NATO ittifaqı içində Türkiyə Soyuq Müharibədən sonra yuxusu ağır olmayan və xülyalara qapılmayan nadir dövlətlərdəndir. “Polad Günbəz” də sözügedən siyasi-hərbi paradiqmanın bir nəticəsidir.
“Polad Günbəz” nə edəcək?
Türkiyənin bəlkə də ən mühüm müdafiə sənayesi layihəsi olan “Polad Günbəz”ni dəyərləndirməyə birbaşa kritik bir sualla başlayaq: Bir tərəfdə strateji hava hücumundan müdafiə sistemləri, digər tərəfdə isə alçaq hündürlükdə uçan PUA-lara qarşı təsirli ola biləcək taktiki qabiliyyətin birlikdə olduğu, hava müdafiəsinin demək olar ki, bütün qatlarını əhatə edəcək inteqrasiya olunmuş bir arxitekturaya niyə ehtiyac duyulur? Bu suala eyni şəkildə kitabın ortasından cavab verək: Əgər hava təhdidi yüksək səviyyəli döyüş təyyarələrindən, ballistik raketlərdən, qanadlı raketlərdən, müxtəlif tipli PUA-lardan və daha bir çox ünsürdən, daha açıq ifadə ilə ağlınıza gələ biləcək və ya gəlməyəcək hər şeydən ibarətdirsə, üstəlik sözügedən təhdidlər tək bir hücum paketinin parçaları olaraq hədəflərinə eyni anda yönəlirsə, belə bir təhdid mənzərəsinə qarşı ancaq “Polad Günbəz” və oxşar müdafiə qabiliyyətləri ilə tədbir görmək mümkündür.
Ötən həftə Türkiyənin inteqrasiya olunmuş hava müdafiə arxitekturasını formalaşdıracaq “Polad Günbəz” layihəsində çox kritik addım atıldı. ASELSAN-ın 50-ci ildönümünə təsadüf edən bir gündə 47 ədəd hava müdafiə və radioelektron müharibə sistemi təhvil verildi. Sözügedən təhvildə kritik məsələlərdən biri, şübhəsiz ki, müdafiə iqtisadiyyatı göstəriciləridir. Tək bir dəfə təhvil verilən bu vasitələrin ümumi dəyəri yarım milyard dollara çatmış vəziyyətdədir. Digər mühüm mövzu isə silah sistemlərinin mahiyyətidir. Çünki strateji hava sistemi seqmentində “Siper”dən orta hündürlükdə “Hisar” sistemlərinə, alçaq hündürlükdə “Korkut”dan, radioelektron müharibə hovuzunda REDET və “Puhu”ya qədər çoxsaylı və müxtəlif qabiliyyətlər təhvil verildi. Əlbəttə, bu qədər geniş miqyaslı arxitekturada birgə hava mənzərəsinin yaradılması, komanda-idarəetmə çərçivəsi və data idarəçiliyi ilə (“HAKİM Sistemi”) süni zəkayə duyulan ehtiyac da diqqətdən yayınmamalıdır.
Təhlükə mühiti getdikcə daha təhlükəli olacaq
“Polad Günbəz” arxitekturasının ən kritik xüsusiyyəti, müasir hava və raketdən müdafiə paradiqmasını tam şəkildə əks etdirməsidir. Sözügedən xüsusiyyətləri bir neçə ortaq cəhətdə toplamaq mümkündür. Bunlardan ilki çoxqatlılıqdır. Mövzuya hərbi elmlərin və müharibə araşdırmalarının çox mühüm bir qaynağı olan silahlı toqquşmalara dair statistik göstəricilərlə daha yaxından baxaq. Təkcə ötən ay Rusiyanın əsasən Ukraynanın mülki yaşayış məntəqələrinə və kritik infrastrukturuna yönəlmiş hücumlarda istifadə etdiyi “Şahid-131” və “Şahid-136” PUA-larının sayı 6 mini keçdi.
Bu sətirlərin müəllifi Ukraynada apardığı sahə araşdırmalarında sözügedən kamikadze PUA sistemlərinin nə qədər təhlükəli ola biləcəyini şəxsən müşahidə etmişdi. Dizaynı İran mənşəli olan və Rusiyada, ilki Tatarıstan Muxtar Respublikasında olmaqla ən az iki müəssisədə istehsal edilən bu PUA-ları dağıdıcı edən iki xüsusiyyət var. Bunlardan birincisi, çoxsaylı istehsal edilmələridir. Ukrayna qüvvələrinin 80 faizə çatan hava müdafiə uğuruna baxmayaraq, hər ay yüzlərlə PUA hədəfini tapır. İkincisi, “Şahid” kamikadze PUA-ları adətən qarışıq bir hücum paketinə daxil ediləcək şəkildə ballistik raketlər, idarəetmə dəsti əlavə olunmuş “hava-yer” sursatı, qanadlı raketlər və aero-ballistik raketlər kimi digər silah sistemləri ilə birlikdə istifadə olunur. Beləliklə, bir tərəfdən hava mənzərəsi daha mürəkkəb hala gəlir, eyni zamanda hava müdafiə sistemlərinin işi də çətinləşir.
Rəqəmlərlə davam edək. Oktyabr 2024-də baş verən İsrail-İran toqquşmalarında Tehran,İsrailə qarşı təxminən 200 ballistik raket atdı. Aprel 2024-də isə ballistik raketlərə çoxsaylı kamikadze PUA-lar və qanadlı raketlər də əlavə olunmuşdu. Sözügedən sistemlərin çoxu məhv edilsə də müdafiə əməliyyatlarının qiyməti milyardlarla dollarla ölçüldü. 2025 toqquşmalarında, yəni ABŞ prezidentinin ifadəsi ilə “12 Günlük Müharibə”də isə çox daha inkişaf etmiş ballistik raketlərin çoxsaylı döyüş başlıqları ilə həyata keçirdiyi hücumlar açıq mənbəli kəşfiyyat məlumatlarına əks olundu. Xülasə, hava məkanları getdikcə daha təhlükəli yerlərə çevrilməkdədir.
“Polad Günbəz” hücum silah sistemləri ilə birlikdə düşünülməlidir
Bir məqamın altını cızmaqda fayda var. S-400 alışı zamanı da müşahidə etdiyimiz kimi, türk əsas axın mediası və hətta təhlükəsizlik məsələləri sahəsində ortaya qoyulan intellektual analizlərin bir qismi belə, hava və raketdən müdafiə sistemlərini bir növ sehrli, aşılması mümkünsüz qoruma qalxanına bənzətmə meyillərindədir. Halbuki müdafiə silah sistemləri, xüsusilə genişmiqyaslı və ya yüksək əməliyyat tempi ilə gedən müharibələrdə hücum sistemləri ilə bir bütündür. Bu yönləri ilə boks qarşılaşmasında əks-zərbə vurmağa imkan verən müdafiə texnikalarına bənzəyirlər. Son məqsəd rəqibin nokauta göndərilməsidir və bu məqsəd dəyişməz. Rəqibin yumruğundan yayınmaq ancaq müvəqqəti bir üsuldur.
Yuxarıda açıqlanan səbəblərə görə “Polad Günbəz”i Türkiyənin hücum sistemlərini də əhatə edən ümumi hərbi potensialının bir parçası kimi dəyərləndirməkdə fayda var. Türkiyə bir tərəfdən milli raket həllərini sürətlə inkişaf etdirərkən, digər tərəfdən “Kızılelma”, “Anka-3”, “Akıncı” kimi strateji PUA sistemlərinə sərmayə qoymağa davam edir. Hətta aero-ballistik raketlər nümunəsində görüldüyü kimi, raketlərlə PUA sistemlərini birləşdirir. Bunun son nümunəsi Selçuk Bayraktarın mətbuata əks olunan açıqlamaları ilə gündəmə gələn, TCG “Anadolu” və türk dəniz gücünün robotik donanma aviasiyası qabiliyyətini formalaşdıracaq TB-3-dən “İHA-122” aerobalistik raketinin buraxılması oldu.
Rapunzel və qüllə hekayəsini bir daha düşünün
Rapunzel saçlarını niyə qüllədən aşağı uzadır? Çünki pis qəlbli cadugərin gözəl qızı həbs etdiyi qüllə yalnız çardağın dərhal altında bir pəncərəsi olan, qapısı və pilləkənləri olmayan bir zindandır. Qüllə heç kəsi içəri almamaq üçün tikilmiş bir cəza quruluşudur. Bu yönü ilə Rapunzel qülləsi Soyuq Müharibədən sonrakı Qərb hərbi düşüncəsinə çox bənzəyir. Digər tərəfdən, qülləni dizayn edən zehn həbs etdiyi gənc qızın məhz özünün, daha doğrusu uzanan saçlarının qülləyə açılan bir qapı olacağını hesablaya bilməyib. Türkiyə saçlarını qüllədən sallayıb öz göbəyini özü kəsərək müdafiə sənayesini zehni zindandan çıxaran nadir NATO ölkələrindən biridir. “Polad Günbəz” bu səylərin bir nəticəsidir.
Ekspert Can Kasapoğlu
Ordu.az