Ordu.az xəbər verir ki, bu çərçivədə Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani aprelin 17-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
“Reuters”in məlumatına görə, səfər zamanı iki lider hər bir ölkənin 1 milyard dollardan çox töhfə verəcəyi müştərək investisiya fondunun yaradılmasını elan ediblər.
Rusiyanın “Interfax” xəbər agentliyinin məlumatına görə, müqavilənin təfərrüatları açıqlanmasa da, müqavilənin əhatə edəcəyi sektorlardan biri texnologiyadır.
“Interfax”ın RDIF-ə istinadən verdiyi məlumata görə, Rusiyanın Birbaşa İnvestisiya Fondu (RDIF) və Qətər İnvestisiya Təşkilatı 2014-cü ildə ilk investisiya platformasını yaradıb, bu günə qədər platforma Rusiya daxilində bank xidmətləri, süni zəka, metal istehsalı, nəqliyyat və logistika sahələrində müxtəlif layihələrə sərmayə qoyuluşunu asanlaşdırıb.
Sözügedən açıqlamadan bir neçə gün sonra Oman sultanı Heytham bin Tariq Əl Səid Körfəz ölkələrindən Moskvaya səfər edən ilk dövlət başçısı olub.
Oman lideri ilə görüşündən sonra Putin 2025-ci ildə Ərəb Dövlətləri Liqası ölkələr qrupu ilə sammit keçirmək niyyətində olduğunu açıqlayıb. Hazırda 22 ölkənin üzv olduğu regional təşkilat ümumi maraq doğuran məsələlərdə daha sıx əməkdaşlığın təşviqinə diqqət yetirir.
“Defence News”un məlumatına görə, Kremlin ilk dəfə belə bir zirvə toplantısına ev sahibliyi edəcəyi bildirilir və Rusiyanın son bir ildə bir çox körfəz ölkəsinin fikir ayrılığı olan İranla hərbi əməkdaşlığı dərinləşdirməyə çalışması da diqqət çəkir.
Digər tərəfdən, Oman Sultanı Əl Səidin Moskvaya səfəri ABŞ və İranın yüksək rütbəli rəsmilərinin aprelin 26-da Omanda mümkün nüvə razılaşması ilə bağlı danışıqların davam etdirilməsi görüşündən əvvələ təsadüf edib.
Bu prosesdə İran, Rusiya və Çin ötən ay Oman körfəzində beşinci müştərək dəniz təlimini həyata keçirərkən, Rusiya müdafiə şirkətləri Yaxın Şərqdə keçirilən son müdafiə sərgilərində fərqlənərək, qlobal silah bazarına qayıtmağa çalışırlar.
Sevinc Əliyeva
Ordu.az