Ukraynanın “Tomahawk” qanadlı raketləri tələbi: Müharibənin gedişi dəyişə bilər?

2025/10/thumb-1760428920.jpg
Oxunub: 529     17:40     14 Oktyabr 2025    
Hərbi təsirindən daha geniş miqyasda, “Tomahawk” siyasi və strateji tarazlıqları pozma potensialına malik bir silah sistemidir. Buna görə də son nəticə təhvilin miqdarı, istifadənin necə aparılacağı və Moskvanın verəcəyi cavaba görə müəyyənləşəcək.

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabr ayında ABŞ Prezidenti Donald Tramp ilə görüşündə ABŞ-dən “Tomahawk” tipli qanadlı raket tələbini dilə gətirib, qısa müddət sonra isə ABŞ vitse-prezidenti Cey Di Vens tələbin dəyərləndirildiyini açıqlayıb. Tramp da 6 oktyabr tarixindəki bəyanatında raketlərin transferinə “yaşıl işıq” yandıracağına dair siqnal verib.

Ukraynanın müharibənin başlanğıcından etibarən ABŞ başda olmaqla Qərb müttəfiqlərindən tələb etdiyi və bir çoxunu aldığı silah sistemləri və platformalar arasında “Tomahawk” hərbi və strateji baxımdan ən güclü və diqqət çəkənlərdən biridir. “Tomahawk” 1,500 kilometri aşan mənzili və yüksək dəqiqlik səviyyəsi sayəsində Ukraynaya Rusiya dərinliklərindəki strateji bazaları, obyektləri və infrastrukturu vurmaq imkanını verəcək. Digər tərəfdən bu raketin Ukraynaya verilməsinin müharibənin gedişinə aydın təsir göstərib-göstərməyəcəyi mübahisəlidir, belə bir raketin tədarükü siyasi müstəvidə ABŞ-Rusiya münasibətlərində ciddi qırılmaya səbəb ola bilər. Məsələn, Rusiya prezidenti Vladimir Putin oktyabrın 2-də Soçidə verdiyi müsahibədə “Tomahawk”ların Ukraynaya verilməsinin Rusiya-ABŞ münasibətlərini məhv edəcəyini, “Tomahawk”ların ABŞ-nin birbaşa müdaxilə etmədiyi şəkildə istifadəsinin mümkün olmaması səbəbindən çox təhlükəli bir eskalasiya prosesinin başlaya biləcəyini deyib.

“Tomahawk” haqqında

1970-ci illərin əvvəllərində dizaynına başlanmış “Tomahawk” qanadlı raketi hava, quru və dəniz platformalarından atıla bilən, uzun mənzilli və yüksək dəqiqlikli bir silah sistemi kimi inkişaf etdirilib. Konvensional və nüvə başlıqlarla təchiz oluna bilən “Tomahawk” 1980-ci illərin əvvəllərində xidmətə daxil olması ilə ABŞ-nin strateji hücum qabiliyyətinin əsas elementlərindən birinə çevrilib. İlk dəfə istifadə edildiyi 1991-ci ilin Körfəz Müharibəsindən etibarən ABŞ-nin başladığı və ya birbaşa müdaxilə etdiyi demək olar ki, bütün müharibə və əməliyyatlarda istifadə olunub.

Səsaltı yüksək sürətlə uçan “Tomahawk”ın ən önəmli xüsusiyyətlərindən biri, düşmən hava müdafiə sistemləri tərəfindən aşkarlanma və izlənilməsini çətinləşdirmək üçün hədəfinə çox aşağı yüksəklikdə və yerin konturlarını izləyərək uçmasıdır. Raket naviqasiya-idarəetmə kompüterinə yüklənmiş 3D relyef məlumatını “Terrain Contour Matching” (TERCOM) adlanan naviqasiya sistemi ilə emal edərək, relyef profilinə uyğun uçuş marşrutunu öz-özünə müəyyən edir. GPS qlobal mövqeləşdirmə sistemi vasitəsilə yüksək dəqiqliklə izlənilən marşrutun sonunda hədəf əvvəlcədən verilənlər bazasına yüklənmiş vizual məlumatların analizi ilə müəyyənləşdirilir. “Digital Scene Matching Area Correlation” (DSMAC) adlanan sistem raketin sensorlarının əldə etdiyi görüntüləri hədəf bölgəsinin fotoları ilə müqayisə edir. Beləliklə hədəfə santimetr səviyyəsində dəqiqliklə zərbə endirilməsi mümkündür.

Bombardmançı təyyarə, sualtı qayıq, esmines və quru platformalarından atıla bilən variantları olan “Tomahawk” xidmətə daxil olduğu vaxtdan etibarən naviqasiya-idarəetmə sistemi, mühərrik, radioelektron komponentlər və proqram təminatı sahələrində davamlı olaraq modernizasiya olunub. 450 kq konvensional döyüş başlığı daşıya bilən raketin mənzili ilə bağlı açıq mənbələrdə etibarlı məlumat məhduddur, modelindən asılı olaraq 2,500 km-ə qədər çatdığı bilinməkdədir.

“Tomahawk” raketlərinin Ukraynanın əldə etməsi hərbi və siyasi tarazlıqları necə dəyişdirə bilər?

Ukrayna ordusu hal-hazırda Rusiya hədəflərini vurmada “Storm Shadow” kimi Qərb mənşəli raketlər və müxtəlif ölçülü kamikadze pilotsuz uçuş aparatlarından istifadə edir. Həmçinin qısa müddət əvvəl ictimaiyyətə təqdim olunmuş və yerli imkanlarla hazırlanmış FP-5 “Flamingo” kimi uzun mənzilli qanadlı raketlər də mövcuddur. Lakin bu mövcud sistem və imkanlar Rusiyanın dərinliklərindəki kritik hədəflərə çatmaqda yetərsiz qalır. Bir müddətdir ki, qanadlı raketlər və kamikadze pilotsuz uçuş aparatları ilə Rusiyanın enerji infrastrukturlarına zərbələr təşkil edən Ukrayna “Tomahawk”larla birlikdə Rusiya iqtisadiyyatına və enerji infrastrukturuna daha böyük miqyasda zərər vurmaq imkan və qabiliyyətinə sahib olacaq.

“Tomahawk”lar, həmçinin Rusiyanın Qara dənizin şərqində sıxışmış donanma elementlərinə, Qara Dəniz Donanmasının liman və infrastrukturuna qarşı da mühüm təhdid yaradacaq. “Tomahawk” zərbələri nəticəsində Rusiya Qara Dəniz Donanmasının liman obyektləri, gəmi təmiri və dəstək infrastrukturu zərər görsə və ya xüsusilə böyük ölçülü gəmiləri sıradan çıxsalar, müharibədən sonrakı dövrdə Rusiyanın bölgədəki iddialarını və maraqlarını qoruma qabiliyyəti zəifləyə bilər.

Digər tərəfdən, siyasi tarazlıqlar da bu təhvildən təsirlənəcək. ABŞ-nin “Tomahawk” təmin etməsi Moskva tərəfindən ciddi təhrik kimi dəyərləndiriləcək. Kremlin sözçüsü Dmitri Peskov son olaraq ABŞ-nin Ukraynaya “Tomahawk” raketləri verməsi halında gərginliyin yeni mərhələyə keçəcəyini bildirib. Rusiya baxımından “Tomahawk” kimi bir silahın Ukraynaya verilməsi NATO-nun müharibəyə birbaşa müdaxiləsi mənasına gələ bilər. Başqa sözlə, rus tərəfi bu tədarükü ABŞ ilə birbaşa toqquşma riskini doğuracaq bir hədd kimi göstərə bilər. Bu isə beynəlxalq münasibətlər səviyyəsində gərginliyin artması və müharibənin regional çərçivələri aşması riskini artırar.

Ukraynalıların israrlı tələb etməsinin səbəbi nədir?

Ukrayna işğalın başlanğıcından etibarən müttəfiqlərindən davamlı olaraq daha uzun mənzilli və təsirli silahlar tələb edir. Müharibənin başlanğıcından etibarən ardıcıl olaraq “Javelin” tank əleyhinə raketləri, “Leopard 2” və M1 “Abrams” əsas döyüş tankları, ATACMS taktiki ballistik raketlər, “Storm Shadow” və “Taurus” havadan atılan qanadlı raketləri, F-16 döyüş təyyarələri kimi sistem və platformalar bunların müharibənin gedişini dəyişdirəcəyi və Rusiyanın döyüş qabiliyyətini zəiflədəcəyi arqumentləri ilə gündəmə gəlib. Bu sistem və vasitələrin tədarükü Ukrayna ordusuna döyüş meydanında əhəmiyyətli qabiliyyətlər qazandırıb və müəyyən üstünlüklər təmin edib, lakin üç ildən çox müddət keçməsinə baxmayaraq makro səviyyədə müharibənin gedişində nəzərəçarpacaq bir qırılma baş verməyib. “Tomahawk” raketlərinin transferinin də belə bir təsir yaradacağı şübhəlidir.

Bununla belə Ukraynanın “Tomahawk” tələbində israr etməsinin üç əsas səbəbi olduğu iddia oluna bilər: Rusiyanın uzun mənzilli hücumlarına qarşı zərbə və çəkindirmə qabiliyyəti qazanmaq, cəbhə arxasındakı təchizat, komanda və iqtisadi hədəfləri vuraraq müharibənin gedişini dəyişdirməyə çalışmaq, daxili siyasətdə mənəvi ruhu yüksəltmək və Qərbdən davamlı dəstək siqnalını gücləndirmək.

Digər tərəfdən, raketin TERCOM və DSMAC sistemlərinin iş prinsipi səbəbindən Ukrayna bu raketi effektiv istifadə etmək üçün ABŞ-nin həssas hərbi kəşfiyyat məlumatlarına çıxışa ehtiyac duyacaq. Raketin uçduğu relyef və hədəf bölgəsinə aid yüksək ayırdetmə qabiliyyətli məlumatların təmin edilməsi, raketin uçuş və hücum profillərinin müəyyən edilməsi üçün ABŞ-nin birbaşa hücum plan və icra proseslərinə müdaxilə etməsi zəruri olacaq. Bu isə Rusiya tərəfindən ABŞ-nin müharibəyə faktiki olaraq daxil olması kimi qiymətləndirilə bilər. Belə bir riskdən qaçmaq üçün ABŞ tərəfindən raketlərin istifadəsinə dair alternativ bir modelin hazırlanması da mümkündür.

Nəticə olaraq “Tomahawk” tələbi Ukrayna üçün həm praktiki bir zərbə qabiliyyəti, həm də güclü siyasi simvol məzmunu daşıyır. Raketin cəbhə arxasında və çox uzaq məsafələrdəki strateji hədəfləri məhv etmək qabiliyyəti mövcuddur. Lakin bu, Rusiyanın sərt cavabını da təşviq edə bilər. Hərbi təsirindən daha geniş miqyasda, “Tomahawk”lar siyasi və strateji tarazlıqları poza biləcək səviyyəli silah sistemləridir. Buna görə də yekun təsir təhvilin miqdarı, istifadənin necə aparılacağı və Moskvanın verəcəyi cavaba görə formalaşacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Tomahawk  


Bizi "telegram"da izləyin