyini gözləyir. Rusiyanın bütün mümkün ssenarilər üçün alternativ planı var. Amma Ukrayna və Qərbin planlarının olub-olmaması şübhə doğurur. Rusiya düşünür ki, Tramp ona qarşı sərt tədbirlər görə bilməz, bu səbəbdən Tramp hər dəfə təhdid irəli sürdükdə, qısa bir görüşlə vəziyyəti zamana yayaraq təsirsiz hala gətirməyi bacarır.
Zelenski ABŞ-də hansı tələbləri təqdim edəcək?
Zelenski Qəzzada müharibənin sona çatmasının HƏMAS və İsrailə ABŞ və digər ölkələrin göstərdiyi təzyiq nəticəsində mümkün olduğunu vurğulayaraq Trampdan eyni dərəcədə Rusiyaya da təzyiq göstərməsini istəyir. Zelenskinin Tramp ilə görüşə çox ətraflı hazırlaşdığı və Rusiya-Avropa İttifaqı (Aİ) arasında davam edən Pilotsuz Uçuş Aparatları (PUA) böhranını fürsət kimi gördüyü bildirilir. Zelenski Ukraynanın ehtiyac duyduğu “Patriot” hava hücumundan müdafiə sistemləri və “Tomahawk” qanadlı raketlərinə dair tələblər irəli sürür.
Zelenski-Tramp görüşündə Ukrayna ordusunun təcili ehtiyaclarının qarşılanması məqsədilə bir yol xəritəsinin hazırlanması mümkün ola bilər. Lakin bu proses ABŞ və Rusiya xarici işlər nazirlərinin, eləcə də Tramp-Putin zirvəsinin nəticəsindən asılı olacaq.
Əgər Tramp-Putin zirvəsindən nəticə çıxmasa, Rusiyanın Avropada dondurulmuş 200 milyard dollarlıq aktivlərinin Ukrayna üçün silah satışında istifadə olunması planlaşdırılır. Beləliklə, ABŞ Ukraynaya silah satışı müqabilində nağd ödəniş əldə edə biləcək. Trampın bu planı qəbul etməsi halında raketlərin və təlimin xərcləri Aİ ölkələri tərəfindən NATO-nun “Ukraynanın Əsas Ehtiyaclar Siyahısı” (PURL) proqramı çərçivəsində qarşılanacaq. Zelenski və bir çox Aİ ölkəsi Ukraynada sülhün “güc yolu ilə sülh” formulu ilə əldə olunacağına inanır.
Tramp qeyri-müəyyənliyə yer buraxır və bu sahəni ABŞ üçün üstünlüyə çevirməyə çalışır. Hələlik Rusiyaya qarşı bunu bacarmayıb. Kiyev isə müharibənin gedişatını dəyişdirəcək silahlar əldə etməyə ümid edir. Ukrayna, əvvəllər əlçatmaz sayılan “Javelin”, HIMARS, “Patriot” raketləri, Qərb tankları və döyüş təyyarələrini aldı. Ukraynada sülh olmazsa, “Tomahawk” və “Barracuda-M” raketlərini də əldə etməsi mümkündür. “Tomahawk”ların mənzili və dəqiqliyi nəzərə alındıqda, Rusiyanın hərbi-sənaye komplekslərini məhv edə bilər. Rusiyanın cavabı isə Polşa, Rumıniya və Almaniyadakı hərbi obyektlər ola bilər. “Tomahawk”ların Kiyevə verilməsindən sonra bu raketlərdən istifadə edən ABŞ mütəxəssislərinin hədəfə alınması ABŞ-ni birbaşa müharibəyə cəlb edə bilər.
Tramp Çin və Rusiya arasında seçim tapmaqda çətinlik çəkirmi?
Ukraynadakı müharibə Vaşinqton və Moskvanın maraqları ilə formalaşır. Tramp Aİ ilə birlikdə Çinə qarşı tətbiq ediləcək yeni tariflər hesabına maliyyələşdiriləcək Ukrayna üçün bir “qələbə fondu” yaratmağa çalışır. ABŞ Xəzinə katibi Skott Bessent bu planı Avropalı həmkarları ilə müzakirə edir. Planın məqsədi hərbi mexanizmi Çin dəstəyinə söykənən Rusiyaya maksimum iqtisadi təzyiq göstərmək və onu Tramp və Zelenski ilə danışıqlar masasına oturmağa məcbur etməkdir.
Rusiya Trampı aldada bilər, amma vaxtı məhduddur
Rusiya Qərbin birliyə nail ola bilməməsi səbəbindən SSRİ-nin aqibətini yaşamayacağına inanır, amma bu vəziyyət onlar üçün fəlakətlə nəticələnə bilər. ABŞ-nin birbaşa müharibəyə daxil olmasına səbəb olacaq hər hansı hadisə Rusiyanı yenidən parçalanma həddinə gətirə bilər. Bundan əlavə, Rusiyanın müxtəlif üsullarla Aİ ölkələrini qorxutmağa davam etməsi ona olan etimadı azaldır və Qərb ölkələrinin Rusiyanı dünya üçün təhlükə kimi göstərməsinə şərait yaradır. Ruslar Trampı bir müddət yubadıb prosesi zamana buraxa bilərlər, lakin bu müddət məhdud olacaq. Rusiya Ukraynada istədiyi hər şeyi əldə edə bilməyəcəyini anlamalı və sülh üçün səmimi addımlar atmalıdır.
Asif Cəfərov
Ordu.az