Liviya HHQ-nin pilotları İtaliyada təlim keçəcəklər

2025/04/1745484682.jpg
Oxunub: 453     12:50     26 Aprel 2025    
İtaliyanın “Pagine Esteri” jurnalı xəbər verir ki, İtaliya Hərbi Hava Qüvvələrinin komandanı Luka Qoretti ilə Liviya Hərbi Hava Qüvvələrinin komandanı Mohamed Qocil arasında Romada imzalanan razılaşmaya əsasən, yenidən qurulan Liviya HHQ-nin pilotları İtaliyada üç il müddətində yüksək səviyyəli uçuş və texniki hazırlıq üzrə təlim keçəcəklər.

Ordu.az xəbər verir ki, müqavilə Şimali Afrika ölkəsindən olan personalın təlimlərinin 2-ci və 3-cü mərhələləri üçün Latinadakı 70-ci Hərbi Hava Qüvvələri Qanadı və Qalatinada (Lecce) 61-ci Hərbi Hava Qüvvələri Qanadı tərəfindən təşkil edilən kurslarda iştirakını nəzərdə tutur.

Nəzəri təlimin bir hissəsi Ankona bölgəsinin Loreto şəhərində Hərbi Hava Qüvvələri Xarici Dillər Məktəbinin Aviasiya İngilis dili Mərkəzində keçiriləcək.

General Qoretti və general Qocil tərəfindən imzalanan memorandumda 70-ci Hərbi Hava Qüvvələri Qanadının 207-ci Uçuş Qrupu və 61-ci Hərbi Hava Qüvvələri Qanadının 214-cü Uçuş Qrupu tərəfindən Liviya personalına təklif olunan təlim proqramları ilə bağlı bütün təfərrüatlar dəqiqləşdirilib.

“Bu müqavilə Liviya HHQ ilə uçuş hazırlığı sahəsində üç il müddətinə qüvvədə olan ilk ikitərəfli əməkdaşlıq müqaviləsi olduğu üçün böyük əhəmiyyət kəsb edir. Bu, həmçinin ordumuzun təlim sahəsində mükəmməllik səviyyəsinin və Aralıq dənizində təhlükəsizlik, sabitlik üçün həyati əhəmiyyət kəsb edən tərəfdaş ölkə ilə əməkdaşlığın gücləndirilməsinin sübutudur”, - deyə İtaliya HHQ bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Liviya   HHQ   İtaliya  


Bizi "telegram"da izləyin