Türkiyənin Milli Texnologiya Həmləsi və transformasiya strategiyaları – ANALİZ

2024/02/1707471413.jpg
Oxunub: 672     17:37     13 Fevral 2024    
Rəqəmsal transformasiya təşkilata rəqəmsal texnologiyaları öz əməliyyatlarına inteqrasiya etməklə, səmərəliliyini artırmağa imkan verən dəyişiklik prosesidir. Bu sahədə qlobal inkişaflar ani qərarlardan tutmuş vərdişlərə, maliyyədən ticarətə, istehsaldan istehlaka qədər həyatın demək olar ki, hər tərəfində fərdlərə və müəssisələrə təsir göstərməyə başlayıb.

Dünyada yeni bir nizam yaratmış bu transformasiya ilə ayaqlaşmaq üçün ilk addım ehtiyacları müəyyən etmək, onları texnologiya ilə təchiz etmək və uyğunlaşmanı təmin etmək olacaq. Bu transformasiya Süni Zəka (SZ), avtonom robotlar, böyük verilənlər və qabaqcıl analitika, bulud texnologiyası, artırılmış və virtual reallıq, əşyaların interneti, əlavə istehsal, yeni nəsil ağıllı sensor texnologiyaları, 3D çap və kibertəhlükəsizlik kimi rəqəmsal texnologiyalar və həllər vasitəsilə sənayedən kənd təsərrüfatına, maliyyədən səhiyyəyə, nəqliyyatdan ictimai xidmətlərə qədər insan həyatının bütün sahələrini dəyişdirir.

Məsələn, son illərdə SZ ilə yaradıcı düşünmə, ideya yaratma, anlama, yeni ixtiralarda aktiv rol alma, dizayn, rutin işləri tez yerinə yetirmə, e-poçt yazma, müştəri xidmətləri köməkçisi kimi fəaliyyətlərdə işçi qüvvəsinə ehtiyac azalıb.

Milli Texnologiya Həmləsinin Rəqəmsal Transformasiya Baxışı

Rəqəmsal transformasiya dövrü olaraq bilinən bu dövrdə sənaye sektoru da əhəmiyyətli dəyişikliklərə məruz qalır. Türkiyədə fərdlər və müəssisələr daxilində rəqəmsallaşma infrastruktur ehtiyaclarının müəyyən edilməsi, bu ehtiyaclara uyğun texnologiyaların qəbulu və tətbiqi, səriştələrin inkişaf etdirilməsi və innovasiyaların təşviq edilməsi kimi addımları əhatə edir. Bu proseslər rəqəmsal transformasiyanı sürətləndirmək, texnoloji inkişafları mənimsəmək və rəqabət üstünlüyü əldə etmək məqsədi daşıyır. Texnoloji inkişaflarda qabaqcıl olmaq üçün böyük addımlar atan Türkiyə sənayenin rəqəmsal transformasiyası ilə bağlı da lazımi addımları atır.

Türkiyədə rəqəmsallaşma və innovasiyaya əsaslanan iqtisadi düzən yaratmaq, bu münasibətlə cəmiyyət daxilində rifahın davamlılığını təmin etmək Milli Texnologiya Həmləsinin hədəfləri arasında yer alır. Türkiyə Sənaye və Texnologiya Nazirliyi tərəfindən bu hədəflər çərçvəsində “Milli Süni Zəka Strategiyası”, “Ağıllı Həyat və Sağlamlıq Məhsul və Texnologiyaları Yol Xəritəsi”, “Hərəkətli Vasitə və Texnologiyalar Yol Xəritəsi” nəşr olunaraq həyata keçirilib və bu sahələrdə rəqəmsal texnologiyalardan istifadəni genişləndirməklə, beynəlxalq rəqabət qabiliyyətinin artırılması hədəflənir.

Sənaye Müəssisələrinin Rəqəmsallaşdırılması

Sənaye müəssisələrinin rəqəmsallaşdırılması prosesləri və tətbiqləri sektor, biznes potensialı, məqsədyönlü məsləhət və insan resursları kimi amillərdən asılı olaraq dəyişsə də, bəzi elementlər hamısı üçün ortaqdır və onları bu transformasiyanın struktur elementləri adlandırmaq olar. Bunları qısaca ümumiləşdirsək, ilk növbədə baxış və yol xəritəsi gəlir. Müəssisələr öz imkan və qabiliyyətlərini nəzərə alaraq, maliyyə imkanları çərçivəsində məqsədlərinə çatmaqda kömək edə biləcək yol xəritəsi yaratmalıdırlar. Həyata keçirilməzdən əvvəl yol xəritəsində əsas vəzifələr və rollar müəyyən edilməli və buna uyğun olaraq insan resurslarının adekvatlığı təmin edilməlidir.

Rəqəmsallaşdırma əməliyyatları həyata keçirilərkən, xüsusilə riskləri müəyyən etmək üçün mümkün qədər tez bir sınaq mühiti yaradılmalı, təşkilatın reaksiyası və rəyi daim izlənməlidir. Bu rəy inteqrasiya ilə bağlı mümkün səhvlərin erkən mərhələdə aşkar edilməsini və aradan qaldırılmasını təmin edəcək. Rəqəmsallaşma zamanı vaxtın idarə edilməsi və planlaşdırılması da çox vacibdir. Müəssisələr istehsal, logistika və təchizat kimi proseslərə yeni texnologiyalar uyğunlaşdırmaqla, tutum və səmərəliliyi artırarkən, mövcud texnologiya və sistemlərinin uyğunlarını saxlamağa davam etməlidirlər.

Davamlı məlumatlara əsaslanan anlayışlar biznesin prioritet fəaliyyətlərini müəyyənləşdirməsini və biznes xətləri arasında sinerji əldə etməyi asanlaşdırır. Buna görə də, müəssisələr öz yol xəritələrinə məlumatların toplanması, məlumatların arxitekturası və idarə olunması ilə bağlı tədbirləri daxil etməlidirlər. Nəhayət, müəssisələr istehsal proseslərində rəqəmsallaşmanı təmin etməklə yanaşı, məhsul təklifi, sifariş qəbulu və çatdırılması, strategiyanın müəyyən edilməsi və müştəri xidməti kimi proseslərdə də rəqəmsallaşmaya uyğunluğu təmin etməlidirlər.

Rəqəmsal Transformasiyada Təşviq və Dəstəklər

Müəssisələrin rəqəmsal transformasiyasına yönəlmiş təşviqlərin rolunun effektiv olması üçün ehtiyaclarına uyğun strukturda olması lazımdır. Türkiyə Sənaye və Texnologiya Nazirliyi müxtəlif həvəsləndirici proqramlar, tədbirlər və təlim infrastrukturu təqdim etməklə, sənayedə rəqəmsal texnologiyaların istifadəsinə və fərdlərin rəqəmsal transformasiyasına öz töhfəsini verir, daha güclü siyasət və proqramlar üçün fəaliyyətini davam etdirir. Bu tədqiqatların nəticəsi olaraq rəqəmsallaşma proqramı həyata keçirilir.

Nazirlik tərəfindən cəmi bir neçə ay əvvəl ictimaiyyətə açıqlanan Rəqəmsal Transformasiyaya Dəstək Proqramı və onun tərkibindəki Rəqəmsal Transformasiya üzrə Ekspertiza Təlim Proqramı xüsusilə sənaye transformasiyası və mütəxəssis kadrların hazırlanmasını hədəfləyir. Milli Texnologiyalar Baş Müdirliyinin təşəbbüsü ilə həyata keçirilən bu proqramla istehsal sənayesində fəaliyyət göstərən müəssisələrin rəqəmsal transformasiya proseslərinə dəstək verilməsi planlaşdırılır.

Proqram hədəfində müəyyənləşdirilmiş sektorlarda fəaliyyət göstərən Kiçik və Orta Ölçüdəki Müəssisələr (KOÖM) və böyük müəssisələr bu proqramdan faydalana biləcək, proqram vasitəsilə rəqəmsal transformasiya səyahətinə yenicə başlamış və ya rəqəmsal yetkinlik səviyyəsinə çatmış müəssisələrin sayının və istehsal etdikləri əlavə dəyərin artırılması, müəssisələrin qlobal bazarda daha rəqabətədavamlı olması, texnologiya tədarükçülərinin milli/beynəlxalq texnologiya şirkətləri ilə əməkdaşlıq edərək məhsul inkişaf etdirmə bilik və səriştələrini təkmilləşdirməsi, cığır açan texnologiya sahələrində fəaliyyət göstərən və uğurlu məhsul/xidmət təklif edən tədarükçülərin sayının artırılması hədəflənir.

Müəssisələr rəqəmsal yetkinlik səviyyələrinə uyğun olaraq yaradılan yol xəritəsini Türkiyə Sənaye və Texnologiya Nazirliyinə təqdim edəcək və qiymətləndirmə nəticəsində məqsədəuyğun hesab edilən investisiyalar prioritet investisiyalar çərçivəsində Təşviq Sənədinə tabe olacaq. 5-ci bölgə dəstək elementləri ilə Türkiyə Sənaye və Texnologiya Nazirliyi həm investisiya, həm də ixtisaslı məşğulluğa yüksək dəstək verəcək. Bundan əlavə, həvəsləndirici sertifikatların verildiyi müəssisələrdə rəqəmsal transformasiya şüurunu və bu sahədə texnika və tətbiqləri artırmaq üçün onlayn təlim dəstləri hazırlanır. Bu 34 saatlıq hərtərəfli təlimlərlə müəssisələr rəqəmsal transformasiya proseslərini mütəxəssis kadrlarla həyata keçirə biləcəklər.

Türkiyənin təcrübələrini və dünyadakı tətbiq nümunələrini nəzərə alsaq, rəqəmsal transformasiyaya nail olmaqda əsas elementin məsləhətçilik olduğu görünür. Sektordakı təcrübəli namizədlərin təcrübələrini sistematik şəkildə (yetkinliyin ölçülməsi, cari vəziyyət, yol xəritəsi), lazım olan ölçüdə müəssisələrə ötürməsi çox vacibdir. Bu namizədlərə sistematik metodun qazandırılması və “məsləhətçi hovuzu”nun yaradılması mühüm addımlar sırasındadır. Bu səbəbdən hər il ictimaiyyət və sektor tərəfindən təşkil edilən hərtərəfli təlimlərlə rəqəmsal transformasiya üzrə məsləhətçilərin sayı artmağa davam edir.

Bundan əlavə, Türkiyə Sənaye və Texnologiya Nazirliyi Rəqəmsal Transformasiyaya Dəstək Proqramı sayəsində rəqəmsal yetkinliyin qiymətləndirilməsi və yol xəritəsi tətbiqlərini ölkənin müəssisələri arasında yaymaqla, hədəf yönümlü investisiyaları artırmağı hədəfləyir. Türkiyə sənayesinin rəqəmsal təkamülü üçün başladılan bu proqramla obyektiv meyarlara əsaslanan milli dünyagörüşü yaradılacaq. Sənaye inkişaf səviyyəsinə görə müəssisələrin cari vəziyyəti və tendensiyaları haqqında məlumat və informasiyaları ehtiva edən bu qiymətləndirmələrin rəqəmsallaşma siyasətinə töhfə verəcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   SZ  


Bizi "telegram"da izləyin