Sudandakı münaqişələrin anatomiyasından bəzi çıxarışlar – ANALİZ

2024/02/1706775320.jpg
Oxunub: 966     19:15     02 Fevral 2024    
2023-cü ilin aprelində başlayan və altı aydır davam edən münaqişələr Sudanda qeyri-sabitlik mühitini daha da dərinləşdirir.

Sudanda aprel ayında başlayan və 6 aydır davam edən münaqişələr humanitar böhranın şahidi olur. BMT-nin məlumatına görə, ümumilikdə 10 min sudanlı həyatını itirib, 5,6 milyon insan isə didərgin düşüb. Bundan əlavə, daxili və xarici miqrasiya nəticəsində yaşayış yerlərini tərk edən mülki şəxslərin 80%-i ümumiyyətlə Eritreya, Mərkəzi Afrika Respublikası (CAR), Çad, Efiopiya və Cənubi Sudan kimi daha təhlükəli münaqişə nöqtələrinə köçür. Qida və sağlamlıq problemləri hər gün daha da ciddiləşir. İş o yerə çatıb ki, BMT vəba epidemiyası riskini vurğulasa da, münaqişələr nəticəsində dağılmış səhiyyə infrastrukturu, kadr və avadanlıq çatışmazlığı qalan xəstəliklərlə mübarizə üçün yetərli deyil. İqlim böhranı səbəbindən səmərəsiz keçən məhsul mövsümü və münaqişələrin yaratdığı vəziyyət ərzaq məhsullarının qiymətlərinin xeyli artmasına səbəb olub.

Münaqişə tərəflərindən olan Məhəmməd Həmdan Daqalonun (Hemediti) başçılıq etdiyi Çevik Dəstək Qüvvələri (ÇDQ) paytaxt Xartum ərazisinin 70%-nə nəzarət etdiyi halda, Əbdülfəttah əl-Burhanın rəhbərlik etdiyi Sudan ordusu Port Sudandakı mövqelərini gücləndirib. Ancaq Şərqi Sudan-Xartum və Şərqi Sudan-Darfur arasında sıxışan mülki şəxslər təhlükəsizlik, qida və sağlamlıq kimi əsas xidmətləri təmin etməkdə çətinlik çəkirlər.


Münaqişənin infrastrukturu

Əvvəla, tərəflər arasında böhran bir çox münaqişə nöqtələrində dalana doğru irəlilədikcə, ilkin gərgin beynəlxalq maraq laqeydlik və danışıqlar mexanizmlərinin zəifləməsi ilə əvəz olunur. Bununla belə, Sudanı digər münaqişə zonalarından fərqləndirən cəhət odur ki, bu ölkə son 40 ildə müntəzəm olaraq müxtəlif etnik, siyasi və maraq yönümlü qruplar arasında münaqişələrin mərkəzinə çevrilib. Buna görə də ölkə çevrilişlər, çevriliş cəhdləri, vətəndaş müharibəsi və müxtəlif Qeyri-Dövlət Silahlı Aktorlarından (QDSA) qaynaqlanan üsyanlar baxımından Afrikada ən zəngin tarixi olan ölkədir. Bununla belə, Sudandakı bölünmələrin ərəb-afrikalı, müsəlman-xristian-animist və çoban-fermer kimi tarixi axın daxilində bir dövrü var. Qəbilələr fərqli dillərə, kimliklərə üstünlük verir və bu, siyasətə birbaşa təsir göstərir.

Aprel ayında başlayan qarşıdurmaların əsasında yuxarıda qeyd olunan amillərdən başqa Sudan siyasi və hərbi bürokratiyasının iki mütləq aktoruna çevrilmiş əl-Burhan və Hemediti arasında hakimiyyət mübarizəsi dayanır. Buna əsasən demək olar ki, əsas fikir ayrılığı 2022-ci ilin dekabrında ölkənin demokratik keçidinə yol açan siyasi razılaşmadır. Bir az da geriyə getsək, hazırda hakimiyyət uğrunda mübarizə aparan əl-Burhan və Hemediti arasındakı münasibət 30 illik Ömər əl-Bəşir rejimini devirən son hərbi çevrilişdən başlayır.

ÇDQ ozamankı adıyla “Cəncavid” milisləri olaraq Cənubi Sudan üsyançılarına qarşı Darfur müharibəsində əl-Bəşir tərəfindən maliyyələşdirilən hərbiləşdirilmiş bir birləşmədir. Ərəblərin əksəriyyətini təşkil edən “Cəncavid” milis qruplaşması 2005-2013-cü illər arasında törətdiyi çoxsaylı hərbi cinayətlər, zorakılıq və kütləvi qətllər ilə məşhur olan qrup olsa da, 2013-cü ildə əl-Bəşirin dəstəyi ilə Sərhəd Mühafizəsi Qüvvələri kimi rəsmi struktura çatıb.

Cəncavidlər Sudandakı vətəndaş müharibəsi zamanı müxtəlif münaqişə nöqtələrində muzdlu əsgər kimi istifadə ediliblər. Yəmən müharibəsində Səudiyyə Ərəbistanı-BƏƏ koalisiyası və 2019-cu ildə Liviyadakı silahlı qrupların lideri Xəlifə Həftər cəncavidlərdən cəbhə xəttində döyüş ünsürü kimi istifadə edən aktorlardan bəziləridir. Əslində 2019-cu ilə qədər əl-Bəşir rejimini qoruyan ÇDQ 2019-cu il çevriliş cəhdində Sudan ordusunun tərəfinə keçərək, əl-Bəşirin devrilməsində ən mühüm təhlükəsizlik vasitələrindən biri oldu.

Bundan əlavə, bu müddət ərzində Hemediti qızıl mədənlərindən əhəmiyyətli gəlirlər əldə edərək, həm siyasi, həm də iqtisadi nüfuz və təsir sahəsi qazandı. Əl-Bəşirdən sonra qurulan Suverenlik Şurasında əl-Burhan prezident, Hemediti isə vitse-prezident oldu. Baş nazir vəzifəsinə təyin edilən iqtisadçı Abdullah Hamduk 2021-ci ilin oktyabrında çevriliş nəticəsində əl-Burhan-Hemediti koalisiyası tərəfindən həbs edilərək, vəzifəsindən azad edildi.

Ölkənin təhlükəsizlik sektoruna tamamilə hakim olan Burhan-Hemediti koalisiyasının 2022-ci ilin yanvarından (yenidən vəzifəyə təyin olunan Hamdukun istefa verməsi ilə bərabər) etibarən mövcud qarşıdurmaların önünü açan gərgin bir dövrə daxil olduqları söylənilə bilər. Çünki beynəlxalq qurumların təzyiqi ilə Sudandakı siyasi qeyri-müəyyənlik və iqtisadi vəziyyət ictimai etirazlara səbəb olub və Burhan-Hemediti koalisiyasına təzyiqləri artırıb.

Avtoritar nizamın davam etməsi və elementar demokratik tələblərin yerinə yetirilməməsi ictimai etirazların başlanğıc nöqtəsini təşkil edirdi. Bu təzyiqlər nəticəsində 2022-ci ilin dekabrında imzalanan razılaşmada vətəndaş idarəçiliyinə keçid və 2 illik keçid dövründən sonra seçkilərin keçirilməsi nəzərdə tutulurdu. İkili arasında stəkanı daşıran son inkişaf ÇDQ-nin Sudan ordusuna inteqrasiyası ilə bağlı fikir ayrılıqları oldu. Müvafiq olaraq, razılaşmanın zəif tərəflərindən biri də ÇDQ-nin inteqrasiyası üçün son müddətin müəyyən edilməməsi idi. Əl-Burhan bu müddətin iki il olması lazım olduğunda israr edərkən, Hemediti inteqrasiya prosesini daha geniş bir təqvimə (10 il) uzatmağı hədəfləyirdi.

İki lider razılaşmanın həyata keçirilməsi üçün 2023-cü ilin fevral ayındakı ilk tarixi qaçırdı və Xartum küçələrində gərginlik başladı. Aprel ayında Sudan ordusu və ÇDQ birlikləri küçələrə çıxdı. Sudandakı kövrək təhlükəsizlik atmosferi səbəbindən münaqişələr tez bir zamanda coğrafi sərhədləri aşdı və bütün ölkəyə yayıldı. Bu nöqtədə iyun ayında Qərbi Darfur valisi Xamis Abbakarın öldürülməsi və Port Sudanda Sudan ordusu ilə qəbilələrə bağlı milis qrupları arasında baş verən toqquşmalar mürəkkəb təhlükəsizlik tənliyini göstərdiyi üçün vacibdir.

Çünki iki aktordan başqa Sudanda təhlükəsizlik dinamikası daxilində bir çoxu 2020-ci il “Juba” Sülh Müqaviləsini imzalayan irili-xırdalı milis qruplarından danışmaq olar. Aprel ayından etibarən münaqişələrdən qaçan və hər iki tərəflə məsafə saxlayan bu qrupların münaqişəyə cəlb olunması münaqişələrin miqyasını dəyişdirə biləcək bir inkişaf kimi qiymətləndirildi. Demək olar ki, bu incə güc balansında milis qrupları müharibədən sonra əldə etdikləri şeylərə üstünlük verib və buna uyğun mövqe tutublar.


Cari cədvəl və güc balansı

Münaqişənin gedişi ilə bağlı müəyyən qiymətləndirmələr aparmaq olar, lakin ümumi mənada iki qrup arasında güc balansını “sıfır məbləğli oyun” kimi şərh etmək olar. Bu ifadəni gücləndirən ən əsas arqument münaqişə tərəflərinin qüvvələrinin bir-birinə çox yaxın olmasıdır. Buna əsaslanan istənilən güzəşt məğlubiyyətin etirafı demək ola bilər. Eynilə, böhranın həllində hər iki tərəfin hərbi həll yollarına üstünlük verməsi də bu infrastruktur çərçivəsində izah oluna bilər. Əslində, bu dəyişkən güc balansı hərbi potensialın eyni olması demək deyil. Çünki bir ordu strukturu olaraq Sudan ordusu həm silah gücü, həm də kəmiyyət baxımından ÇDQ-dən üstündür. Ən müəyyənləşdirici xüsusiyyət Sudan ordusunun hava gücüdür. Bununla belə, ÇDQ-nin Xartumun böyük əksəriyyətinə nəzarət etməsi və orada mülki əhalinin olması potensial hava zərbələrini boşa çıxarır.

Digər tərəfdən, nizami bir ordu olaraq Sudan ordusunun bir neçə günlük partizan müharibəsindən sonra nizamsız ÇDQ birliklərini məhv etməsi mümkün olarkən, Sudanda fərqli bir ssenari ortaya çıxdı. Bu məqamda ÇDQ-nin hərbi və diplomatik arenada aldığı xarici dəstəyi qeyd etmək olar. BƏƏ-nin ÇDQ-yə verdiyi dəstək açıq mənbələrdə öz əksini tapıb. Bundan əlavə, ÇDQ zamanla qabaqcıl silahlar əldə etdi, Sudan ordusunu tarazlaşdıracaq döyüş qabiliyyəti qazandı. Hətta müharibənin başlaması ilə bir çox zenit və Hava Hücumundan Müdafiə (HHM) radarlarını da ələ keçirdilər.

Son olaraq regional və beynəlxalq aktorların müharibəni dayandırmaq cəhdləri həldən uzaq diplomatik təmaslara çevrildi. Münaqişənin həllində ideal olan, neytral və daha da əhəmiyyətlisi, münaqişə tərəflərinin və xarici güclərin təsirini məhdudlaşdıran danışıqlar mexanizmi olsa da, Sudanda qarşılaşdığımız şey ümumiyyətlə prosesdə iştirak edən aktorun öz maraqları və regional gündəm kontekstində hərəkət etdiyi mexanizm idi.

Afrika İttifaqı və Misir, Səudiyyə Ərəbistanı və ABŞ-nin, yaxud daha regional miqyasda Cənubi Sudanın rəhbərlik etdiyi vasitəçilik cəhdləri daimi və davamlı atəşkəslə nəticələnmədi. İyun ayında Co Bayden administrasiyası Sudan ordusu və ÇDQ rəhbərliyinə, habelə əl-Bəşir rejimi ilə əlaqəli şəxslərə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib. Oxşar sanksiyalar Hemediti ilə əlaqəli olduğu iddia edilən mədən şirkətlərinə və Sudan ordusunu maliyyələşdirən bəzi şirkətlərə qarşı da tətbiq edilib. Bütün bu addımlara baxmayaraq, münaqişələrin şiddəti artır.

Bu mərhələdə ilk növbədə humanitar yardım ölçüsü mərkəzə qoyulmalıdır. Çünki böhrandan ən çox zərər çəkənlər, şübhəsiz ki, bölgədəki mülki insanlardır. Bundan əlavə, Sudana qarşı dəniz embarqosu qeyri-müəyyən hərbi yüklərin qarşısını ala bilər. Həmçinin hava limanları və strateji keçid yolları da müəyyən yoxlamalara məruz qalmalıdır. Bu, münaqişə tərəflərinin sahədəki şəxsi heyət və texnika itkisini tez bir zamanda kompensasiya etmək üçün xarici dəstəyin qarşısını ala və beləliklə, müharibənin uzanmasına səbəb ola bilər.

Regional kontekstdə Sudanda müxtəlif milis qruplarının mövcudluğu diqqətdən kənarda qalmamalıdır. Potensial sülh sazişində bu qrupların istisna edilməsi gələcək münaqişələrə səbəb ola bilər, həmçinin Cənubi Sudanda olduğu kimi Sudanda mərkəzi hökumətə düşmən olan bölgələrin müstəqillik tələb etməsinə səbəb ola bilər. Xüsusilə, müharibədən sonrakı dövrdə münaqişə tərəflərinin imtiyazlı qruplar olmayacağı barədə məlumat həm ictimaiyyətə, həm də yerli maraqlı tərəflərə aşılanmalıdır. Bu mərhələdə BMT, Afrika İttifaqı və böhranda iştirak edən qonşu dövlətlərin oynamalı olduğu rol kifayət qədər əhəmiyyətlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sudan   BMT  


Bizi "telegram"da izləyin