Lavrovun şərhlərini daha açıq şəkildə “RİA Novosti” dövlət agentliyinin şərhçisi təqdim edib. Onun fikrincə, Rusiya Odessada ingilis-fransız qüvvələrinin yerləşdirilməsinə icazə verməyəcək. Müəllif hesab edir ki, Ukraynada Avropa sülhməramlılarının yerləşdirilməsi faktiki olaraq NATO-nun bu ölkəyə inteqrasiyası deməkdir. O vurğulayır ki, Avropa ABŞ ilə yeni münasibətlərin qurulması kontekstində sərhədində güclü və heç nəyi unutmayan Rusiyanın varlığını qəbul etməli olacaq.
Məlum olduğu kimi, Lavrov Ukraynada orduların mövcud cəbhə xətti üzrə yerləşdirilərək, atəşkəsin bərqərar edilməsi ideyasını kəskin şəkildə rədd edib və çoxmənalı şəkildə Rusiyanın konstitusiyasının olduğunu bildirib. Bu, əslində, Ukraynanın ordularının Rusiyanın konstitusiyası ilə təsdiq edilən bütün ərazilərdən çıxarılmasını tələb edir.
Lavrovun bu bəyanatına ABŞ dövlət katibi Rubio diplomatik cəhətdən təmkinli, lakin alt mətni ilə kifayət qədər xəbərdaredici ifadə ilə cavab verib: “Biz Rusiyanın müharibəni dayandırma məsələsində nə qədər səmimi olduğunu müəyyən etməliyik”. Bununla yanaşı, ABŞ prezidenti Rusiyanın danışıqların ikinci mərhələsinin fevralın 25-də başlayacağını elan etdikdən sonra, fevralın 27-də İstanbulda Rusiya və ABŞ diplomatlarının qarşılıqlı əlaqələrinin bərpası məsələsinə baxılacağını bildirib. Vladimir Putinin mətbuat katibi Peskov əvvəlki günlərdə Rusiya və ABŞ prezidentlərinin yeni telefon danışığının hələ planlaşdırılmadığını qeyd edib.
Beləliklə, Lavrov-Rubio danışıqlarının son dərəcə çətin olduğu qənaətinə gəlmək mümkündür. “Tramp və Putin dünyanı bölüşəcək, hər şey öz yerində olacaq” fikri reallıqla heç bir əlaqəsi olmayan bir təsəvvürdür. Rusiya-Amerika danışıqlarının uğuru və ya effektivliyi barədə nəticələr çıxarmaq yalnız o halda mümkün olardı ki, Tramp-Putin telefon danışığından sonra Ukrayna cəbhəsində atəşkəs təmin olunsun və döyüş əməliyyatlarının intensivliyi azalsın.
Tərəflər belə bir razılığa gələ bilməyib. ABŞ prezidentinin son günlərdəki bəyanatları ziddiyyətlidir. Bir tərəfdən, o, Avropanı öz imkanları ilə təhlükəsizlik məsələlərini həll etməyə yönəldir, digər tərəfdən isə Ukraynada Avropa sülhməramlılarının yerləşdirilməsini dəstəkləyir. Eyni zamanda, “üçüncü tərəfdən” Ukrayna ilə nadir metallarla bağlı müqavilə imzalamağa hazırlaşır.
Belə təəssürat yaranır ki, ABŞ və Rusiya prezidentləri proses başlatmır, əksinə, “öncədən hazırlanmış ssenari üzrə hərəkət edirlər”. Bunun mənası isə beynəlxalq siyasətdə Avropa İttifaqının subyektliyinin istisna edilməsidir. Danışıqlar Rusiyaya Ukraynanın dövlət suverenliyindən məhrum olduğunu, yəni razılaşan tərəf deyil, razılaşmaların obyekti olduğunu legitimləşdirməyə imkan verir. Bu, həmin ölkənin ərazisində vəziyyətin daha da gərginləşməsinə və eyni zamanda Avropada qeyri-müəyyənliyin, müdafiəsizlik hissinin artmasına səbəb olur.
“RİA Novosti” şərhçisinin Avropaya Rusiyanın “heç nəyi unutmaması” barədə xatırlatması artıq ciddi bir xəbərdarlıqdır. Lakin ABŞ prezidentinin layihəsinin nə dərəcədə təmin ediləcəyi sual altındadır. Yəni, Rusiya-ABŞ razılaşması fundamental xarakter daşıyır, yoxsa müvəqqətidir? Vladimir Putinin 4 il müddəti varmı, yoxsa ABŞ-nin növbəti administrasiyası da Avropa İttifaqını onun istəklərinə “təslim edəcək”?
Asif Cəfərov
Ordu.az