Ermənistanın ev tapşırığı: irredentist istinadlar çıxarılmadan sülh geri dönməz olmayacaq

2025/08/1755081954.jpg
Oxunub: 865     15:40     13 Avqust 2025    
Vaşinqtonda paraflanan sənəd ətrafında Bakının səsləndirdiyi əlavə addımlar tələbi hüquqi-formal kapriz deyil, sülhün icra mexanizminin məntiqi tərkib hissəsidir. Elçin Əmirbəyovun vurğuladığı kimi, yekun sülh müqaviləsinin imzalanıb ratifikasiya oluna bilməsi üçün Ermənistanın konstitusiyasında Azərbaycanla bağlı ərazi iddiası kimi anlaşılan istinadların hüquqi baxımdan neytrallaşdırılması vacibdir.

İrəvanın arqumenti ondan ibarətdir ki, paraflanmış mətndə tərəflərin milli qanunvericiliyinin müqavilə müddəalarını başqa cür şərh etməsinə yol verməyən norma var, lakin konstitusion hüququn praktikası göstərir: daxili hüquq sistemində əsas normativ akt Konstitusiyadır və o, ratifikasiya olunmuş beynəlxalq müqavilələrin birbaşa tətbiqinə belə mane ola bilər. Bu səbəbdən Bakının kağız üzərində deyil, məhkəmə-siyasi qərarlarla təmin olunmuş zəmanət tələb etməsi tam rasionaldır.

Ermənistan konstitusiyasının müqəddiməsində 1990-cı il İstiqlal Bəyannaməsinə istinadın qalması, həmin bəyannamədə isə 1989-cu il “birləşmə” qərarına eyhamın yer alması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü barədə birmənalı öhdəliyi kölgələyir. İrəvanın Konstitusiya Məhkəməsi bir sıra şərhlərlə bu riski yumşaltmağa cəhd etsə də, siyasi-hüquqi qeyri-müəyyənlik tam aradan qaldırılmayıb: şərhedici qərar sabah dəyişdirilə bilər, lakin mətndəki istinad qalır və irredentist narrativləri qidalandırır. Bundan başqa, konstitusiyadan aşağı səviyyədə olan qanunvericilikdə, təhsil proqramlarında, rəsmi xəritə və registrlərdə, eləcə də dövlət qurumlarının kommunikasiya standartlarında Azərbaycanın tanınmış sərhədlərinə zidd interpretasiyaların izləri hələ də mövcuddur. Bu faktlar yekun sülhün ratifikasiyasını riskə atır, sərhədin delimitasiya-demarkasiyası və kommunikasiyaların açılması kimi praktiki gündəlikdə “geriyə sürüşmə” ehtimalı yaradır.

Ermənilər müxtəli məqalələrdə Azərbaycanın öz konstitusion irsində ADR (1918–20) istinadını qabardaraq hipotetik asinxronluqdan danışır. Lakin real hüquqi rejimdə Bakı 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında SSRİ dövrü sərhədlərinə sadiqliyini həm beynəlxalq öhdəliklərlə, həm də praktik idarəetmə ilə illərdir təsdiq edir: inzibati-ərazi bölgüsü, beynəlxalq tanınmış sərhədlərin xəritələşdirilməsi, ikitərəfli sazişlər sistemi və BMT/ATƏT müstəvisində davranış bu xətti möhkəmləndirib. Beləliklə, məsələni “güzgü arqumenti” ilə simmetrikləşdirmək cəhdi siyasi polemika baxımından başadüşülən olsa da, sülh müqaviləsinin texniki icrası kontekstində əsas maneə Ermənistanın konstitusion və normativ sahəsindəki açıq qalıqlar, eləcə də daxili konsensus defisitidir.

Bu mərhələdə sülhün geri dönməzliyini təmin edəcək “ev tapşırıqları” ilk növbədə Ermənistanın payına düşür. Birincisi, Konstitusiyanın müqəddiməsindəki istinadın sülh müqaviləsinin ruhuna uyğun şəkildə ya redaksional dəyişiklə çıxarılması, ya da məhdudlaşdırıcı normayla hüquqi nəticə doğurma imkanının qəti şəkildə bağlanması tələb olunur. İkincisi, beynəlxalq öhdəliklərin üstünlüyünü praktikada təmin etmək üçün konstitusiya səviyyəsində norma kolliziyası hallarında sülh sazişinin prioritetini təsbit edən açıq mexanizm lazımdır. Üçüncüsü, təhsil, xəritəçəkmə, arxiv və rəsmi kommunikasiya sahələrində irredentist interpretasiyaların administrativ-hüquqi qaydada ləğvi, dövlət qulluqçuları üçün uyğun intizam və cinayət-hüquqi sanksiyalarla dəstəklənməlidir. Dördüncüsü, sərhədin delimitasiya-demarkasiyasını xəritə bazası üzərində sürətləndirən, icra müddətlərini və texniki spesifikasiyaları müəyyən edən, həmçinin “sıfır tolerantlıq” prinsipini ehtiva edən yol xəritəsi qəbul edilməlidir. Beşincisi, üçüncü tərəflərin hərbi-siyasi iştirakını istisna edən öhdəliklər daxili hüquqa inkorporasiya olunmalı, sərhəd boyunca təhlükəsizlik rejimi barədə ikitərəfli əməliyyat protokolları qüvvəyə minməlidir.

Azərbaycan tərəfi üçün bu çərçivə minimal, lakin həlledici sınaqdır: müqaviləni kağızdan sahəyə keçirən təminatların məhz İrəvanda qəbul edilməsi sülhün davamlılığını artırır və hər cür “gizli şərh” oyunlarını bağlayır. Bakı artıq siyasi, hərbi və hüquqi müstəvilərdə faktı formalaşdırıb: ərazi bütövlüyü tanınır, kommunikasiya gündəliyi reallıqdır, üçüncü tərəf ssenarilərinə pəncərə qapadılır. İndi top Ermənistan meydanındadır. Ermənistan daxili hüququnu və siyasi diskursunu beynəlxalq öhdəlikləri ilə uyğunsuzluqdan çıxarmasa, ratifikasiya texniki olaraq mümkünsüzləşə və ya sonradan müqavilənin icrasında yeni böhranlar doğura bilər. Sülhü sabit sistemə çevirməyin yeganə yolu odur ki, İrəvan normativ ambivalentliyi aradan qaldırsın, hüquqi-ideoloji mühitini 1990-cı illərin ritorikasından 2025-ci ilin reallıqlarına indeksləşdirsin. Bu, həm Ermənistan üçün suveren qərarların ardıcıllığı deməkdir, həm də regionda uzunmüddətli təhlükəsizliyin yeganə rasional xəttidir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Vaşinqton  


Bizi "telegram"da izləyin