Bunun nəyi ifadə edəcəyi hələlik aydın deyil, çünki Fransa, Avropa mobilizasiyasını təşkil etmək üçün bir neçə onlarla ölkəni ortaq bir məxrəcə gətirməlidir. Bu ölkələr ümumi maraqlara və yanaşmalara malikdir, lakin ABŞ ilə münasibətlərdə ciddi fikir ayrılıqları da mövcuddur.
Fransa prezidentinin mesajının əsas məqamlarından biri Avropanın ABŞ-dən müstəqil olmasının vacibliyi idi. “Avropanın taleyi Vaşinqtonda və Moskvada müəyyən edilməməlidir”, - deyə Makron vurğuladı. Lakin əsas sual budur ki, Avropanın taleyi harada müəyyən edilməlidir? Bu, Avropa qarşısında duran əsas məsələdir. Fransanın bu suala cavabı varmı, yoxsa sadəcə bir prosesə başlayır və zamanla cavab formalaşacaq? Bəlkə də ən vacib olan elə bu prosesin başlanmasıdır.
Makron Fransanın nüvə silahını mobilizasiya resursu kimi nəzərdən keçirir və Parisin Avropa tərəfdaşları ilə nüvə qalxanı məsələsini müzakirə etməyə hazır olduğunu bəyan edir. Görünür, Fransa prezidenti yeni dünya düzəninin formalaşması prosesində Fransanın rolunu və mövqeyini qorumaq üçün aktiv bir prosesin başlandığını elan edir.
Bu, Avropa münasibətlərində və Fransanın xarici siyasətində, o cümlədən Avropaya yaxın bölgələrdə nə kimi dəyişikliklər gətirəcək? Burada Parisin Avropa təhlükəsizliyi və subyektivliyi ilə bağlı elan etdiyi təşəbbüsdə Türkiyə ilə necə bir yol getməyi planlaşdırır? Türkiyə prezidenti Avropa İttifaqına üzv olmağı strateji məqsəd kimi bəyan edir və Avropa təhlükəsizliyinin Türkiyəsiz mümkün olmadığını vurğulayır. Makron son aylarda tez-tez əlaqədə olduğu bir şəxs kimi Ərdoğanla razıdır?
Asif Cəfərov
Ordu.az