Bəzi məlumatlara görə, Azərbaycanda 15-64 yaşlılar arasında bu rəqəm təxminən 2,5%-ə bərabərdir. Dünya üzrə 11 milyon insan inyeksiya formasında narkotiklər qəbul edir, onların da yarısı hepatit C-dən əziyyət çəkir.
Narkotiklərin istifadəsi ilə bağlı daha bir acınacaqlı hal odur ki, təkcə 2020-ci ildə narkotik aludəçiliyi nəticəsində baş verən ölüm halları 13% artıb.
2021-ci ildə Azərbaycanda bu səbəbdən ölənlərin sayı əvvəlki illə müqayisədə 60% artaraq 258 nəfərə çatıb.
Bir sözlə, Azərbaycan narkotik maddələrin ticarətini həyata keçirən irili-xırdalı qruplaşmaların, ayrı-ayrı narkotacirlərin hədəfindədir.
Ötən ilin yanvar-noyabr ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 9758 cinayət faktı aşkarlanıb. Bunlardan 3158-i narkotik vasitələrin qanunsuz satışı, 6276-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 294-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 30-u isə bu kateqoriyadan olan digər cinayətlər olub.
Bu faktlar üzrə ümumi çəkisi 6 ton 719 kq 031,413 qr olan narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 886 kq 649,814 qr-nı heroin, 3 ton 961 kq 758, 574 qr-nı marixuana, 265 kq 153,968 qr-nı tiryək, 53 kq 459,642 qr-nı həşiş, 750,831 qr-nı kokain, 407 kq 951,329 qr-nı psixotrop maddələr, 143 kq 307,255 qr-nı digər narkotik vasitələr təşkil edib.
Bu dövr ərzində həmçinin 50901 ədəd həb metadon, 95 ədəd həb psixotropmaddə, 16630 ədəd çətənə bitkisi, eləcə də 3 kq 197,368 qr, 7703 ədəd kapsul, 3591 ədəd həb və 25,55 qr güclü təsir edən maddə, 1 kq 613 qr zəhərli maddə və 65,68 qr prekursor qanunsuz dövriyyədən çıxarılıb.
Bununla yanaşı ölkə ərazisində 420,494 hektar sahədən çəkisi 303 ton 122 kq 290,98 qr olan 944.559 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki müəyyən olunaraq müvafiq qaydada məhv edilib. 2023-cü ilin yanvar-noyabr ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 6 ton 719 kq 031,413 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 269 milyon 290 min AZN civarında qiymətləndirilir.
Ümumilikdə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 7766 nəfər cəlb edilib ki, həmin şəxslərdən 7567-si kişi, 199-u qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş 89 xarici ölkə vətəndaşından ümumilikdə 695 kq 092,048 qr və 1990 ədəd həb müxtəlif növ narkotik vasitə və psixotrop maddə, 590 ədəd həb güclü təsir edən maddə və 568 ədəd (327 kq 575 qr) narkotik tərkibli çətənə bitkisi götürülüb.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 266 fakt aşkar edilib ki, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 3 ton 029 kq 595,76 qr və 8730 ədəd həb metadon, 95 ədəd həb müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, 90245 ədəd həb, 7631 ədəd kapsul və 1 kq 517 qr güclü təsir edici maddə, 40,682 qr prekursor çıxarılıb.
Bütün bu statistik informasiyalar onu deməyə əsas verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi, ondan istifadə, satışı ilə bağlı təhlükə get-gedə artır.
Maraqlıdır ki, COVİD-19 pandemiyasının ilk vaxtlarında ciddi itkilərlə üzləşən nəhəng narkotik bazarları post-pandemiya dövründə qanunsuz fəaliyyətlərini qısa zaman ərzində nəinki bərpa edə bilib, hətta daha da genişlənməyə nail ola bilib. Həmin dövrdə narkotik və psixotrop maddələrin istehsalı çoxalıb və dünyanın əksər ölkələrində narkotiklərin istifadəsində 40%-dən çox artım baş verib. Diqqət çəkən məqamlardan biri də budur ki, pandemiya dövründə narkotik ticarətində təmassız üsulların istifadəsi geniş vüsət alıb. Bugünkü internet informasiya resurslarının verdiyi imkanlar sayəsində alıcı və satıcı bir-birini tanımadan narkotik maddələrin alqı-satqısına dair müxtəlif adlar altında əməliyyatlar aparır, sosial şəbəkələr, elektron poçtlar və sayrə vasitələrlə istifadəçilərə çatdırılmasını təmin edir. Bu da narkotik maddələrin yayılması ilə məşğul olan şəbəkələrin ifşa edilməsini olduqca çətinləşdirir. Beləliklə, narkotiklərin ötürülməsi və qəbulunun qlobal modelləri vaxtaşırı yenilənir. Hesablamalara görə, təkcə internet üzərindən illik narkotik ticarətinin həcmi 2021-ci ildə 315 milyon dolları təşkil edib ki, bu rəqəm son 4 ildə ən azı dörd dəfə artıb.
Söz yox ki, narkotik vasitələrdən istifadənin geniş yayılması bir sıra tranzit nəqliyyat xətlərinin qovşağında yerləşən Azərbaycan üçün də ciddi təhlükəli xarakter almaqdadır.
Azərbaycan Respublikası ərazisində narkotiklərlə mübarizəyə dair statistikaya nəzər salanda görürük ki, narkotik vasitələrin və ya onların prekursorlarının Azərbaycan ərazisinə gətirilməsinə edilən cəhdlərin sayı yetərincədir.
Həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin intensivliyinə rəğmən, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəbəkələr uyuşdurucuların qanunsuz yollarla Azərbaycana keçirilməsinə müəyyən qədər nail ola bilir.
Bu kimi qruplaşmalar və ya ayrı-ayrı narkotacirlər öz məhsullarını ölkənin hüdudlarına keçirmək üçün ən ağılagəlməz metodlardan tutmuş ən müasir texnologiyalara qədər əlverişli üsullardan istifadə edir. Bu işə daha çox sərhəd rayonlarının sakinlərinin cəlb edilməsi, onların köməyindən istifadə olunmasına dair kifayət qədər faktlar var.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının açıqlamasına görə, narkotik vasitələrin daha çox yayıldığı ərazilər Bakı, Sumqayıt şəhərləri, eləcə də sərhəd rayonlarıdır.
Nəzərə alsaq ki, bir dövlətin mövcudluğunu daha çox təhlükə altına alan amillərdən biri onun ərazisində narkomaniyanın geniş şəkildə yayılmasıdır, onda, Azərbaycanın sərhəd bölgələrində narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin geniş vüsət almasını heç də təkcə narkotik asılılığının təzahürü kimi qəbul etmək lazım deyil.
Bu fakt ölkənin cənub bölgəsini əhatə edən rayonlarda daha qabarıq şəkildə biruzə verir…
Son illərin statistikasına nəzər salsaq görərik ki, Azərbaycana xaricdən və qonşu ölkələrdən gətirilən və ya gətirilməsinə cəhd edilən narkotik vasitələrin böyük qismi İranın payına düşür.
Demək olar ki, hər ay Cənub qonşumuzla sərhəddə Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd pozucularının akarlanması, İrandan narkotik vasitələrin qanunsuz keçirilməsinə cəhdin müəyyən edilməsi halı baş verir.
Dəfələrlə olub ki, cənub sərhədlərində sərhəd pozucuları ilə sərhəd naryadları arasında silahlı insident baş verib.
Buna rəğmən, hələ də narkotik alverçiləri öz məhsullarını Azərbaycana keçirib yaymaq və ya ölkəmiz üzərindən tranzit kimi istifadə etməklə xaricə çıxarmaq cəhdlərindən əl çəkmir.
Azərbaycanın İranla quru sərhədinin uzunluğu 765 km-dir. Hansı ki, həmin sərhəd xəttinin böyük bir hissəsi Talış dağlarından, eləcə də Araz və Astaraçay vadilərindən keçir… Bu cür coğrafi relyeflər sərhəd pozucuları üçün əlverişli şərait yaradır və çətin qorunan sərhəd zonasında xidmətin təşkili o qədər də asan başa gəlmir.
Xüsusilə qeyd edək ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəbəkələr çətin relyefli ərazilərdə işləyən kuryerlərinin qayalıq, dağ-meşə, çayqırağı ərazilərdə, su hövzələrindən keçən sərhəd zolaqlarında rahat və maneəsiz işləyə bilməsi üçün onlara təlimlər keçir, zəruri vəsait və avadanlıqlarla təchiz edirlər. Ən müasir yayındırıcı vasitə və metodlardan istifadə etmək bacarığına malik narkotik alverçiləri və qaçaqmalçılarla mübarizə aparmaq, onların vaxtında müəyyən edilərək saxlanması kifayət qədər canlı qüvvə və başqa resurslar tələb edir.
Bugünkü texnoloji inkişafın yaratdığı imkanları da nəzərə alsaq, sərhəd boyunca qaçaqmalçılıqla, sərhədpozucuları ilə mübarizənin effektivliyini qoruyub saxlamağın nə qədər zəhmət tələb etdiyini təsəvvür etmək heç də çətin olmaz.
Xatırladaq ki, SSRİ süqut edəndə, İranla sərhəd boyunca çəkilmiş sərhəd-mühafizə qurğularının, tikanlı məftillərin, eləcə də digər infrastrukturların dağıdılması hələ indiyədək öz mənfi təsirini göstərməkdədir.
Buna rəğmən, Azərbaycan sərhədçiləri istər havadan, istər qurudan, istərsə də sudan ölkənin hüdudlarına yaxınlaşan bütün təhlükəli obyektləri vaxtında aşkara çıxarmağı bacarır.
Bu üzdən də, respublika ərazisindən tranzit kimi istifadə etməyə çalışan narkotacirlər üçün bu gün Azərbaycan münbit olmayan ölkə kimi xarakterizə edilir.
Ona görə də bu şəbəkələr sərhədi qanunsuz keçmə risklərini tamam azaltmaq üçün, müəyyən yollarla yerli səviyyədə nakotik istehsalına üstünlük verir. Bununla da onlar həm risklərdən yayınır, həm də öz peşəkar kuryerlərini tutulmaq, həbs edilmək təhlükəsindən qurtarır, maddi maraqlar əvəzində ələ aldıqları yerli sakinlərdən istifadə edirlər. Nəticədə isə, Azərbaycan Respublikasının vətəndaşı həyatını riskə atmalı olur, eyni zamanda, müəyyən bir müddətdən sonra həm narkotik istifadəçisinə, həm də qanunsuz dövriyyəçisinə çevrilir.
Belə olduğu təqdirdə, institutlaşmış narkoşəbəkələr ələ aldıqları müəyyən adamları “qurban verməklə” yayındırıcı metodlardan istifadə edib, sərhədlər boyunca əlverişli coğrafi relyeflərdən məhsullarını təyinat nöqətlərinə daşımağa çalışırlar.
Söz yox ki, narkotik ticarətçiləri qazanc əldə etmək üçün nə qədər müxtəlif metodlardan, müasir vasitələrdən istifadə etməyə çalışırlarsa, hüquq-mühafizə orqanları da onlarla mübarizənin yeni üslublarını düşünüb tapır, xidmətin təşkilini şəraitə uyğun qurur, vəzifəsinin icrasını layiqincə yerinə yetirir.
Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az