Türkiyənin HHM sistemi “Polad Günbəz”də hansı silahlar olacaq? – ARAŞDIRMA (VİDEO+FOTOLAR)

2024/12/1734765581.jpg
Oxunub: 4151     16:28     07 Yanvar 2025    
Türkiyənin müdafiə sənayesi bütün diqqətini qabaqcıl texnologiyalarla təchiz edilmiş yeni layihəyə yönəldib: “Polad Günbəz” (Çelik Kubbe).

Bu hərtərəfli Hava Hücumundan Müdafiə (HHM) sistemi Türkiyənin səmada təhlükəsizlik perimetrini daha da gücləndirməyi hədəfləyir. “Sistemlər sistemi” adlandırılan “Polad Günbəz” müxtəlif növ və gücdəki yerli silahları birləşdirərək,Türkiyənin HHM qabiliyyətini maksimuma çatdırmağı hədəfləyir.

Türkiyənin sağqalma qabiliyyəti üçün vacib olan bu sistemdə bir çox yerli müdafiə sənayesi şirkəti də iştirak edəcək. “Polad Günbəz” Layihəsi üçün ASELSAN, ROKETSAN, TÜBİTAK SAGE və MKE şirkətləri ilə əməkdaşlıq ediləcək. “Polad Günbəz” ilə Türkiyə təbəqəli HHM sisteminə sahib olacaq və sistem daxilindəki bütün platformalar bir-biri ilə əlaqədə olacaq.

Sistemlər tərəfindən istehsal olunan məlumatlar xüsusi şəbəkə vasitəsilə real vaxt rejimində əməliyyat mərkəzlərinə ötürüləcək. Əldə olunanlar Süni Zəkanın (SZ) dəstəyi ilə keyfiyyətli informasiyaya çevriləcək və qərar qəbuletmə mexanizmlərinin səmərəliliyini artıracaq. Bəs Türkiyənin “Polad Günbəzi”ndə hansı silahlardan istifadə ediləcək?

ASELSAN


ASELSAN tərəfindən hazırlanan müxtəlif HHM sistemləri “Polad Günbəz” Layihəsində mühüm rol oynayacaq. Bunlara “Korkut”, “Hisar-A+”, “Gökdemir”, “Göker”, “Gökberk”, “Hisar-O+” və “Siper” sistemləri daxildir. Bu sistemlər həm aşağı, həm də orta hündürlüklərdə hava təhlükələrinə qarşı hərtərəfli müdafiəni təmin etmək üçün istifadə olunacaq.


Məsələn, “Korkut” sistemi mexanikləşdirilmiş qoşunların hərəkətdə olarkən effektiv HHM-ni təmin etmək üçün nəzərdə tutulub. “Hisar-A+” və “Hisar-O+” sistemləri aşağı və orta hündürlükdə olan hava təhlükələrinə qarşı müdafiə edir. “Gökdemir” buraxılış sistemi quru əsaslı HHM üçün hazırlanan milli “hava-hava” raketləri ilə uyğun şəkildə işləyir. “Göker” sistemi sabit obyektlərin və sərhəd ərazilərinin mühafizəsi üçün nəzərdə tutulmuş bir həll təklif edir.

“Gökberk” mobil lazer silah sistemi radar, elektro-optik sensorlar və radiotezlik qarışdırıcıları ilə dəstəklənərək hazırlanıb və yüksək texnologiyalı təhlükələrə qarşı effektiv müdafiəni təmin edir. “Siper” uzun mənzilli regional hava və raket hücumundan müdafiə sistemi olaraq düşmənin hava təhdidlərinə qarşı çəkindirici rol oynayır. Türkiyənin ən uzun mənzilli radar sistemi ASELSAN “Alp” 300-G və digər “Alp” erkən xəbərdarlıq sistemləri də şəbəkənin bir hissəsi olacaq.

ROKETSAN

ROKETSAN da “Polad Günbəz” Layihəsində mühüm rol oynayacaq. “Alka”, “Burç”, “Sungur”, “Levent” kimi sistemlər ROKETSAN-ın bu layihəyə təklif etdiyi qabaqcıl texnologiyalardan yalnız bir neçəsini təmsil edir. “Alka” Yönləndirilmiş Enerji Silahları Sistemi elektromaqnit qarışdırma və lazer silahları ilə asimmetrik təhlükələrə qarşı effektiv müdafiəni təmin edir.


Xüsusilə son illərdə mini/mikro Pilotsuz Uçuş Aparatlarının (PUA) geniş yayıldığını nəzərə alsaq, bu sistem çox vacibdir. “Burç” Mobil HHM Sistemi bütün mövcud və gələcək hava təhdidlərinə qarşı dinamik bir həll təklif edir. “Sungur” HHM Raket Sistemi və “Levent” Yaxın HHM Raket Sistemi qısa mənzilli HHM ehtiyacları üçün təkmilləşdirilmiş həllər təklif edəcək. “Sungur” döyüş meydanında və arxa cəbhədə mobil/sabit bölmə və obyektlərin qısa mənzilli HHM-i üçün istifadə olunacaq.

“Levent” dəniz elementləri üçün təhlükə yaradan təyyarələri, helikopterləri, PUA/zərbə PUA-larını, səthə yaxın və ya yüksək hündürlükdə hərəkət edə bilən, səsdən zəif/səsdən yüksək sürətə və aşağı radara görünmə sahəsinə malik idarə olunan raketləri zərərsizləşdirə biləcək. Sistem radioelektron hücumlara davamlıdır və suüstü platformalarda böyük miqdarda idarə olunan raketlərə qarşı fəaliyyət göstərir.

“Hisar”HHM raketləri hərbi bazaları, limanları, obyektləri və birlikləri hava təhdidlərindən qorumaq üçün sabit və fırlanan qanadlı təyyarələrə, qanadlı raketlərə, “hava-yer” raketlərinə və PUA-lara qarşı missiya yerinə yetirəcək. “Siper” Uzun Mənzilli Ərazi Hava və Raket Hücumundan Müdafiə Sistemi uzun mənzilli HHM sisteminin bir hissəsi olaraq, strateji hava məkanı müdafiəsində mühüm rol oynayır.

Platforma “havadan nəfəs alan” hədəf, qanadlı raket və “hava-yer” sursatı hücumlarını məhdudlaşdırmaq, gecikdirmək və zərərsizləşdirməklə, qoşunların sağ qalmasını təmin edəcək.

TÜBİTAK SAGE və MKE-dən innovativ həllər

“Polad Günbəz”in digər mühüm aktorları TÜBİTAK SAGE və MKE-dir. TÜBİTAK SAGE layihəni mühəndislik, prototip istehsalı və sınaq fəaliyyətləri ilə dəstəkləyir. “Gökdoğan” və “Bozdoğan” kimi milli raketlər HHM qabiliyyətini artıracaq mühüm elementlər arasındadır. Bundan əlavə, hərbi xüsusiyyətlərə malik qlobal yerləşdirmə sistemi KAŞİF, KKS Antena və ətalətli ölçmə qurğusu ATLAS kimi radioelektron sistemlər Türkiyənin müdafiəsində fəal rol oynayır. SAGE-nin istehsal etdiyi sistemlərin “Polad Günbəz” Layihəsində istifadəsi planlaşdırılır.

MKE isə Türkiyə Silahlı Qüvvələrinin ehtiyac duyduğu müxtəlif silah, sursat və raket sistemləri hazırlayır. Bu çərçivədə şirkət tərəfindən hazırlanan Yaxın HHM Sistemi və raket sistemləri kimi texnoloji məhsullar ölkənin müdafiəsində qalxan rolunu oynayır. Bu sistemlər “Polad Günbəz” Layihəsinin həyata keçirilməsində mühüm rol oynayacaq.

SZ inteqrasiyası

“Polad Günbəz” Layihəsinin ən diqqət çəkən xüsusiyyətlərindən biri də sistemlərin SZ-nin dəstəyi ilə bir-biri ilə inteqrasiya olunmasıdır. Bütün sensorlar və silah sistemləri ümumi şəbəkə altında real vaxt rejimində məlumat paylaşacaq. Bu sayədə qərar qəbul edənlərə ən yeni və düzgün məlumatlar təqdim olunaraq, tez və təsirli qərarlar qəbul edilə biləcək. Bundan əlavə, sistemin təbəqəli quruluşu sayəsində düşmən elementlər üçün güclü bir maneə təmin ediləcək. Nəticə etibarilə “Polad Günbəz” Layihəsi Türkiyənin HHM qabiliyyətini ən üst səviyyəyə çıxararaq, ölkənin strateji müdafiə gücünü daha da artıracaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHM   Polad-Günbəz  


Bizi "telegram"da izləyin