Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri fransalı anonim rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, Yelisey sarayı Makron və Tramp üçün XIV Lüdovikin iqamətgahında qapalı şam yeməyi təşkil etmək üzərində işləyir. Tədbirin G7 ölkələrinin sammiti ilə eyni vaxta təsadüf etməsi planlaşdırılır.
Nəşrin yazdığına görə, ideya Trampın təmtəraqlı qızıl işləməli interyerlərə marağından istifadə etməklə onun Avropa üçün əsas əhəmiyyət daşıyan məsələlərə, həm Ukraynadakı müharibəyə, həm də İranla bağlı qarşıdurmanın iqtisadi nəticələrinin həllinə diqqətini saxlamaqdır.
Tramp daha əvvəl təsdiqləyib ki, iyunun 15-17-də Fransanın Evian şəhərində keçiriləcək sammitdə iştirak edəcək. Bununla belə, Fransa tərəfi onun tədbiri vaxtından əvvəl tərk etməyəcəyinə əmin olmaq istəyir.
“Politico”nun həmsöhbətlərindən birinin sözlərinə görə, “Trampın gözlənilməzliyini nəzərə alsaq”, Versaldakı şam yeməyi hələ yekun təsdiqlənməyib və Cenevrə gölü sahilində başqa istirahət variantları da nəzərdən keçirilir.
Mənbə bildirib ki, Evian şəhərində qolf meydançası da mövcuddur və müxtəlif ssenarilər mümkündür.
Şam yeməyinin iyunun 17-də keçirilməsi nəzərdə tutulur. Anonim avropalı rəsmi xatırladıb ki, Makron 2017-ci ildə Trampla Eyfel qülləsində də şam yeməyi yeyib.
Sevinc Əliyeva
Ordu.az