Məlum olub ki, Ermənistanda son illərdə qeydə alınan iqtisadi artım iqtisadi proseslərlə bağlı deyil. İqtisadiyyat artır, amma inkişaf yoxdur. İqtisadiyyatın strukturu bundan yaxşılaşmır. Əksinə, daha da pisləşir.
Məlumata görə, Ermənistanın bir çox mühüm sektorlarında istehsal həcmlərində azalma var. İqtisadi artım əsasən süni artım üzərində qurulur. İqtisadiyyatda, xüsusən də real sektorda nələrin baş verdiyini görmək çətin deyil. Kifayət qədər uzun müddət sənaye tənəzzüldə olub.
İlin sonunda heç bir əsas olmadan birdən-birə artdı. Məlum oldu ki, Ermənistanda artım ilk növbədə bir bölmənin - zərgərlik məmulatlarının hesabınadır. Zərgərlik sahəsində yeni istehsal güclərinin yaradılmasına baxmayaraq, noyabr ayında istehsal həcmləri dərhal artıb. Eyni şey dekabr ayında da baş verib. Bu bir amil sayəsində sənaye tənəzzüldən çıxıb, hətta 4 faizdən çox artım qeydə alıb.
Təbii ki, erməni səlahiyyətlilər buna hər hansı bir izahat verməyiblər. Baxmayaraq ki, bunsuz da əslində heç bir artımın olmadığı aydın idi. Növbəti dəfə süni artımla qarşılaşdıq.
Xaricdən Ermənistana məhsullar gətirdilər, Ermənistanda istehsal olunan məhsullar kimi təqdim etdilər, istehsal göstəricilərinə daxil etdilər, bunların Ermənistanda istehsal olunduğunu göstərdilər, sonra ixrac etdilər. Birdən-birə bir neçə hədəfi vurdular: bir tərəfdən yerli istehsalın həcminin dəfələrlə artdığı, digər tərəfdən idxal və ixrac göstəricilərinin bu qədər artdığı təqdim olundu. Yalnız bir hərəkətlə bir neçə yerdə yüksək artımın imitasiyası yaradıldı.
Bu, Ermənistan iqtisadiyyatının çox təriflənmiş yüksək artımının nəyə əsaslandığını göstərən bir nümunədir. Xarici mühitdən Ermənistan iqtisadiyyatına ötürülən müsbət şoklar zəiflədikcə, onlarla bağlı artım templəri aşağı düşdükcə, Paşinyan hökumətinin də saxtakarlıqları təkmilləşir.
Bu cür üsullarla yəqin ki, Ermənistan yaxın gələcəkdə də “yüksək artım” qeydə alacaq. Bu ilin əvvəlində Ermənistan sənayesində hətta 15-20 faiz artımın şahidi olsanız, təəccüblənməyin. Artım olacaq, amma inkişaf olmayacaq. Son iki ildə olduğu kimi. Yüksək ticarət artımları da bu cür hərəkətlərə əsaslanır. Bunların sayəsində bu, iqtisadi artımın “pioneri”nə çevrilib. Artım strukturunda ticarətin payı 80, bəzən 85 faizə çatır. Bu, əsasən idxal-ixrac olan ticarətə aiddir.
İndi təsəvvür edin, bu olmasaydı, Ermənistanda iqtisadiyyatın real artımı necə olacaqdı və ya ümumiyyətlə olacaqdı, yoxsa olmayacaqdı? Yalnız ilin son iki ayında Ermənistanın qızıl hasilatının aşkar artımı nəticəsində xarici ticarət bir neçə yüz milyon dollar artıb. Buna səbəb həm ixracın, həm də idxalın getdikcə zəifləyən artımının ilin sonunda yenidən aktivləşərək, illik iqtisadi artım göstəricilərinə təsirini saxlaması olub.
Ticarət iqtisadi inkişafın ən böyük komponentidir. Amma bu, Ermənistan iqtisadiyyatının nəticəsi deyil. Ötən gün Beynəlxalq Valyuta Fondunun yüksək səviyyəli iqtisadçılarından biri sosial şəbəkələrdə Ermənistan iqtisadiyyatının keyfiyyətini, xarici ticarətin yüksək artımının səbəblərini bir daha ortaya qoyan qeyd buraxıb.
“Ermənistanın gömrük polisinin uzun və şərəfli tarixində Avropa İttifaqından bu qədər böyük yük axını qeydə alınmayıb, bütün bunların qablaşdırılaraq Moskvaya göndərilməsini demirəm”, - deyə BVF rəsmilərindən biri yazıb.
Təəccüblü deyil ki, Ermənistan iqtisadiyyatının ərzaq məhsulları, içkilər, geyimlər, maşın-avadanlıqlar, mexanizmlər və s. kimi ixrac edilə bilən sahələrində istehsal həcmi azaldıqda, ixrac sürətlə artır. Bu siyahını uzun müddət davam etdirmək olar. Bununla əlaqədar olaraq Ermənistanın emal sənayesi məhsullarının ixracı da azalıb. Söhbət ilk növbədə hazır qida məhsullarının istehsalı və ixracından gedir.
Ermənistanda kənd təsərrüfatında da istehsal həcmi illərlə davam edən tənəzzüldən sonra növbəti dəfə azalıb. Büdcə ayırmalarından danışanda Paşinyan hökuməti və nazirliyi fəxr edir ki, kənd sektorunun maliyyələşdirilməsini astronomik sürətlə artırıblar, çoxlu proqramlar həyata keçirirlər, kənd təsərrüfatına dəstək verirlər, milyardlarla vəsait xərcləyirlər. Ancaq bütün bunların nəticəsi yoxdur.
Ermənistan hər ilin sonunda kənd təsərrüfatının yenidən tənəzzülə uğradığı, istehsal həcminin azaldığı acı reallıqla qarşılaşır. Ötən il də 0,3 faiz azalıb. Azalma ilk baxışda böyük olmaya bilər, lakin Ermənistanın əvvəlki bir neçə ildəki azalmalardan sonra nə ilə üzləşdiyini təsəvvür etmək çətin deyil. Ermənistanda vəziyyət o yerə çatıb ki, ərzaq təhlükəsizliyi ilə bağlı ciddi problemlər mövcuddur.
Aqil Məmmədov
Ordu.az