ABŞ Azərbaycanın sülhlə bağlı təşəbbüslərini qısqanır? – BAXIŞ BUCAĞI

2024/02/1708412202.jpg
Oxunub: 444     11:40     20 Fevral 2024    
ABŞ dövlət katibi ilə Azərbaycan Prezidenti arasında Münhendə aparılan danışıqlardan sonra ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bəyanatla çıxış edib.

Bəyanatın mətnində deyilir ki, ABŞ dövlət katibi Entoni Blinken və Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə olunması üçün birgə səyləri müzakirə ediblər. Vurğulanır ki, dövlət katibi əvvəlki danışıqlara əsaslanaraq, bu səyləri tamamlamaq üçün ABŞ-nin dəstəyini təsdiqləyib.

Blinken həmçinin ikitərəfli münasibətlərin və bu ilin noyabrında Bakıda keçirilməsi planlaşdırılan COP29 konfransına dəstəyin, eləcə də Azərbaycanın beynəlxalq öhdəliklərinə və insan hüquqlarının müdafiəsi öhdəliyinə sadiqliyinin vacibliyini vurğulayıb. Dövlət Departamentinin sözçüsü Blinken-Paşinyan görüşünə də toxunub, görüş zamanı ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, ABŞ-nin Ermənistan və Azərbaycan arasında sabit və ləyaqətli sülh sazişinin əldə edilməsi səylərinə dəstəyi müzakirə olunub.

“Dövlət katibi Blinken Ermənistanın firavan və demokratik gələcəyinə baxış üçün daimi səylərimizi, habelə ABŞ-nin onun suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb”, - deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi sözlərini yekunlaşdırıb. Bir neçə gün əvvəl Azərbaycan Prezidentinin rəsmi saytında Blinken-İlham Əliyev danışıqları ilə bağlı kifayət qədər geniş məlumat dərc edilib, əsasən Prezident İlham Əliyevin fikirləri vurğulanıb.

Bu baxımdan, sanki Dövlət Departamentinin rəsmi bəyanatı Bakıya cavab kimi tərtib edilib. O-Brayenin səfəri üçün İlham Əliyevdən xahiş edən rəsmi Vaşinqton indi danışıqların Azərbaycanın təşəbbüsü ilə həyata keçirilməsinin işıqlandırılmasını həzm edə bilmir. Habelə Dövlət Departamenti əvvəlki razılaşmaları Ermənistan-Azərbaycan razılaşmasının əldə olunması üçün əsas kimi qiymətləndirir və səylərin başa çatdırılması, yəni gələcək danışıqlarda ABŞ-nin iştirakını vurğulayır.

Prezient İlham Əliyev ABŞ dövlət katibinə sərhədlərin delimitasiyası üzrə danışıqların və görüşlərin davam etdirilməsi ilə bağlı Paşinyanla əldə edilmiş müsbət razılığı çatdırıb. Dövlət Departamenti rəsmisinin bəyanatı ABŞ-nin güman edilən danışıqlarda iştirakının olacağını ifadə edir. Blinken-İlham Əliyev danışıqlarından dərhal sonra Azərbaycanın energetika nazirinin Vaşinqtona getdiyi məlum olub.

Qeyd edək ki, ötən ilin sonunda Dövlət Departamenti Azərbaycanla münasibətlərin səviyyəsinə baxışı elan edib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Azərbaycan  


Bizi "telegram"da izləyin