Türkiyənin kosmik sərgüzəşti
Türkiyənin kosmik fəaliyyətlərə gec başladığı, lakin son 20 ildə əhəmiyyətli bir sürət qazandığı görünür. Türkiyənin peyk və əlaqəli xidmətlərlə bağlı işləri 1968-ci ildə PTT nəzdində yaradılan “Peyk Telekommunikasiya Qrupu Başmühəndisliyi” ilə başlasa da, 1980 və 1990-cı illər bu sahəyə marağın artdığı dövrlər olub. Bu müddətdə, 1983-cü ildə Elm və Texnologiya Yüksək Şurası (BTYK) və İTÜ-nün Aviasiya və Kosmos Elmləri Fakültəsinin qurulması kritik addımlar sayıldı. Eyni şəkildə, 1984-cü ildə TUSAŞ və “General Dynamics” ortaqlığı ilə qurulan TAI də kosmik tədqiqatlar sahəsində dönüş nöqtəsi oldu. Aviasiya və kosmos bir-birini tamamlayan iki sahədir.
Bundan sonra gələn on il ərzində TÜBİTAK Kosmos Elmi və Texnologiyaları Komitəsi-UBITEK (1990), BTYK qərarı ilə Türkiyə Elm və Texnologiya Siyasəti 1993-2003 (1993), Anadolu Universiteti Peyk və Kosmos Elmləri Araşdırma İnstitutu (1993), “Spectrum XGamma” Layihəsi (1993), Peyk Telekommunikasiyasının Türk Telekommunikasiyasına verilməsi (1995), TÜBİTAK-Ulusal Rəsədxana (1996), TÜBİTAK-İnformasiya Texnologiyaları Elektronika Araşdırma İnstitutu-BİLTEN (1996), TÜBİTAK-MAM Kosmos Texnologiyaları Qrupu (1997), İTÜ Peyk Yer Stansiyası tenderi (1998) və TÜBİTAK-ın milli kosmos siyasəti və strategiyalarını müəyyənləşdirməyə başlaması (1999) kimi mühüm inkişaflar reallaşdı.
2000-ci ildən sonra yeni yol xəritəsi
2000-ci illərdə Türkiyənin kosmos texnologiyaları sahəsində yeni bir mərhələyə keçidi baş verdi. Aviasiya və kosmos sənayesi müdafiə sənayesində tətbiq olunan “yerlilik”, “millilik” və “strateji muxtariyyət” prinsipləri çərçivəsində yenidən formalaşdırıldı. Bu mərhələdə TÜBİTAK, TÜRKSAT və TUSAŞ önəmli rol aldı.
2000-ci ilin əvvəlində TÜBİTAK vasitəsilə ESA (Avropa Kosmik Agentliyi) ilə əməkdaşlıq üçün müraciət təqdim olundu. Daha sonra SSM tərəfindən “Peyk Milli Sənaye Modeli” hazırlandı. Model çərçivəsində mövcud milli sənayenin aviasiya və müdafiə sahəsindəki imkanlarının birləşdirilməsi, investisiya təkrarlarının qarşısının alınması və peyk texnologiyaları üzrə sənaye infrastrukturunun qurulması hədəfləndi. 2001-ci ildə BİLTEN-in əsas fəaliyyət sahəsi kosmos texnologiyaları olaraq müəyyən edildi və həmin tarixdən etibarən TÜBİTAK UZAY adını aldı. Türkiyə 2006-cı ildə Çin, Pakistan, İndoneziya, Banqladeş, Peru, İran, Monqolustan və Tailand ilə birlikdə Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının (APSCO) doqquz qurucu üzvündən biri oldu.
Başladılan kritik layihələr
2000-ci illərin əvvəllərindən etibarən milli kosmos sənayesinin əsas iştirakçıları bir çox yeni layihəyə start verdi. Türkiyə kosmos sahəsindəki fəaliyyətlərinə 2002-ci ildə “Kosmos AR-GE-1” layihəsi ilə daxil oldu. 2006-cı ildə TUSAŞ Kosmos Sistemləri Bölməsini qurdu. 2007-2010-cu illər arasında ilk kosmos avadanlığı AR-GE layihəsi olan “Dönence” icra edildi. Layihə çərçivəsində Anlıq Nəzarət Giroskopunun uçuş modeli və Enerji Saxlaya Bilən Anlıq Nəzarət Giroskopunun mühəndislik modeli hazırlandı və Peyk Yönləndirmə Nəzarət Test Mühiti Laboratoriyası yaradıldı.
2007-ci ilin aprelində Milli Müdafiə Nazirliyi TÜBİTAK və TUSAŞ arasında GÖKTÜRK-2 Peyk Layihəsi çərçivəsində anlaşma imzalandı. GÖKTÜRK-2 Türkiyənin milli peyk dizaynı və istehsalı sahəsində əsaslı irəliləyiş oldu. Az sayda türk mühəndisi tərəfindən hazırlanaraq 2012-ci ilin noyabrında orbitə göndərildi və hazırda da aktiv fəaliyyət göstərir.
GÖKTÜRK-1 Layihəsi İtaliyanın “Telespazio” və Fransanın “Thales Alenia Space” şirkətləri ilə birlikdə həyata keçirildi. Yüksək dəqiqliklə optik müşahidə qabiliyyətinə malik peyk orbitə yerləşdirildi. Layihə çərçivəsində peyk panellərinin bir hissəsi istehsal edildi və TUSAŞ nəzdində USET (Kosmos Sistemləri İnteqrasiya və Test Mərkəzi) quruldu. GÖKTÜRK-1 2016-cı ildə Fransa Qvianasındakı Kurou Kosmos Bazasından uğurla fırladıldı və hazırda da fəaliyyət göstərir.
Bu peyk sistemləri hərbi əməliyyatlarda strateji qərarların verilməsində, hədəflərin izlənməsi və qiymətləndirilməsində mühüm rol oynayır.
TÜRKSAT 6A və digər əsas layihələr
GÖKTÜRK-1 layihəsi ilə paralel olaraq, 2013-cü ilin sentyabrında TÜBİTAK tərəfindən Türkiyənin ilk yerli rabitə peykinin inkişafına dair təşəbbüs başladıldı. Bu çərçivədə TÜBİTAK UZAY, TUSAŞ, ASELSAN və CTECH birlikdə “TÜRKSAT 6A Yerli Rabitə Peyki Layihəsi”ni icra etdilər. TÜRKSAT 6A 9 iyul 2024-cü ildə ABŞ-nin Florida əyalətində yerləşən “Cape Canaveral Kosmos Bazası”ndan “SpaceX”in “Falcon 9” raketi ilə uğurla orbitə göndərildi.
Bundan başqa dörd əsas layihə də həyata keçirilir:
1. GÖKTÜRK-3: Türkiyənin ilk yerli SAR (Sintetik Apertura Radar) peyk layihəsi olaraq TUSAŞ rəhbərliyi altında reallaşdırıldı. Bu peyk hər hava şəraitində və gecə-gündüz yüksək dəqiqliklə müşahidə qabiliyyətinə malikdir.
2. GÖKTÜRK-Y: 2021-ci ildə imzalanan bu layihə ilə GÖKTÜRK-1 peykinin ömrü sona çatdıqda TSQ-nin uzaqdan müşahidə ehtiyaclarının davamlılığı təmin edilir.
3. Yeni Nəsil Rabitə Peykləri Layihəsi: Kiçik ölçülü GEO peyklər və mikro peyk sistemləri ilə bağlı araşdırma və inkişaf işləri davam etdirilir.
4. Peyk Avadanlığı İnkişaf Layihələri: “Mərkəzi Peyk Kompüteri”, “Platforma İnterfeys Vahidi” və “Güc İdarə və Paylama Vahidi” kimi əsas alt sistemlər yerli imkanlarla istehsal olunur.
2018-ci ildə Türkiyə Kosmos Agentliyi quruldu və 2022-2030 Milli Kosmos Strategiya Sənədi yayımlandı. Türkiyə bu gün öz peykini istehsal edə bilən 30-dan çox ölkə arasında yer alır və TÜRKSAT 6A ilə ilk 10-luğa daxil olur.
Təhlükəsizlik baxımından milli peyk və GPS sistemləri
Türkiyə onilliklər boyu ABŞ və digər Qərb ölkələrindən alınan texnoloji avadanlıqlardan asılı oldu. Bu asılılıq kəşfiyyat sızmalarına zəmin yaratdı. Son 20 ildə texnoloji muxtariyyətin təmin olunması istiqamətində ciddi səylər göstərildi. SIGINT, ELINT, COMINT, IMINT və GEOINT kimi kəşfiyyat sahələrində milli sistemlərin inkişafı əsas prioritet kimi müəyyənləşdirildi. Peyk texnologiyaları bu sahələrin təməlini təşkil edir.
Xarici müdaxilələrə qarşı özəl və dövlət təşəbbüslərinin kosmos texnologiyalarına yönəlməsi əlamətdar haldır. “Baykar” şirkətinin rəhbəri Selçuk Bayraktar 2022-ci ildə “Fərgani Kosmos” adlı şirkətin qurulduğunu, 100 peykdən ibarət “Starlink”ə bənzər LEO şəbəkəsinin planlaşdırıldığını və 50 tonluq buraxılış sistemi üzərində iş aparıldığını elan etdi. 2025-ci ilin yanvarında FGN-100-d1 peyki LEO orbitinə uğurla göndərildi və “Uluqbəy Qlobal Mövqeləşdirmə Sistemi Layihəsi”nin ilk mərhələsi reallaşdı.
Kosmos sahəsi gələcəkdə asteroid mədənçiliyindən kosmik turizmə qədər genişlənəcək bir sahə olsa da, peyk texnologiyaları hələ də ən kritik təhlükəsizlik komponentlərindən biri kimi qalır. Bu səbəbdən hərbi və təhlükəsizlik ehtiyaclarının milli resurslarla qarşılanması peyk texnologiyasında yerli imkanların gücləndirilməsini zəruri edir.
Sevinc Əliyeva
Ordu.az