Ordu.az xəbər verir ki, ABŞ-nin “Newsweek” jurnalı milli döyüş təyyarəsi “Kaan”ı təhlil edib.
Türkiyə son illərdə müdafiə sənayesində yerli və milli istehsalı ön planda tutan strategiyası ilə diqqət çəkir.
Quru, hava, dəniz və kibertəhlükəsizlik sahələrində inkişaf etdirilən daxili sistemlər həm ölkənin müdafiə qabiliyyətini gücləndirir, həm də xarici asılılığı azaldır.
“Bayraktar TB3”, “TCG Anadolu”, “Altay” tankı, “Siper” hava hücumundan müdafiə sistemi və “Kaan” döyüş təyyarəsi kimi layihələr Türkiyənin müdafiədə yeni bir liqada iştirak etmək əzmini ortaya qoyur.
Son olaraq ABŞ-nin “Newsweek” jurnalı milli döyüş təyyarəsi “Kaan”ı araşdırıb.
Təhlildə Türkiyənin F-35 proqramından çıxarılmasından sonra ölkənin xarici asılılığını azaltmaq üçün axtarışlarını sürətləndirdiyi bildirilib.
5-ci nəsil döyüş təyyarələrinin bütün imkanlarına sahib olan “Kaan”ın dünya tərəfindən yaxından izləndiyi qeyd edilib və Türkiyə prezidenti Ərdoğanın liderliyində qlobal müdafiə dinamikasını dəyişə biləcəyi bildirilib.
Səudiyyə Ərəbistanı, Qazaxıstan, Malayziya və İndoneziyanın “Kaan”a maraq göstərdiyini yazan “Newsweek” “ABŞ ilə rəqabət aparan stels tipli reaktiv” ifadəsini işlədib.
Xəbərdə “Kaan”ın ABŞ istehsalı olan F-35 və F-22-lərlə rəqabət aparmaq qabiliyyətinə malik olduğu, Türkiyənin getdikcə daha əhəmiyyətli bir pilotsuz uçuş aparatı ixracatçısı halına gəldiyi vurğulanıb.
Sevinc Əliyeva
Ordu.az