2020-ci il noyabrın 7-dən sonra Şuşa istiqamətində baş verən hadisələr – Ohanyan və Kyaramyan necə qaçdı? Ciddi Suallar

2024/07/1719814486.jpg
Oxunub: 480     11:39     01 İyul 2024    
Ermənistanın “168.am” nəşri 2020-ci il müharibəsi ilə bağlı geniş araşdırma aparır, fərdi epizodlara, əsas detallara diqqət yetirir. Nəşrin budəfəki məqaləsində Ermənistan İstintaq Komitəsinin sədri Argişti Kyaramyanın idarəsinə ünvanlanmış ciddi əhəmiyyətə malik sorğulara toxunulub, Kyaramyanın Qarabağdakı fəaliyyətlərini incələməyə çalışıblar. Məqalədə müharibə zamanı Şuşanın azad edilməsi anında erməni komandirlərin fəaliyyətlərinə dair müxtəlif məlumatlara diqqət yetirilib.

Ordu.az nəşrin məqaləsini olduğu kimi təqdim edir:

“Mayın 27-də “168.am” Ermənistan İstintaq Komitəsinə aşağıdakı suallarla sorğu göndərib:

1. Mayın 22-də Ermənistan parlamentinin “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Xaçatur Sukiasyan parlamentin tribunasından 2020-ci ilin 44 günlük müharibəsi ilə bağlı təhlükəli bəyanatla çıxış edərək iddia edib:

“44 günlük müharibə zamanı insanlar bilərəkdən əsgərlərimizi öldürmək üçün yerlər veriblər. Niyə? Çünki ozamankı hakimiyyət məğlub olsun, hansısa siyasi qüvvələr, insanlar bacarsınlar... Mən orada olmuşam, siz də bilirsiniz ki, sentyabrın 29-da orada olmuşam. Bu, “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) “prezidenti”nin (separatçı-red.) müvafiq bunkeri adlanırdı, orada olan zaman Samvel Babayanı görmüşəm. Babayan bu fikirləri həmin vaxt fəaliyyətdə olan “Qarabağın prezidenti”nə deyib. Samvel Babayanı yəqin ki, ilk dəfə o vaxt görmüşəm və tanış olmuşam. Mən gördüklərimi çox düzgün şəkildə deyirəm”.

Müvafiq olaraq,

- İstintaq Komitəsi iqtidar deputatından əsaslandırma tələb etməyə və buna uyğun olaraq tədbirlər görməyə hazırlaşırmı, yəni hər hansı hüquqi prosedur tətbiq oluna bilərmi?

- Xaçatur Sukiasyan 2020-ci il ərzində “Qarabağ təhlükəsizlik şurasının katibi” Samvel Babayana istinad edir, ona görə də İstintaq Komitəsinin onu dindirməyə çağırması mümkündürmü?

2. 44 günlük müharibə ilə bağlı cinayət işləri çərçivəsində əsgərlərin, zabitlərin, komandirlərin sui-qəsd nəticəsində rəqibin hədəfinə düşməsi halları olubmu və ya belə hallar aşkarlanıbmı?

3. 2024-cü ilin fevralında keçirilən kollegiya iclasında Ermənistan İstintaq Komitəsinin sədri Argişti Kyaramyan 44 günlük müharibə kontekstində cinayət işlərinə toxunaraq bəyan edib: “Bir istiqamət istisna olmaqla, bütün əsas istiqamətlər üzrə hərbi cinayətlərin istintaqını demək olar ki, başa çatdırmışıq”. Söhbət nədən gedirdi və hazırda bu istiqamətdə araşdırmalar başa çatıbmı?

Yeri gəlmişkən, bununla yanaşı, İstintaq Komitəsinin sədri qeyd edib: “420-dən çox müttəhimin işi məhkəməyə göndərilib. Bununla belə, həmin istiqamətlərdə bəzi xırda məqamlar var ki, onları yoxlamaq lazımdır. Gördüyümüz işləri başa çatdırmaq üçün epizodlar üzrə planlaşdırmaq, görülən işləri təqdim etmək lazımdır və may ayına qədər bu işlər görülməlidir. Biz sübut etməyi bacarmalıyıq ki, hərbi cinayətləri diviziyadan manqaya qədər araşdırmışıq və bu məlumatlara sahibik. Bu, tarixi əhəmiyyətə malik olan bir haldır”.

Söhbət hansı epizodlardan, hansı istiqamətlərdən gedir və bunlar əvvəlcədən qeyd olunmuş vaxt çərçivəsində tamamlanıbmı? Zəhmət olmasa 44 günlük müharibə ilə əlaqəli olan cinayət işləri ilə bağlı təfərrüatları və rəqəmləri təqdim edin.

4. “Müdafiə ordusunun keçmiş komandiri” Mikayel Arzumanyanın adının hallandığı Şuşanın müdafiəsinin düzgün təşkil edilməməsi işi üzrə İstintaq Komitəsinin sədri Argişti Kyaramyan dindirilibmi? Çünki o, müharibə zamanı orada olub və əslində şəhərin əldən çıxmasından 1-2 gün əvvəl (istintaq komissiyasında Paşinyan bildirib ki, noyabrın 7-si günorta Baş Qərargah rəisi Onik Qasparyan ona Şuşanın əldən çıxdığını məruzə edib - “168.am”) bu iş üzrə şahid kimi dindirilən Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanla birlikdə Şuşadan çıxıb.

Yeri gəlmişkən, bu iş məhkəmədədir, amma əslində Mikayel Arzumanyanın işi 2020-ci il noyabrın 7-də başa çatır, Nikol Paşinyan isə İstintaq komissiyasında bildirib ki, noyabrın 7-dən sonra Şuşanın geri qaytarılması ilə bağlı tədbirlər olub. Bu hal araşdırma mövzusu olubmu?

5. 2020-ci ilin 44 günlük müharibəsində nə qədər fərarilik halı aşkar edilib və nə qədər iş başlanıb, eləcə də müharibə zamanı dövlətə xəyanət halları ilə bağlı neçə cinayət işi başlanıb və neçə nəfərlə bağlı başlanıb?

Argişti Kyaramyanın rəhbərlik etdiyi Ermənistan İstintaq Komitəsi sorğumuza və ona daxil olan suallara 1 aydan sonra cavab məktubu göndərib və mühüm suallara, əslində, ya aydın cavablar verilməyib, ya da onların cavabları nəşr olunma mövzusu hesab edilməyib. Və beləliklə,

Samvel Babayan dindirilib

“Vətəndaş Müqaviləsi” partiyasının deputatı Xaçatur Sukiasyanın parlamentdə səsləndirdiyi bəyanata və bu kontekstdə Samvel Babayanla bağlı sorğumuza cavab olaraq İstintaq Komitəsindən bildiriblər: “27.05.2024-cü il tarixində Ermənistan İstintaq Komitəsinin sədrinə ünvanladığınız sorğuya cavab olaraq bildiririk ki, Ermənistan İstintaq Komitəsinin apardığı silsilə proseslər çərçivəsində Samvel Babayan məhkəmə şahidi qismində dindirilib”.

“44 günlük müharibə ilə bağlı cinayət işləri çərçivəsində əsgərlərin, zabitlərin, komandirlərin sui-qəsd nəticəsində rəqibin hədəfinə düşməsi halları olubmu və ya belə hallar aşkarlanıbmı?” sualına cavab olaraq Ermənistan İstintaq Komitəsindən bildiriblər ki, 2020-ci ilin 44 günlük müharibəsi ilə bağlı icraatlar çərçivəsində bir sıra hallar araşdırma obyektinə çevrilib.

Şuşanın əldən çıxması üzrə Argişti Kyaramyan dindirilməyib

“Müdafiə ordusunun keçmiş komandiri” Mikayel Arzumanyanın işinin Şuşa ilə bağlı epizodu, Argişti Kyaramyanın bu iş üzrə dindirilib-dindirilməməsi və noyabrın 7-də şəhərin əldən çıxmasından sonra Nikol Paşinyanın Şuşanı geri qaytarmaq göstərişi, habelə müəyyən dərəcədə hərbi epizodların istiqamətləri barədə suallarımıza İstintaq Komitəsi aşağıdakı cavabı verib:

“44 günlük müharibə zamanı baş vermiş hərbi əməliyyatların bütün istiqamətləri, o cümlədən 2020-ci il noyabrın 7-dən sonra Şuşa istiqamətində baş vermiş hadisələr hakimiyyətin hərəkətsizliyi, xidmətə qarşı səhlənkar münasibət göstərmək, hərbi xidmətin ayrı-ayrı öhdəliklərinin yerinə yetirilməsindən imtina etmək, hərbi xidmətin yerinə yetirilməsi qaydasına qarşı yönəlmiş zahirən başqa cinayətlərin törədilməsi halları Ermənistan İstintaq Komitəsinin Hərbi istintaq baş idarəsinin xüsusilə vacib işlərin istintaqı idarəsində həyata keçirilən cinayət işləri çərçivəsində istintaq obyektinə çevrilib. Ermənistan İstintaq Komitəsinin sədri Argişti Kyaramyan 2020-ci ilin 44 günlük aqressiv müharibəsi zamanı elan edilmiş hərbi vəziyyət şəraitində törədilmiş, hərbi qaydaya qarşı yönəlmiş, eləcə də hərbi əməliyyatlarla bağlı olan digər cinayətlərlə əlaqədar cinayət işləri çərçivəsində dindirilməyib”.

Digər suallarımıza cavab olaraq Ermənistan İstintaq Komitəsi qeyd edib ki, Ermənistan Cinayət-Prosessual Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin və “İnformasiya azadlığı haqqında” Ermənistan qanununun 8-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin müddəalarını əsas qəbul edərək, məlumatın verilməsi mümkün deyil, çünki nəşr olunma mövzusu olmayan ilkin istintaq məlumatlarını ehtiva edir.

Biz isə Mikayel Arzumanyan işi üzrə Şuşanın müdafiəsi epizodu və Argişti Kyaramyanın 44 günlük müharibədə iştirakı ilə bağlı bir neçə xatırlatma edək. Birincisi, Mikayel Arzumanyana qarşı cinayət işində Şuşanın müdafiəsi ilə bağlı ittiham əslində noyabrın 7-də başa çatır.

“General-leytenant M.A. Şuşa şəhəri və ətraf ərazilərin müdafiəsinin təşkili zamanı öz xidməti öhdəliklərinə qarşı səhlənkar münasibət göstərib, onları yerinə yetirməyib və lazımınca yerinə yetirməyib, bu cür hərəkətlər səhlənkarlıqdan ağır nəticələrə səbəb olub.

Xüsusilə, 2020-ci il noyabrın 2-si günorta rəqibin bölükləri sağ qanaddan özlərinə məxsus “N” saylı bölüyün şəxsi heyətindən yan keçiblər (bölük komandirinin M.A.-ya müdafiə xəttinin sağ tərəfini saxlamamaq, sonra isə həmin ərazidə rəqibin bölüklərinin yan keçməsi haqqında məruzə etməsinə baxmayaraq), Sığnaq kəndindən Nəbilər və Zarıslı adlanan ərazilər istiqamətində, Şuşa şəhəri və Turşsu yaşayış məntəqəsi arasındakı boşluq istiqamətində hərəkət ediblər, bundan sonra noyabrın 4-də saat 02:00 radələrində Şuşa-Turşsu avtomobil yolunun Nəbilər və Zarıslı adlanan hissələrində avtomobil yolunu keçiblər, İsa bulağı adlanan ərazinin dərə və yüksəklikləri istiqamətində keçiblər, yüksəkliyi ələ keçiriblər, qüvvələrini toplayıblar və Şuşa şəhərinə doğru irəliləməni inkişaf etdiriblər.

Daha sonra Şuşa-Daşaltı kəsişməsində yerləşən öz bölmələrindən yan keçiblər və noyabrın 5-i axşam saatlarında Şuşa-Xankəndi avtomobil yolunda yerləşən yanacaqdoldurma məntəqəsinin kəsişməsinin yaxınlığından Şuşa şəhərinə daxil olublar, noyabrın 7-dən Şuşa şəhəri və ətraf əraziləri tam nəzarətə götürüblər, özlərinin bölmələrini yanlış zamanda tətbiq etmək nəticəsində qurbanlar və yaralılar veriblər”, - deyə İstintaq Komitəsinin yaydığı açıqlamada qeyd olunur.

İkincisi, noyabrın 5-də komanda məntəqəsi müxtəlif tərəfdən mühasirəyə alınarkən ordu komandanlığı, Seyran Ohanyanın “168.am”a verdiyi məlumata görə, artıq Şuşa daxilində daha dolğun döyüş əməliyyatı aparmaq üçün komanda məntəqəsini köçürmək qərarına gəlib. Həm o, həm də Argişti Kyaramyan noyabrın 5-6-da səhər saat 5:30-da komanda məntəqəsinin şəxsi heyəti ilə Şuşa şəhərini tərk ediblər. Ayın 7-də isə silahlanma ilə bağlı bəzi məsələləri həll etmək üçün İrəvana yola düşüblər.

Yeri gəlmişkən, daha sonra öz növbəsində Samvel Babayan KİV-lərdən birinə bildirib: “Mən “Qarabağ prezidenti”nin xahişi ilə noyabrın 6-da Qarabağdan gəlmişəm. Burada “nayomnik”lərlə məşğul olan bir rus şirkəti ilə danışıqlar aparmışam. Ayın 6-da məni danışıqlar üçün bura göndərirlər, “nayomnik”in burdan getməsi üçün danışıq aparmağa gəlirəm və siz ayın 9-da akta imza atırsınız”.

Bu məsələlər araşdırılıbmı və noyabrın 7-dən sonra Paşinyanın Şuşanı geri qaytarmaq əmri insan və hərbi, hərbi-texniki resurs problemi ola bilərdi, ola bilməzdisə, niyə əks-hücum əməliyyatları uğursuz olub?

Üçüncüsü, “168.am” yazmışdı ki, Şuşa istiqamətinin komandiri-koordinatoru Argişti Kyaramyanın müşavir təyin edilib. Güman edə bilərikmi ki, 2020-2022-ci illərdə “Qarabağın hərbi komissarı”, 2022-2023-cü illərdə isə “Qarabağın müdafiə nazirinin müavini” olmuş Sergey Arstamyan ən yaxşı halda Şuşa işi üzrə şahid qismində dindirilib?

Dördüncüsü, qeyd edək ki, Argişti Kyaramyan oktyabrın 5-də Milli Təhlükəsizlik Xidmətinin direktoru kimi Qarabağda məşhur əks-hücum əməliyyatının hazırlanmasında və ya onun müzakirəsində iştirak etməyi bacarıb. Bunun uğursuz olmasından sonra o, oktyabrın 8-də vəzifəsindən azad edilib, İrəvanda təhvil-təslimdən sonra yenidən Qarabağa gedib və orada qalıb.

Yeri gəlmişkən, əməliyyatlarının planını özünü ali baş komandan elan edən Nikol Paşinyanın təsdiqlədiyi məşhur əks-hücum epizodu üzrə “müdafiə ordusunun keçmiş komandiri” Cəlal Harutyunyan ittiham edilib, lakin bir müddət sonra Harutyunyan bəraət alıb. Yəni, bu əməliyyata görə cavab verən yoxdur, halbuki, bu, ekspertlərin fikrincə, müharibənin nəticəsinə öz təsirini göstərib.

İstintaq Komitəsinin cavabını ümumiləşdirsək, 44 günlük müharibədəki məğlubiyyətin günahkarı yalnız ordu və hərbçilərdir. Yəni müharibəni dövlət aparsa da, Nikol Paşinyan qanunla hərbi və siyasi qərarlar qəbul edə bilən və qəbul etmiş ali baş komandan kimi günahkar deyil. Yeri gəlmişkən, 2023-cü ilin martında sorğumuza cavab olaraq Ermənistan İstintaq Komitəsi Argişti Kyaramyanın Şuşa işi və məşhur əks-hücum əməliyyatı ilə bağlı dindirilib-dindirilməməsi barədə məlumatı nəşr olunma mövzusu hesab etməyib.

Bir ildən sonra isə bu məlumat faktiki olaraq nəşr olunma mövzusu olub və bizə aydın şəkildə cavab veriblər ki, MTX-nin keçmiş rəhbəri və İstintaq Komitəsinin hazırkı sədri dindirilməyib”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN   Şuşa   İstintaq  


Bizi "telegram"da izləyin