Belarus Litva sərhədində səfərbərlik təlimlərinə başlayıb

2026/06/vbcvb-1782453897.jpg
Oxunub: 220     10:05     26 İyun 2026    
Belarus Müdafiə Nazirliyi Litva və Polşa ilə həmsərhəd Qrodno vilayətində səfərbərlik hazırlığı çərçivəsində genişmiqyaslı təlimlər keçirir.

Ordu.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin “Telegram” kanalında məlumat yayılıb.

Bildirilib ki, 2026-cı il iyunun 17-dən 26-dək davam edən tədbirlər çərçivəsində çağırışçılar və nəqliyyat vasitələrinin səfərbərlik məsələləri üzrə hazırlıq həyata keçirilir.

İyunun 20-dən iyulun 2-dək isə Aşmyanı rayonundan təxminən 2 min ehtiyatda olan hərbçi qeydiyyat məlumatlarının dəqiqləşdirilməsi üçün hərbi komissarlığa çağırılıb.

Ehtiyatda olan şəxslər hərbi təlimlərə cəlb ediləcəklər. Təlimlər zamanı onların hərbi biliklərini təkmilləşdirmələri, silah və hərbi texnika ilə tanış olmaları, həmçinin təlim rəhbərlərinin qarşıya qoyduğu tapşırıqları yerinə yetirməyi öyrənmələri nəzərdə tutulur.

Bu proses Belarusda nüvə silahından istifadə üzrə kompleks təlimlər, operativ komandanlığın hazırlığı və texnoloji avadanlıqların Rusiya hərbi-sənaye kompleksinə ötürülməsi ilə paralel şəkildə həyata keçirilir.

Məlumata görə, səfərbərlik tədbirləri Rusiyanın Belarusu müharibəyə cəlb etmək və Ukraynanın şimalında yeni cəbhə açmaq istiqamətində bu il başladığı təzyiq kampaniyası ilə əlaqəli ola bilər.

Bildirilir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov arasında müzakirə olunan məsələlərdən biri də NATO ölkələrinə qarşı mümkün əməliyyatlarla bağlıdır.

Belarusun Birləşmiş Keçid Kabinetinin nümayəndələri də bu prosesi təsdiqləyərək Ukrayna Xarici İşlər Nazirliyinə Lukaşenko hakimiyyətinin ölkəni sistemli şəkildə mümkün müharibəyə hazırladığı barədə ətraflı hesabat təqdim ediblər.

Qeyd olunur ki, 2026-cı ilin may ayında Ukrayna Təhlükəsizlik Xidməti, Ukrayna Silahlı Qüvvələri, Milli Polis, Milli Qvardiya və Dövlət Sərhəd Xidməti Belarus sərhədində genişmiqyaslı təhlükəsizlik tədbirləri həyata keçirib.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski Belarus ərazisindən mümkün hücum təhlükəsi fonunda yeni briqadaların formalaşdırılması ilə bağlı açıqlama verib.

Həmçinin Belarusun nüvə qüvvələrinin təlimləri çərçivəsində Rusiyanın “İskəndər-M” raket komplekslərinin nüvə döyüş başlıqlarının yerləşdirilməsinin gərginliyin artmasına və yeni cəbhənin açılması riskinə şərait yaratdığı vurğulanıb.

Məlumata görə, iyunun 22-də Belarus ərazisində Ukraynaya zərbələr endirən uzaqmənzilli PUA-ların idarəetmə stansiyalarında istifadə olunan retranslyatorlar fəaliyyətini dayandırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Litva   Təlim  


Bizi "telegram"da izləyin