BMT: Venesuelaya 16 ölkədən təxminən 1000 xilasedici göndərilib

2026/06/1782479646.jpg
Oxunub: 255     17:09     26 İyun 2026    
Birləşmiş Millətlər Təşkilatı Venesuelada baş vermiş dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün 16 ölkədən təxminən 1000 xilasedicinin göndərildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) rəsmi nümayəndəsi Jens Larke məlumat verib.

Onun sözlərinə görə, hazırda humanitar təşkilatlar Venesuelada fövqəladə vəziyyətə “sürətli və genişmiqyaslı” şəkildə reaksiya verir və hökumətə dəstək göstərirlər. Larke qeyd edib ki, əsas prioritet xilasetmə əməliyyatlarının aparılması və zərərçəkmiş ərazilərdə tibbi yardımın təmin edilməsidir.

O bildirib ki, ümumilikdə 25 xilasetmə və tibbi yardım qrupu müxtəlif ölkələrdən cəlb olunub və onların tərkibində təxminən 1000 xilasedici var. Larke əlavə edib ki, bu say yaxın günlərdə daha da artacaq.

BMT rəsmisinin sözlərinə görə, xilasetmə qruplarını Böyük Britaniya, Almaniya, İordaniya, İspaniya, İtaliya, Qətər, Kolumbiya, Niderland, ABŞ, Fransa, Çexiya, Çili, İsveçrə və Ekvador göndərib. Yaxın zamanda Meksika və El Salvaddordan da əlavə yardımın çatacağı gözlənilir.

24 iyun axşamı Venesuelada baş verən 7,2 və 7,5 bal gücündə zəlzələlər nəticəsində 235 nəfər həlak olub, 4,3 mindən çox insan yaralanıb. Onlarla bina dağılıb, ölkə hökuməti fövqəladə vəziyyət elan edib və La Guaira əyalətini fəlakət zonası kimi tanıyıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Venesuela  


Bizi "telegram"da izləyin