Ermənistan 4-cü respublika ilə işğalçı siyasətdən imtina edəcək?

2024/02/1707387027.jpg
Oxunub: 588     18:21     09 Fevral 2024    
“Dördüncü respublika deyəndə mən xalqın səsi ilə qəbul ediləcək yeni konstitusiyanı nəzərdə tuturam”. Bunu Nikol Paşinyan Ermənistan parlamentində parlament-hökumət sual-cavabında bildirib. Paşinyan ölkəsinin konstitusiya və müstəqillik bəyannaməsi ilə bağlı söhbəti açaraq, xüsusi diqqət və çoxlu etirazlara səbəb olan 4-cü respublikadan da danışıb. Ermənistanda 4-cü respublika “mövzusu” isə heç də indi açılmayıb və ya bu barədə qətiyyən ilk dəfə bu gün danışılmayıb.

Hələ 2017-ci ilin sonunda, Armen Sarkisyan Ermənistan Respublikaçılar Partiyası tərəfindən Ermənistan prezidentliyinə namizəd kimi irəli sürüləndə, Armen Sarkisyan parlament fraksiyaları ilə görüşlərində bu məsələyə toxunub. Üstəlik, bu vurğu daşnaklar tərəfindən də müsbət qarşılanmışdı, o zaman bunu Daşnaksütun fraksiyasının rəhbəri Armen Rüstəmyan jurnalistlərə Armen Sarkisyanla görüş barədə danışarkən demişdi.

Əslində, o zaman 4-cü respublika ideyası o kontekstdə dövriyyəyə qoyulmuşdu ki, 2018-ci ilin aprelindən Ermənistan faktiki olaraq yeni, tam parlament idarəetmə modelinə keçir. Əslində bu, dövlət həyatında əsaslı dəyişiklik olmalı olsa da, sırf formal mənada dəyişiklik idi, çünki bu hal Ermənistanın siyasi həyatına indiyədək əsaslı dəyişiklik gətirməyib. Bu, təbii ki, ayrı söhbətin mövzusudur, amma o zaman da Ermənistanda 4-cü respublika “mövzusu”na toxunulub.

Əlbəttə, sonra bu, bəlkə də anlaşılan səbəbdən, necə deyərlər, şənbə gününün cümə günündən tez gəlməsi nəticəsində söndü. Üstəlik, hələ məlum deyil ki, Ermənistanda inqilab və hakimiyyət dəyişikliyi proqnozlaşdırılsaydı, daşnaklar 4-cü respublika haqqında Armen Sarkisyanın çıxışını alqışlayardımı? İndi faktiki olaraq Paşinyan bəlkə də Ermənistanın hüquqi-siyasi əsası hesab edilən müstəqillik bəyannaməsinə yenidən baxılması halını dövriyyəyə qoyur.

Şübhə yoxdur ki, bu halda Ermənistan tamamilə yeni sistemlə üzləşməlidir. Necə sistem olacağı sualı, habelə niyə Paşinyanın bu danışığı açmaq və bu addımlara getmək qərarına gəldiyi sualları təbii olaraq vacibdir. Bunlarla bağlı çoxları fikirlərini bildirirlər və əlbəttə, Ermənistanın müstəqillik bəyannaməsindən faktiki imtina edəcəyi təqdirdə necə dövlət olacağı ilə bağlı müxtəlif qiymətləndirmələr var.

Lakin şübhə yoxdur ki, bundan sonra SSRİ dağılandan sonrakı işğalçı ideyalara malik dövlət olmamalıdır. Ancaq əsas sual budur ki, Ermənistan hazırkı bəyannamədən imtina edərsə, tam olaraq necə sistem olacaq? Paşinyandan sonra gələn hakimiyyətlər onu tanıyacaqmı?

Əks halda Ermənistan ümumiyyətlə dövlət olmaya bilər, çünki istənilən revanşist hisslərə qapılma və ya bu ambisiyaların həyata keçirilməsi bölgəni geridönməz fəlakətli böhrana sürükləyə bilər. Lakin, eyni zamanda, Ermənistanda 4-cü respublika halında belə bunların artıq mövcud olmayacağına və xəstə erməni ideologiyasının zərərsizləşdiriləcəyinə zəmanət verilmir.

Bu halda bəlkə də Ermənistana yeni respublika yox, siyasi düşüncənin, iradənin, dünyagörüşün, müasir sosial birgəyaşayış mədəniyyətinin və dəyərlər sisteminin keyfiyyətcə yeni səviyyəsi üzərində qurulan sistem lazımdır. Bu, Ermənistanın region ölkələrinə təhlükə törətmədən müəyyən olunmuş yeni hüquqi-siyasi əsaslarla özünü saxlamasına imkan verərdi. Bunun üçün Ermənistana yeni konstitusiyadan əlavə, bu yeni keyfiyyətləri yarada və inkişaf etdirə bilən idarəedici elita və siyasi, iqtisadi sinif lazımdır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   4-cü-respublika  


Bizi "telegram"da izləyin