Merzin “peşəkar” təyinatları və balanssız bölgü
Digər tərəfdən, Merz iş dünyasında uğur qazanmış şəxsləri hökumətə gətirəcəyi vədinə sadiq qalıb. Məsələn, 2002-ci ildə Edmund Ştoyberin “kölgə kabineti”ndə yer almış və Merkel dönəmində müxtəlif nazirliklərdə parlament dövlət katibi kimi fəaliyyət göstərmiş enerji meneceri Katerina Reyx yeni İqtisadiyyat naziri təyin edilib. Lakin Rəqəmsallaşma və Dövlətin Modernizasiyası üzrə Nazir vəzifəsinə gətirilən Karsten Uildberqerin nə hökumət, nə də partiya təcrübəsi var. Almaniya tarixində ilk dəfə yaradılan bu post uzun illərdir ölkəni geridə saxlayan həddindən artıq bürokratiya və islahat çatışmazlığının aradan qaldırılması üçün atılmış addım kimi dəyərləndirilə bilər.
Siyasi və inzibati təcrübəsi olmayan, təcrübəli jurnalist Volfram Veymarın Mədəniyyət üzrə Dövlət naziri təyin olunması da tam bir sürpriz oldu. O, Klaudia Ros (Yaşıllar) dövründə ideologiyaya əsaslanan mədəniyyət siyasətini siyasiləşdirmədən uzaqlaşdırmaq vəzifəsi ilə ciddi sınaq qarşısındadır. Merz təyinatlarda federal ştatlardakı partiya bölmələri arasında proporsional bölgünü böyük ölçüdə nəzərə almaması ilə diqqət çəkir. Xarici İşlər Nazirliyinə Johann Vadephul, Təhsil və Ailə Nazirliyinə isə Karin Prieni təyin edərək kiçik Şlezviq-Holşteyn ştatından iki siyasətçini kabinəyə daxil edib. Bu isə xüsusilə şərq ştatlarında narazılığa səbəb olub, halbuki Brandenburqdan seçilmiş Katerina Reyxin təyinatı da həyata keçirilib.
CSU-nun strateji nazirlik seçimləri
Koalisiya danışıqlarında göstərdiyi peşəkarlıq və məharətli müzakirə bacarığı ilə özünü təsdiqləmiş CSU lideri Markus Söderin izləri aydın görünür. Alexandr Dobrindt, Doros Bar və Alois Reyner kimi şəxsləri vacib postlara yerləşdirməklə CSU Bavariyanın maraqlarını effektiv müdafiə edə biləcək üç güclü vəzifəni ələ keçirdi. Dobrindt miqrasiya siyasətindən məsul olaraq kabinetin əsas fiqurlarından birinə çevrildi, çünki yeni hökumətin uğuru bu sahədən asılı olacaq.
Horst Sihoferin daxili işlər nazirliyində heç vaxt tam oturuşa bilməyən “Heimat” (vətən) portfeli ləğv edildi. Sihofer indi şərqdəki alman azlıqlardan məsul olacaq və bu vəzifə artıq siyasi səhnənin diqqət mərkəzinə çevrilib. “Heimat” anlayışı isə kənd yerləri ilə uyğunluğu səbəbilə CDU-nun idarə etdiyi Kənd Təsərrüfatı Nazirliyinə keçib. Tədqiqat Nazirliyinin vəzifə sahəsi də texnologiya və kosmos sahələrini əhatə edəcək şəkildə genişləndirilib ki, bu da texnoloji siyasətdə yeni prioritetlərin formalaşdırılması üçün imkan yaradır. Nazirliklərin bu radikal struktur dəyişiklikləri hökumətin yenilikçi mesajını cəmiyyətə ötürən ən mühüm siqnallardan biri oldu.
Koalisiya dinamikası və daxili çəkişmələr
Yeni SPD lideri və Maliyyə naziri Lars Klinqbeyl də məmnun görünür. Nazirliklərdə etdiyi təyinatlarla partiyasının daxilində liderliyi əldən vermədiyini nümayiş etdirdi. İctimaiyyət tərəfindən o qədər də sevilməyən həmsədr Saskia Eskeni güc mübarizəsi ilə kənarlaşdırdı və Eskenin inkişaf yardımı üzrə nazir olmaq istəyi qəbul edilmədi. Esken yaxın zamanda partiya rəhbərliyindən uzaqlaşdırılacaq və sıravi deputat kimi fəaliyyət göstərəcək.
Klinqbeyl həmçinin SPD, Yaşıllar və FDP-nin uğursuz “üçlü koalisiyası”ndan məsafə saxlamaq üçün keçmiş daxili işlər naziri Nansi Fiser, keçmiş səhiyyə naziri Karl Lauterbax və keçmiş inkişaf naziri Svenja Şulz kimi siyasətçiləri yeni kabinetə daxil etmədi. Yeganə istisna, Müdafiə naziri Boris Pistorius oldu. Partiya daxilində bir çoxunun seçki kampaniyasında SPD-nin əsas siması kimi görmək istədiyi Pistorius Olaf Şoltsla yaşadığı qarşıdurmadan sonra siyasi baxımdan yüksəlişə keçdi və gələcəkdə SPD rəhbərliyi üçün potensial namizəd olaraq gündəmdədir.
Bu gərginlik – Klinqbeylin partiya liderliyi ilə hökumət vəzifələri arasındakı ikili rolu – onun parlament fraksiyasına rəhbərlik etmək əvəzinə baş nazirin müavini postuna keçməsi ilə izah oluna bilər. SPD-nin ağırçəkili simalarından və artıq kabinetdə yer almayan Hubertus Heylin yerinə Əmək naziri təyin edilən keçmiş Bundestaq sədri Barbel Bas partiya daxilində nüfuzunu daha da artırdı. Əmək və sosial məsələlərə nəzarəti üzərinə götürməklə Klinqbeyl iqtisadiyyat və əmək sahələrini birləşdirmək istəyən CDU və CSU-nun əsas narahatlığını da aradan qaldırmış oldu. Bu addımın federal hökumətə qatılmaqdan imtina edən Karsten Linnemannın qərarına təsir etdiyi düşünülür.
Yeni federal hökumət təyinatlar və struktur dəyişikləri ilə təzə başlanğıc iddiasını qoruyur. Lakin bu qeyri-müəyyən və təcrübəsiz komanda, çətin şəraitdə siyasi dalanla üzləşmək riskini daşıyır. Seçki kampaniyasında tez-tez gündəmə gətirilən Milli Təhlükəsizlik Şurası yeni kabinet strukturunda yer almadı. Xarici İşlər və İnkişaf Yardımı nazirliklərinin birləşdirilməsi təklifi də həyata keçirilmədi.
Sevinc Əliyeva
Ordu.az