Ukrayna cəbhəsində diplomatiya hərbi sahədən önə keçəcək? – ANALİZ

2024/11/1732780807.jpg
Oxunub: 759     14:29     30 Noyabr 2024    
Üç aydan sonra Ukraynada hərbi əməliyyatların üçüncü ili tamam olacaq. Bu müharibə xüsusilə Ukrayna üçün faciəvi nəticələr verməkdə davam edir. Həmin ölkənin bir sıra əraziləri xarabalığa çevrilib, iqtisadiyyat bərbad vəziyyətdədir, ölkə əhalisi müxtəlif hesablamalara görə 10 milyon nəfər azalıb.

Ukraynanın müharibədən əvvəlki vəziyyətə gəlməsi üçün sadəcə onilliklər lazımdır. Bəzi ekspertlər hətta Ukraynanı bərpa etmək üçün 100 il lazım olduğunu deyirlər. Amma Ukraynanın qanaxmasının nə vaxta qədər davam edəcəyi sual altındadır.

Rusiyaya gəlincə, Qərbin gözləntiləri özünü doğrultmadı. Həmin gözləntilər isə bundan ibarət idi ki, sərt sanksiyaların tətbiqindən sonra təzyiqlərə tab gətirə bilməyən Rusiya iqtisadiyyatı sadəcə çökəcək, iqtisadi cəhətdən müharibəni davam etdirə bilməyən Moskva isə Qərbin tələblərini qəbul edərək, Qərb qarşısında diz çökəcək.

Düzdür, Rusiya uzun müddətdir iqtisadi problemlərlə üzləşir, lakin bu ölkə belə iqtisadi transformasiyaları çox tez həyata keçirə bildi və ixracını Asiya bazarına, xüsusən də Çin və Hindistana yönləndirə bildi. Rusiya iqtisadiyyatında vəziyyət bir çox Avropa ölkələrindən yaxşıdır. Rusiya iqtisadiyyatı həm də müharibə zamanı hərbi sənayenin inkişaf etdirilməsi və bu potensialın müharibə bitdikdən sonra silah ixracı üçün istifadə oluna bilməsi ilə güclənir.

Amma bu müharibədə tərəflərin motivasiyasının müxtəlif aspektləri var. Ukrayna müharibəsi Rusiya üçün sivilizasiya əhəmiyyətinə malikdir və müəyyən nöqteyi-nəzərdən yaşamaq uğrunda mübarizədir, çünki Ukrayna NATO-ya üzv olarsa və Rusiya dövləti zəifləsə, bu, Moskvanın mövqelərinin xeyli zəifləməsinə gətirib çıxara bilər. Qərb üçün isə Ukrayna məsələsi yalnız beynəlxalq münasibətlərdə öz üstünlüyünü saxlamaq problemini həll edir.

Amma müharibənin əvvəlindən Ukraynaya hərtərəfli dəstək verməkdə yekdil fikir var idisə, indi vəziyyət dəyişib. Donald Trampın ABŞ prezidenti vəzifəsinə seçilməsi Qərb daxilində mövcud parçalanmaları nümayiş etdirir. Məsələ burasındadır ki, yanvar ayından vəziyyət dəyişəcək, çünki Tramp administrasiyası ölkəyə rəhbərliyi öz üzərinə götürəcək və o, müharibəni dayandıracağına söz verib.

Ümumiyyətlə, hətta kampaniya zamanı Trampın rəhbərliyi ilə respublikaçılar Ukraynaya milyardlarla dollarlıq yardımın əleyhinə olub, vergi ödəyicilərinin ödədiyi pulların öz dövlətləri üçün daha lazımlı istiqamətlərə yönəldilə biləcəyini vurğulayıblar. Aydındır ki, ABŞ birdən-birə Ukraynaya yardımı dayandırsa, o zaman Avropa ciddi problemlərlə üzləşəcək, çünki Avropa ölkələrinin hərbi sənayesi Ukraynaya Kiyevin Rusiyaya müqavimət göstərə biləcəyi qədər yardım göstərə bilmir.

Bayden administrasiyası indi getməzdən əvvəl Ukraynaya ciddi yardım göstərməyə, bəlkə də son iki aydan istifadə etməyə, ola bilsin, Trampın danışıqlar prosesi üçün daha faydalı əsaslar yaratmağa çalışır, lakin yanvardan vəziyyət tamamilə fərqli ola bilər.

Əgər ABŞ-nin yeni administrasiyası Rusiya ilə razılığa gəlmək məsələsində Ukraynaya təzyiq göstərmək üçün Kiyevə dəstək vermək məsələsində siyasətini dəyişsə, o zaman Avropa nə qədər Birləşmiş Ştatların yardımında yaranan boşluğu doldurmaq istəsə də, bacarmayacaq. Buna görə də təsadüfi deyil ki, Avropa liderləri belə bir inkişafın mümkünlüyünü nəzərə alaraq, indidən “tikan üstündə oturublar”, digər tərəfdən isə onlar Tramp administrasiyasının hərəkətlərinin gözlənilməzliyindən narahatdırlar.

Bu variant da istisna deyil ki, ABŞ, Rusiya və Ukrayna hansısa həll yoluna gələcək, bunun nəticəsində maraqları Ukrayna məsələsindən çox təsirlənən Avropa oyundan kənarda qala bilər. Buna görə də Avropa ölkələrinin rəhbərləri Rusiya prezidenti ilə əlaqə saxlamağa, müəyyən dəqiqləşdirmələr etməyə və hələ də prosesdə olduqlarını göstərməyə çalışırlar.

Təsadüfi deyil ki, 2 illik fasilədən sonra Almaniya kansleri Olaf Şolts Vladimir Putinlə telefon danışığı aparıb və Ukraynada davam edən müharibəni müzakirə edib. Lakin tənqidçilər, o cümlədən Ukrayna prezidenti Volodimir Zelenski bu zəngi Qərb həmrəyliyinin pozulması adlandırıb, çünki bunun ardınca digər Avropa liderlərinin Rusiya prezidentinə zəngləri ola bilər ki, bu da Rusiyanın təcrid olunmasının yekdilliyini pozur.

Lakin Ukrayna istəsə də, istəməsə də, vəziyyətin diplomatik müstəvidə nizamlanması istiqamətində prosesin başlanması halında, Qərb dövlətləri Rusiyanın mövqeyini sadəcə olaraq nəzərdən qaçıra bilməz. Təsadüfi deyil ki, Putinlə telefon danışığından sonra Şolts Rusiya prezidentinin Ukraynadakı müharibəyə baxışının dəyişmədiyini açıqlayıb.

Lakin diplomatiyanın hərbi sahədən önə keçib-keçməyəcəyini zaman göstərəcək, çünki münaqişəyə cəlb olunan, hərbi eskalasiyanın davam etməsində maraqlı olan qüvvələr var.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ABŞ    


Bizi "telegram"da izləyin