Azərbaycan sərhədində Aİ-nin “kor binokl”ları – ANALİZ

2022/12/1671005776.jpg
Oxunub: 699     14:33     13 Fevral 2024    
Aİ-nin Azərbaycandakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə dəvət olunub və ona Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyətindən narazılıq bildirilib. Azərbaycanın yaydığı məlumatlardan belə qənaətə gəlmək olar ki, Bakı müşahidə missiyasının ilkin razılaşmaları pozmasından narazıdır.

Konkret nə olduğunu söyləmək çətindir, çünki hansı müqavilələrin bağlandığı məlum deyil ki, nəyin pozulduğu ilə bağlı nəticə çıxarmaq mümkün olsun. Bakı qeyd edir ki, missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən “binokl diplomatiyası”nın agentinə çevrildiyi Aİ tərəfinin diqqətinə çatdırılıb. Avropanın müxtəlif diplomatlarının sərhədə gələrək, binokl ilə müşahidə etmələri Bakını əsəbləşdirməyə bilməz, çünki bu müşahidələrin arxasında fərqli məqsədlər dayanır.

Doğrudur, bu və ya digər şəkildə Aİ müşahidə missiyasının özü bu müşahidələri aparmaq üçün tam səlahiyyətlidir, amma onlar bunları yalnız binokl ilə aparmır. Görəsən, Aİ müşahidəçilərinin və ya Ermənistana səfər edən müxtəlif avropalı diplomatların “binokl”ları ötəngünkü erməni təxribatını da görübmü? Axı avropalı müşahidəçilər binokl ilə aparılan və digər müşahidələrini hesabat şəklində Avropa mərkəzinə ötürməlidirlər. Bəs indiyədək niyə həmin missiya bir bəyanat verməyib?

Yeri gəlmişkən, burada ciddi bir məsələyə diqqət yetirmək lazımdır. Təxminən bir həftə əvvəl Çexiya vətəndaşı Ermənistandan ərazilərimizə qanunsuz keçməyə cəhd edərkən hərbçilərimiz tərəfindən saxlanılıb. Onun minalanmış əraziləri necə ustalıqla keçməsi də ciddi suallardandır? Bundan sonra Aİ səfiri Bakıya dəvət edildi və Ermənistandakı missiyadan narazılıq ifadə edildi. Bakı bu barədə Çexiya səfirliyinə məlumat verdi. Daha dəqiq təfərrüatlar, yəni həmin Çexiya vətəndaşının kim olduğu, hansı milliyyətdən olduğu, hansı statusla Ermənistanda olduğu, necə Ermənistanın “diqqətindən yayınaraq” sərhədi keçməyi və Azərbaycan tərəfində peyda olmağı bacardığı, buna qədər Ermənistanda nə ilə məşğul olduğu və bir sıra başqa suallar məlum deyil.

Əlbəttə, Bakının Aİ missiyasından narazılığı yalnız Çexiya vətəndaşının sərhədi keçməsi ilə bağlı deyil, lakin xronologiya ən azından diqqətə layiqdir, suallar isə cavab tələb edir. Eyni zamanda, bu, fevralın 10-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin İlham Əliyevi təbrik etməsi ilə bağlı verdiyi bəyanatla müəyyən ziddiyyət təşkil edir. Mişel İlham Əliyevlə Ermənistan-Azərbaycan prosesini də müzakirə etdiyini və Bakının Brüssel formatında danışıqları bərpa etmək öhdəliyini alqışladığını bildirib.

Bütün bunlara baxmayaraq, cəmi bir neçə gün sonra Azərbaycanın niyə Aİ səfirini çağırdığı və Aİ-nin Ermənistandakı missiyasından şikayətləndiyi ortaya çıxdı. Dünən saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin açılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb.

Bəs Aİ-nin “binokl”ları necə, onlar da qeydə alıblarmı?

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan    


Bizi "telegram"da izləyin