Tarixdəki ən böyük silah müqaviləsi: 142 milyard dollara nələr daxildir?

2025/05/1747387653.jpg
Oxunub: 732     19:22     16 May 2025    
Tramp yenə Səudiyyə Ərəbistanında idi. Mərasimlər, alqışlar, fotoşəkil çəkilişləri deyərkən… Hopp, daha bir 142 milyard dollarlıq müdafiə müqaviləsi açıqlanır. “Tarixin ən böyük silah satışı…” Harada “ən böyük” sözü işlədilirsə, orada ya dünya rekordu qırılır, ya da mövcud rekord yenilənir. Burada isə eyni cütlüyün öz rekordlarını yenilədiyini görürük.

Hələ 2017-ci ildə eyni Tramp Səudiyyə Ərəbistanına getmiş və o zaman 110 milyard dollarlıq bir müqavilə elan olunmuşdu. Yəni 5-6 ildə 32 milyard dollar daha əlavə olunub. Gəlin buna inflyasiya deyək…

Rəqəmlərin o üzündə əksər insanın ağlına gələn ilk sual budur: “Səudiyyə Ərəbistanı bu qədər silahı nə edəcək?”

F-15? 84 ədəd alım. “Patriot”? Alım, amma yetməz, THAAD da lazımdır. “Apache” helikopteri, gəmi, radar, təlim paketi? Nə varsa səbətə ataq… Olduqca əhatəli bir alış-veriş siyahısı. Amma bu alış-verişdə alınan təkcə məhsul deyil. Yanında “siyasi dostluq”, “bəzi şeyləri görməzlikdən gəlmə zəmanəti” və “qlobal səhnəyə çıxmaq imkanı” da əlavə olunur. Paketdə çoxlu təklif və endirim var, yəni.

Bu tip böyük miqyaslı müdafiə müqavilələri tez-tez “sakit diplomatiya”nın ən konkret nümunələrindən birinə çevrilir. Açıqda təyyarə, radar, raket görünür, amma paketin əsas funksiyası səssizlik və təhlükəsizlik zəmanətidir.

Bəzi mövzuların beynəlxalq gündəmdə çox yer almaması da bu tip razılaşmaların əlavə faydaları sırasındadır. Yəni, söhbət təkcə silahdan getmir, eyni zamanda kontekstin idarə olunmasından gedir.

ABŞ-nin Xarici Hərbi Satış (Foreign Military Sales — FMS) sistemi texniki olaraq şəffaflığa əsaslanır. Amma praktikada bir çox detal ictimaiyyətə açıq deyil. Qarşılıqlı fayda razılaşmaları, yerli istehsal payları, uzunmüddətli xidmət öhdəlikləri və məsləhət mexanizmləri kimi başlıqlar çox vaxt “təfərrüat” kimi kənarda saxlanılır.

Bundan başqa, müqavilələrin pərdəarxasında keçmiş generallar, xüsusi müdafiə məsləhətçiləri və lobbizm mexanizmləri də var. Bunlar hamısı qanuni çərçivədədir, amma təsirləri çox vaxt rəsmi sənədlərin xeyli o tərəfinə uzanır.

“142 milyard dollarlıq mesaj”

Bu müqavilələrin Səudiyyə Ərəbistanı üçün başqa bir mənası da var: görünürlük. Yalnız İrana deyil, bölgədəki digər oyunçulara və qlobal güc mərkəzlərinə də bir xatırlatma: “Biz hələ də masadayıq və alıcılıq gücümüz yerindədir.”

Müəyyən bir məbləğin üzərindəki hər bir müdafiə paketi, eyni zamanda beynəlxalq münasibətlərdə bir kommunikasiya vasitəsi rolunu oynayır. Ər-Riyad Vaşinqtona etimadını təzələyərkən, Parisə və Londona da “başqa qapılar da açıqdır” mesajı verir. Və bu mesaj, adətən, təhvil verilən təyyarədən daha təsirli olur.

Səudilər təkcə təyyarə deyil, lazım olanda səssizlik də alır. Amerikalılar isə təkcə sistem satmır, eyni zamanda “regional ittifaq” paketini yeniləyirlər.

Biz də Trampın növbəti ABŞ səfəri gerçəkləşməmişdən əvvəl “tarixin ən böyük müdafiə müqaviləsi” başlığımızı kənarda saxlayıb, sadəcə rəqəmləri yeniləyəcəyimiz bir xəbər şablonunu indidən hazırlaya bilərik.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin