Azərbaycan uzun müddətdir ki, Naxçıvanla quru əlaqəsini təmin edəcək marşrutun açılması istiqamətində ardıcıl siyasət aparırdı. Ermənistan isə bu prosesə müxtəlif bəhanələrlə mane olmağa çalışırdı. Lakin indi situasiya elə bir məcraya yönəlib ki, marşrutun işləməsi artıq qaçılmazdır. ABŞ-nin məsələyə daxil olması nə qədər formal “Ermənistan qanunları çərçivəsində” ifadəsi ilə ört-basdır olunsa da, real həyatda Ermənistanın bu nəqliyyat xətti üzərində strateji nəzarəti olmayacaq. Marşrutun beynəlxalq nəzarətə keçməsi Ermənistan üçün siyasi məğlubiyyətdir, çünki əsas strateji üstünlük dəhlizin işləməsidir, bu isə Azərbaycanın xeyrinədir.
Türkiyə və Azərbaycanın illərdir müdafiə etdiyi Türk dünyası arasında fasiləsiz quru bağlantı konsepsiyası bu proseslə daha real xarakter alır. ABŞ faktorunun daxil olması bəzilərinin düşündüyü kimi Ankaranın maraqlarına zidd deyil, əksinə, Ermənistanın blokada siyasətini zəiflədərək, dəhlizin işə düşməsini sürətləndirə bilər. ABŞ və Qərb siyasi dairələri də yaxşı anlayır ki, bölgədə davamlı iqtisadi və siyasi sabitlik üçün Azərbaycan və Türkiyənin iştirak etmədiyi, onların maraqlarına uyğun olmayan hər hansı layihə uzunömürlü ola bilməz.
Rusiya isə bu məsələdə açıq şəkildə prosesdən kənarda qalır. 2020-ci ildən sonra bölgədə “sülhməramlı” adı altında mövcudluğunu qorumağa çalışan Moskva indi həm siyasi, həm də iqtisadi təsir imkanlarını itirməkdədir. Zəngəzur dəhlizinin beynəlxalq aktorların iştirakı ilə açılması, Rusiyanın nəzarət etmədiyi yeni logistika xətti deməkdir. Bu isə Moskvanın Cənubi Qafqaz üzərindəki ən mühüm təzyiq alətlərindən birini sıradan çıxarır. Rusiya həm Ermənistanı tam şəkildə öz orbitində saxlaya bilmir, həm də Azərbaycanla münasibətlərində strateji mövqelərini itirir.
Əgər bu proses planlaşdırıldığı kimi davam edərsə, Türkiyə və Azərbaycan üçün böyük strateji üstünlük formalaşacaq: Naxçıvanla fasiləsiz quru əlaqə, Mərkəzi Asiya istiqamətində ticarət və enerji xətlərinin genişlənməsi, həm də Ermənistanın bölgədəki blokada siyasətinə son qoyulması. Ermənistanın “suverenlik” iddiası isə yalnız daxili auditoriyanı sakitləşdirməyə hesablanmış təbliğat xarakteri daşıyır. Real siyasətdə isə nəticəni diktə edən tərəf Azərbaycan və Türkiyədir, Rusiya isə bu dəfə prosesin kənar müşahidəçisinə çevrilir.
İndiki vəziyyət göstərir ki, Zəngəzur dəhlizi məsələsində Ermənistan öz istəyinə nail ola bilmədi, Rusiya isə təsir imkanlarını itirir. Qalib mövqedə isə Azərbaycan və Türkiyədir.
Firuz Bağırov
Ordu.az