“Sem dayı” Transatlantik alyansın gələcəyindən imtina edir? – BAXIŞ BUCAĞI

2025/03/1741248595.jpg
Oxunub: 523     15:08     06 Mart 2025    
Rusiya prezidenti Vladimir Putin 2007-ci ildə Münxen Təhlükəsizlik Konfransında (MSC) etdiyi çıxışda Rusiyanın ABŞ və Avropaya münasibətini yeniləyəcəyini açıqlamışdı. Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsi ilə bir çoxları bunu Putinin 2007-ci ildə Münhendəki çıxışında ifadə edildiyi kimi, ozamankı niyyətlərinin bariz göstəricisi kimi gördü.

Bu ilki Münxen Təhlükəsizlik Konfransı oxşar dönüş nöqtəsi ola bilər, lakin bu dəfə xəbərdarlıq zəngləri Atlantik okeanının o tayından çalınır. ABŞ-nin vitse-prezidenti Cey Di Vens ABŞ rəsmisinin son illərdə Avropaya ünvanladığı ən sərt bəyanatlardan birini etdi. Vens Rusiya və ya Çindən gələn təhdidlərə toxunmaq əvəzinə, Avropa İttifaqını (Aİ) və milli hökumətləri senzurada və qeyri-qanuni immiqrasiya kimi məsələlərlə bağlı ictimai tələblərə məhəl qoymamaqda ittiham edərək, Avropanın “daxili təhlükə” ilə üzləşdiyini iddia etdi.

Münxendəki konfransda iştirak etməsələr də, ABŞ prezidenti Donald Tramp Putinlə telefon danışığı apararaq, Rusiya-Ukrayna müharibəsində sülh razılaşması üçün ABŞ və Rusiya arasında danışıqların əsasını qoydu. Üstəlik, bu danışıqlarda avropalı həmkarlar olmadığı halda, konfransdan bir gün əvvəl ABŞ-nin müdafiə naziri Pit Heqset bu razılaşmadan gözlənilən bəzi şərtləri açıqladı. Müvafiq olaraq, Ukrayna NATO-ya üzvlük ərizəsindən imtina etməli, Avropa ölkələri razılaşmanın həyata keçirilməsi üçün öz qüvvələrini göndərməli və bu qüvvələr NATO-nun 5-ci maddəsində nəzərdə tutulan təminatlara daxil edilməməli idi.

Tramp vəzifəyə gəldikdən sonra Avropa ölkələri də daxil olmaqla, dünyanın bir çox ölkəsinə əlavə tariflər vəd edib və tətbiq edib. O, həmçinin müttəfiqləri olan Kanada və Danimarkanın ərazilərini ilhaq etməklə hədələyib. Normalda Münxen Təhlükəsizlik Konfransı ABŞ-nin NATO-ya sadiqliyini təkrarlamaq üçün platformadır. Lakin bu il ABŞ-nin NATO-dan uzaqlaşdığı və hətta Avropaya qarşı açıq diplomatik hücuma başladığı prosesin başlanğıcı kimi görünür.

Avropaya doğru hərəkət

Vensin çıxışı və buna verilən reaksiyalar Münxendəki müzakirələrə damğasını vurdu. Konfransın mövzusu “çoxtərəflilik” olsa da, hər kəsi düşündürən əsl sual bu idi: Tramp ikinci müddətində Avropaya necə yanaşacaq?

Konfrans öncəsi hesabatda deyildiyi kimi, “Trampın qələbəsi ABŞ-nin Soyuq müharibədən sonrakı xarici siyasət doktrinasını (liberal qlobalizmin ABŞ maraqlarına ən yaxşı şəkildə xidmət edəcəyi fikrini) dəfn etdi”. Konfransda bu doktrinanın sonu açıq-aydın göründü. Vensin çıxışında ortaq dəyərlərə üstüörtülü istinadlar olsa da, Avropa-Şimali Amerika ittifaqı və ya ümumi təhlükələr qarşısında necə birlikdə hərəkət etmək barədə heç bir söz açılmayıb.

Vensin Aİ əleyhinə olan partiyalara dəstəyini açıq şəkildə ifadə etdiyi çıxışı Almaniyada federal seçkilərə cəmi bir həftə qalmış olduğu üçün də tənqidlərə səbəb olub. Vens, həmçinin hökumətlərin qərəzli olmamalı olduğunu müdafiə edib. Bu ifadə indiyədək koalisiyalardan kənarlaşdırılan ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasına açıq istinad kimi qəbul edilib. Çıxışdan sonra Vens “AfD” lideri ilə görüşüb.

Vens Rumıniyanın 2024-cü il seçkilərini ləğv etməsini tənqid edib və Aİ-ni ifadə azadlığına senzura tətbiq etməkdə ittiham edib. Lakin o, Tramp ilə birlikdə hakimiyyətə gəlmələrinə səbəb olan noyabr seçkilərinə Rusiya, Çin və İranın ciddi xarici müdaxilələr etdiyinə dair öz iddialarını görməzdən gəlib. ABŞ institutları bu cür müdaxilələrə qarşı ictimai məlumatlılığın artırılması, media ilə koordinasiya və siyasəti mübarizədən kənarda saxlama kimi aktiv tədbirlər görüb, lakin Vensin ritorikası Aİ-nin xarici müdaxilə potensialına qarşı ehtiyat tədbirləri görmək hüququna məhəl qoymur.

Bütün bu müzakirələr MSC-nin mərkəzi mövzusuna - təhlükəsizlik və müdafiəyə birbaşa toxunmasa da, Vensin çıxışı fonunda diqqəti cəlb etdi. Vens bir neçə ay əvvəl İlon Maskın texnologiya şirkətlərinin Aİ tərəfindən tənzimlənməməsi lazım olduğunu söylədi və Avropanın hərəkətə keçməyəcəyi təqdirdə ABŞ-nin cavab olaraq NATO qarşısında təhlükəsizlik öhdəliklərini azaltmağı təklif etdi.

Bu onu deməyə əsas verir ki, ABŞ-nin təhlükəsizlik zəmanətləri başqa məsələlərdə sövdələşmə vasitəsi kimi istifadə edilə bilər.

Aİ necə cavab verəcək?

Vensin MSC-dəki çıxışı ABŞ-Avropa münasibətlərində yeni dövrü qeyd edir. Mövzular yeni olmasa da (Tramp əvvəldən NATO-dan uzaq idi və Avropanın ən sağ tərəfinə yaxın idi), diskursdakı dəyişikliyin əhatə dairəsini nəzərdən qaçırmaq olmaz. Ukrayna prezidenti Volodimir Zelenski Vensin çıxışından bir gün sonra Münhendəki çıxışında vəziyyəti aydın şəkildə ifadə etdi: “Amerikanın Avropanı təhdid edən məsələlərdə yardıma “yox” deməsi ehtimalını nəzərdən qaçıra bilmərik”.

Avropa liderlərinin cavabı indiyədək sərt olub. Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen üzv dövlətlərə müdafiə xərclərini artırmağa imkan verən Aİ sazişinin imzalanmasını təklif edib. Fransa prezidenti Emmanuel Makron Ukrayna ilə bağlı danışıqlarda ümumi mövqe müəyyənləşdirmək və Avropanın ABŞ-nin təhlükəsizlik zəmanətlərini necə əvəz edə biləcəyini müzakirə etmək üçün Avropa liderlərini Parisdəki sammitə dəvət etdi.

Lakin ən böyük problem bu qəzəbi mənalı hərəkətə çevirmək olacaq. Avropalılar uzun müddətdir ki, öz təhlükəsizlikləri üçün məsuliyyəti öz üzərlərinə götürmək çağırışlarına məhəl qoymurlar. Yüksək xərc tələbləri, daxili siyasi maneələr və “Sem dayı”nın (ABŞ-nin dünyada qəbul edilmiş qeyri-rəsmi simvolu) onların təhlükəsizliyini təmin edəcəyinə dair davamlı inam məsuliyyəti öz üzərinə götürmək ehtiyacını əngəllədi. Yəni bu dəfə həqiqətən fərqli addım atacaqlarmı?

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin