ABŞ-nin birbaşa Tehranı hədəfə alması mümkündür? – ANALİZ

2024/02/45235-1708419477.jpg
Oxunub: 516     19:23     22 Fevral 2024    
Bu il iki böyük hücum 2023-cü il oktyabrın 7-də edilən hücumlarla başlayan qaynar qarşıdurmanın bölgəyə sıçrayacağı ehtimalını daha da gücləndirdi.

Bunlardan birincisi yanvarın 4-də İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı Qasım Süleymaninin anım mərasiminə edilən, ən azı 103 nəfərin öldüyü, yüzlərlə insanın yaralandığı hücumdur. İkincisi yenə eyni ayda İrana bağlı şiə milislərinin üzərinə götürdüyü, İordaniyada Suriya və İraq sərhədlərinə yaxın bir bölgədə yerləşən ABŞ bazasına edilən hücumdur.

Bu iki hadisədən sonra ağla gələn ilk sual İranın ABŞ bazalarına niyə hücum etməsidir. Daha əvvəl ABŞ bazalarını vuran İran ən azı 3 ABŞ hərbi qulluqçusunun öldüyü və 25 hərbi qulluqçunun yaralandığı hücuma görə məsuliyyəti öz üzərinə götürməsə də, ABŞ rəsmiləri bildiriblər ki, İranı birbaşa hədəfə alaraq verəcəkləri cavab çoxölçülü, mərhələli və zamanla davamlı ola bilər.

Başqa sözlə, ABŞ birbaşa Tehranı hədəf alan hücumdan daha çox geniş auditoriyaya qarşı çoxsaylı hücumlar, o cümlədən daha geniş kiberhücumlar və ya gizli əməliyyatlar planlaşdırır. Bir çox analitiklər bildirirlər ki, ABŞ-nin İraq və Suriyadakı bazalarına əvvəlki 100-dən çox hücumdan fərqli olaraq, “Tower 22”yə edilən hücumda ilk dəfə ABŞ hərbi qulluqçularının qanı töküldü və əvvəlkilərdə olduğu kimi, vəziyyət idarə olunan münaqişədən çox kənara çıxdı.

ABŞ bazaları niyə vuruldu?

İranın ABŞ bazalarına niyə hücum etdiyinə baxsaq, birinci səbəb enerjidir. Enerji kontekstində İranın hücumlarının əsas məqsədi ABŞ və onun yaxın müttəfiqi İsraili regiondan kənarlaşdırmaq, hətta marginallaşdırmaqdır. Bunun ən parlaq nümunəsi İranın 2023-cü ilin martında Çinin vasitəçiliyi ilə əzəli düşməni və ABŞ-dən ən çox silah alan enerji aktoru Səudiyyə Ərəbistanı ilə bağladığı razılaşmadır.

Bu razılaşma ilə Çin simvolik olaraq da olsa Yaxın Şərqdə diplomatik gücü ilə iki düşmən enerji aktoru arasında razılığa gələ bilən super gücə çevrildi. Digər bir misal isə İranın dəstəklədiyi husilərin Qırmızı dənizdə Qəzzadakı hərbi əməliyyatlara qarşılıq olaraq İsrailə dəstək verən ölkələrin gəmilərinə, xüsusən də ABŞ ticarət gəmilərinə sanki enerji yollarını təhdid edirmiş kimi həyata keçirdikləri hücumlardır.

İran bu hücumlara görə getdikcə ABŞ və Britaniyanın hədəfinə çevrilsə də, husilər vasitəsilə Qəzzadakı hərbi əməliyyatlara cavab verə biləcək bir aktordur. Beləliklə, Tehran öz təsir dairələrini möhkəmləndirsə də, İsrailin regionda, xüsusən də Körfəzdə təsirini gecikdirə bilər.

İran niyə hədəfdədir?

İran da hədəf lövhəsindədir, çünki o, Çinin dəniz enerji yollarına nəzarətində mühüm aktordur. Vaşinqton Tehranı birbaşa vurmaq niyyətində olmadığını bildirsə də, ABŞ-də seçkilər ərəfəsində 3 amerikalı hərbi qulluqçunun öldürülməsi ilə nəticələnən hücum Co Bayden administrasiyasına böyük təzyiq göstərdi. Yəni İran son hücumu ilə ABŞ-nin daxili siyasətindəki qütbləşməni və administrasiyaya təzyiqləri xeyli artırdı.

Ona görə də İranın hücumlarının digər səbəbi şübhəsiz siyasidir. Üçüncü səbəb 2020-ci ildən başlayaraq İranın ABŞ tərəfindən təcrid olunmasıdır. Təkcə Qasım Süleymani və Əbu Mehdi əl-Mühəndisin öldürülməsi ilə deyil, Fəhrizadə kimi şəxsiyyətlərin qətli ilə də İran kəşfiyyatının zəifliyi üzə çıxdı və İranın nüfuzuna xələl gəldi. Eyni zamanda, İsraillə normallaşma prosesini başlatmaqla və İsrail, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Səudiyyə Ərəbistanı arasında yaxınlaşma yolu ilə ozamankı Tramp administrasiyası İranı cənubdan mühasirəyə almağa imkan verdi.

ABŞ necə cavab verir?

Nəticə olaraq ABŞ İrana son hücumdan sonra necə bir cavab verdiyi sualına baxsaq, Vaşinqtonun sözçüsü kimi çıxış edən “Foregn Affairs” kimi jurnal ABŞ-nin Yaxın Şərqdəki hərbi varlığını zamanla geri çəkəcəyi xəbərlərini dərc etsə də, son hadisələr bu xəbəri əsassız edir. ABŞ rəsmilərinin açıqlamalarına və Amerika media orqanlarının xəbərlərinə əsaslanaraq, gələcək proqnozlar vermək yanlış olardı.

ABŞ-də seçkilər nəticəsində iqtidara gələcək hökumətin demokrat və ya respublikaçı olmasından asılı olmayaraq, bölgədə sakitləşdirici deyil, şahin siyasət yürütməsi ehtimalı da nəzərdən qaçırılmamalıdır. Şahin siyasət yürütmək ehtimalının bəzi səbəbləri var. Birincisi, Çinin ABŞ-ni sarsıdacaq gücə çevrilmək üçün sürətlə irəlilədiyi anlayışı artıq ABŞ-də geniş yayılıb. İkincisi İranın Çinin Yaxın Şərqdə və enerji marşrutlarında dominant gücə çevrilməsində rol oynaya biləcək aktor kimi qəbul edilməsidir. Üçüncüsü isə İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlardan sonra İranın artan nüfuzu və Livan, Yəmən və İraqda təsir dairələrini gücləndirmək imkanıdır.

Yuxarıda qeyd edildiyi kimi, ABŞ-nin dövlət katibi Antoni Blinken İrana cavabın çoxşaxəli, mərhələli və uzunmüddətli olacağını bildirsə də, münaqişə mühitinin alovlanması və Livan kimi ölkələrə yayılması Qəzzada hərbi əməliyyatların davam etdiyi bir prosesdə ehtimallar içərisindədir. Bu kontekstdə Çinin böyük müharibənin tərəfi olmayacağı və ABŞ-yə qarşı çıxmayacağı görünsə də, bu o demək deyil ki, Çin dolayısı ilə Rusiyanı, İranı və hətta bəzi Körfəz ölkələrini dəstəkləməyəcək. Bir sözlə, ABŞ və müttəfiqləri, xüsusən də Böyük Britaniya regionda daimi olacaq və onların birbaşa Tehranı hədəf alması mümkündür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tehran  


Bizi "telegram"da izləyin