Maraqlıdır ki, İranın ali hakimiyyətinin nümayəndəsi İrəvana gəlib və bu, bəlkə də səfərdə İranın kifayət qədər yüksək marağı olduğunu deməyə əsas verir. İstər ikitərəfli, istərsə də çoxtərəfli qaydada Ermənistan-İran gündəmində nələrin yer aldığı barədə məlumatlar demək olar ki, artıq hamıya məlumdur. Lakin İranın ali hakimiyyətinin nümayəndəsi, xarici əlaqələr üzrə hərbi şuranın üzvü olan şəxsin səfəri, xüsusən də ötən gün baş verən reallıqlar fonunda, bəlkə də, indiki əhval-ruhiyyəyə toxunmaq məqsədi daşıyır. Xüsusilə, İrəvan özünü ifşa edən addımlar atıb.
Birincisi, Ermənistan tərəfi anidən bəyan edib ki, minalanmış ərazilərin 8 yeni xəritəsini Azərbaycana ötürür. Sonra Azərbaycan XİN açıqlama yayaraq bildirdi ki, Ermənistan tərəfinin bu açıqlaması sözügedən ölkənin niyyətinin humanitar prosesə töhfə vermək olmadığını göstərir və bu addım etimad quruculuğu tədbiri kimi qiymətləndirilə bilməz: “Azərbaycan tərəfi bu günə qədər Azərbaycana tam şəkildə təqdim edilməyən bütün minalanmış ərazilərin dəqiq xəritələrinin Ermənistan tərəfindən təqdim edilməsini gözləyir.
10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın imzalanmasından sonra, əvvəlcə ümumiyyətlə mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25% təşkil etdiyi məlumdur. Təqdim edilmiş bu xəritələrin yararsız və natamam olduğu, real vəziyyəti əks etdirmədiyi dəfələrlə tərəfimizdən bildirilib. Bu xəritələrdə ərazilərimizdə guya 400 min mina basdırıldığı qeyd olunsa da, reallıqda minaların sayının 1 milyondan artıq olduğu faktı mövcuddur.
2020-ci ildən sonra da, Ermənistan tərəfindən Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca Ermənistan istehsalı olan yeni minaların yerləşdirildiyi faktı da mövcuddur ki, burada da 500 mindən artıq mina basdırıldığı məlumdur. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac olunmadığı barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirib”.
XİN qeyd edirdi ki, bununla yanaşı, son 30 il ərzində itkin düşmüş 4000-ə yaxın azərbaycanlıların aqibəti, habelə azərbaycanlıların dəfn olunduğu kütləvi məzarlıqların yerləri barədə Ermənistan tərəfindən məlumatların təqdim edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülməlidir.
Daha sonra İrəvan yenə də özünü ifşa edən növbəti bəyanat verdi. Bildirildi ki, birinci müharibədə itkin düşənlər məsələsində Azərbaycan tərəfi ilə əməkdaşlığa hazırdırlar. Halbuki rəsmi İrəvan indiyədək itkin düşənlər barədə hər hansı məlumatının olmadığını dəfələrlə bildirib.
Görünür, İrəvanın bu iki özünü ifşa edən addımı marağa səbəb olub. Tehran bəlkə də bunlarda siyasi məntiq görməyib, buna görə də İrana məlum olmayan və “x” anında hansısa fakt qarşısına qoyula biləcək hansısa “sualtı” prosesin olub-olmamasına toxunmaq üçün vəziyyəti yaxından dərk etmək zərurətini görüb.
Aqil Məmmədov
Ordu.az