Rusiyanın Ermənistana satdığı silahlar kimin müdafiəsinə sərf ediləcək? – ANALİZ

2024/01/1706512781.jpg
Oxunub: 1274     16:43     29 Yanvar 2024    
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ölkəsi Cənubi Qafqazda sülh və sabitliyə nail olmaqdan ötrü səylərini davam etdirməyə hazırdır. O, həmçinin Moskvanın İrəvan üçün əsas tərəfdaş olaraq qaldığını da qeyd edib.

Bundan az əvvəl isə Rusiyadan Ermənistana hərbi təyinatlı məhsullarından ibarət yükün göndərilməsinə dair informasiya yayılmışdı.

Ermənistanın “Mülki müqavilə” partiyasından olan deputat, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü, general-leytenant Qaqik Melkonyan jurnalistlərlə söhbətində bildirib ki, bu yüklər Rusiya ilə Ermənistan arasında əvvəllər imzalanmış müqaviləyə uyğun təhvil verilib.

Maraqlıdır ki, 2015-ci ildən bu yana Ermənistanla Rusiya arasında silah tədarükünə dair ümumi dəyəri 300 milyon dollar bərabər olan üç kredit razılaşması əldə edilib. Ortalama, hər birinin dəyəri 100 milyon dollar civarındakı kredit paketləri haqqında müqavilə 15 illik müddətə imzalanıb. Məhz bundan sonra Ermənistan Rusiyadan güzəştli qiymətə silah almaq üçün dördüncü kredit paketi ətrafında müzakirələrə başladı. Qeyri-rəsmi mənbələrə görə, kredit paketlərinə “Smerç” tipli yaylım atəşli reaktiv artilleriya və TOS-1A ağır odsaçan sistemlərinin alınması da daxildir.

Buna rəğmən, Moskva sözügedən razılaşmalarda öz üzərinə götürdüyü öhdəlikləri xeyli ləngitməli olsa da, müharibə dövründə Azərbaycanın cəbhədən xeyli uzaqda yerləşən Gəncə və Bərdə şəhərlərinin “Smerç”lə atəşə tutulması suallar meydana gətirdi...

Başa düşüləndir ki, 2022-ci ilin fevralından Ukrayna ilə müharibəyə başlayan Rusiyanın silah-sursata olan ehtiyacının qarşılanması həlli asan məsələ deyil. Bunun fonunda, Rusiyanın Ermənistana kreditlə satdığı silahların tədarükündəki gecikmə təbii sayıla bilər. Amma bu gecikmənin səbəbi tək Ukraynadakı müharibədirmi? Təbii ki, yox… Qarabağ müharibəsinin ikinci və həlledici fazasından əvvəl Ermənistan rəhbərliyinin Qərbyönümlü mövqeyi Moskvanın İrəvanla münasibətlərində xeyli gərginlik yaratmağa başladı. Ardınca, Rusiya və Emənistan arasında baş verən “ORSİS” silah qalmaqalından sonra münasibətlər demək olar ki, “dalana dirəndi”. Az sonra İrəvan Moskvadan kreditlə silah almasına dair danışıqların bərpa edilməsinə nail ola bilsə də, 2020-ci ilin sentyabrında başlayan müharibə bu işi demək olar ki, yenidən sual altına atdı.

Düzdür, müharibənin gedişatında Rusiya Ermənistanla əldə etdiyi razılaşmaya əsasən, İrəvana İran üzərindən silah göndərdi. Ancaq bu, Azərbaycanın etirazı ilə qarşılandı və beynəlxalq aləmdə ciddi rezonans doğurdu deyə, Moskva silah tədarükünü demək olar ki, dayandırdı.

Müharibədən sonrakı dövrdə isə Rusiya-Ermənistan münasibətləri demək olar, “pat vəziyyəti”nə düşdü.

Yaranmış bu münbit şəraiti dəqiqliklə dəyərləndirən Ermənistan rəhbərliyi yenidən müharibədən əvvəlki siyasi ampluasına qayıtdı: Qərbə doğru meyillənməni inkişaf etdirməyə başladı.

Nə qədər qəribə olsa da, silah alışına dair razılaşmaya əsasən, təkcə üç kredit paketinə görə Rusiyaya 300 milyon dollardan çox borcu olan Ermənistan birdən-birə Fransa və Hindistan silahlarına maraq göstərdi.

İrəvanın təkcə Yeni Dehli ilə silah ticarətini əhatə edən məbləğ Ermənistanın 15 il müddətinə Rusiyaya olan kredit borcunun dəyərinə yaxındır.

Silah tədarükünə dair Ermənistanın Fransa ilə əldə etdiyi razılaşmanın məbləği isə bu ölkənin hərbi texnika və silaha görə Rusiyaya olan borcundan daha çoxdur.

Deməli, Ukrayna ilə müharibə aparan Rusiyanın birdən-birə Ermənistana silah tədarükü ilə bağlı razılşmanın icrasına başlaması səbəbsiz deyil. Cənubi Qafqazda, xüsusilə Ermənistanda mövqelərinin zəifləməsini qəbul etməyən Moskva münasibətlərin yenidən normallaşması üçün jest etməyi qərara alıb.

Söz yox ki, Ermənistana silah tədarük edən Moskva Cənubi Qafqazdakı strateji tərəfdaşı olan, hazırda Ermənistanla sülh sazişinin razılaşdırılması istiqamətində iş aparan Bakının narahatlığını və ya narazılığını nəzərə almamış deyil. Ermənistanın silahandırılması söz yox ki, hazırda Qərbli tərəfdaşlarının təzyiqlərinə rəğmən, Rusiya ilə diplomatik və ticari əlaqələrini inkişaf etdirən Türkiyənin də diqqətindən yayınmır.

Bütün bunların fonunda, çox güman ki, Moskva Ermənistana satdığı silahların yalnız ordu quruculuğuna xidmət etdiyinə dair, həmçinin İrəvanın bu silahlardan Azərbaycan və Türkiyə əleyhinə istifadə etməyəcəyi haqda Ankara və Bakıya təminat verməli olacaq.

Əks halda, Ermənistana silah satmaq naminə Moskva Bakı ilə bağladığı strateji tərəfdaşlıq haqda müqaviləni şübhə altına atmış olacaq, bu isə Rusiyanın təkcə Azərbaycanla münasibətlərinin korlanmasına gətirib çıxarmayacaq, həm də onun beynəlxalq aləmdəki mövcud imicini daha da zərbəyə məruz qoyacaq.

Xatırladaq ki, İrəvanın Moskva ilə əldə etdiyi 300 milyonluq kredit razılaşmasına görə Ermənistan 12 ədəd SU-30M təyyarəsi almalı idi. Onlardan 4-ü müharibədən əvvəl təyinatı üzrə təhvil verilsə də, bu döyüş vasitələrinin silahlanması üçün lazımi sursatlar olmadığından 2020-ci il müharibəsində Ermənistan Ordusu SU-30-ların tətbiq edilməsində çarəsiz duruma düşdü. Görünür ki, kredit razılaşmasına əsasən Rusiya hər birinin dəyəri 30 milyon dollar olan digər 8 təyyarənin də Ermənistana çatdırılmasını təmin edəcək.

Hərçənd, 2016-cı ildə Rusiyadan xeyli miqdarda silah almağa çalışan Ermənistana bu silahları əldə etməklə, Azərbaycanın işğal edilmiş ərazilərində həmin ilin aprelində baş verən döyüşlər zamanı itirdiyi mövqeləri geri qaytarmağa çalışırdı.

Amma Rusiya bu silahları Ermənistana güzəştli kreditlə və güzəştli qiymətə satdığından Moskva sifarişin yerinə yetirilməsində təsəkənlik nümayiş etdirmədi. Bir tərəfdən də o vaxtkı Qarabağ danışıqlarında əsas vasitəçi fiqurant kimi çıxış edən Kreml Ermənistanın həmin silahları aldıqdan sonra Rusiyanın bərpa etməyə çalışdığı danışıqlar prosesinə qayıtmaqdan imtina edə biləcəyindən ehtiyatlanırdı. Bütün bunlarla yanaşı, erməni mətbuatında səslənən iddialardan belə nəticə çıxırdı ki, Rusiyanın Ermənistana satdığı silahların istehsalı 20-30 il əvvələ təsadüf edir və onlar müasir döyüş tətbiqində köhnəlmiş vasitə hesab olunur.

Hələ müharibədən əvvəl, 2019-cu ildə, ölkəsinin 2050-ci il üçün iqtisadi və sosial hədəflərini açıqlayan Ermənistan Baş naziri Nikol Paşinyan bildirmişdi ki, 30 il sonra maaşlar yeddi dəfə artacaq, əhalinin sayı 5 milyon nəfəri ötəcək. Bununla yanaşı, ölkədə ümumi daxili məhsul artacaq və 1,5 milyon yeni iş yeri açılacaq.

O, həm də Ermənistan ordusunun dünyanın ən güclü orduaları sırasında 20-ci yerə yüksələcəyinə də eyham vurmuşdu.

Ümumi daxili məhsulun (ÜDM) həcminə görə çox geridə qalan Ermənistan əhalisinin sosial-iqtisadi rifahına rəğmən, silahlanmaya milyonlar xərcləməkdən çəkinmir.

Görünür ki, 30 il ərzində ordu quruculuğuna xüsusi diqqət yetirməyə çalışan Ermənistanın Rusiyadan silah asılılığına son qoymaq istəməsi artıq Kremldə ciddi qəbul edilir və İrəvanın, Hindistan, Fransa, eləcə də digər ölkələrdən silah əldə etmək istəyi Moskvanı Ermənistanla münasibətlərə yenidən baxmağa vadar edir.

İrəvanın başqa silah ixracatçılarla münasibətlərinin dərinləşməsi Rusiyanı iqtisadi cəhətdən daha çox strateji məsələlərdə düşündürür.

Nəzərə alsaq ki, xaricdən silah alınması, həm də Ermənistanın həmin ixracatçı ölkələrlə hərbi kadrların yetişdirilməsi, kəşfiyat və əks kəşfiyyat əlaqələrinin qurulması, həmçinin hərbi əməkdaşlığın strateji tərəfdaşlığa çevirilməsinə qədər inkişafına dəlalət edə bilər.

Bütün bunlar isə Rusiyanın Ermənistana təsir imkanlarının azalmasına gətib çıxaracağı danılmazdır.

Bu da Kremlin Cənubi Qafqazla bağlı yürütdüyü siyasətlə daban-daban ziddiyət təşkil edir. Məhz bu səbəbdən Rusiya Ermənistanla əldə edilmiş güzəştli kredit anlaşmasından yaranan öhdəliklərinin yerinə yetirilməsinə diqqət ayırmağa başlayıb.

Onu da qeyd edək ki, Dünya Bankının hesablamalarına görə, Ermənistanda iqtisadi tənəzzülün yaranması ehtimalı artır. Bu amili nəzərə alan Moskva yaxşı dərk edir ki, iqtisadi uçurumla üz-üzə qalan Ermənistanın Qərbdən yardım alacağı qaçılmazdır və bu yardımın müqabilində İrəvan Rusiyadan tamamilə üz çevirməyə vadar ediləcək. Nəticədə isə Moskvanın iradəsi gücsüzləşəcək.

Qeyd edək ki, təkcə 2019-ci ilin sonunadək Ermənistanın xaricdən aldığı kreditin həcmi 490 milyon dollara bərabər olub. Bütün bu kredit borclarının müəyyən hissəsini qaytarmaq üçün rəsmi İrəvan 740 milyon dollar geri ödəməli olacaq. Bu isə onu deməyə əsas verir ki, bu ölkənin təkcə bir illik borc yükü hər il 250 milyon dollara yaxın çoxalır.

Yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün Ermənistan ən yaxın qonşuları olan Azərbaycan, Gürcüstan və Türkiyə ilə münasibətlərini, iqtisadi əlaqələrini inkişaf etdirməlidir.

Rəsmi İrəvanın indiyədək yürütdüyü siyasət hələ ki, bunun əksini ifadə edi. Daha çox Qərbdən nicat uman ölkə Avropanın Cənubi Qafqaza dair diqtəsini yerinə yetirməyə məhkum olur. Ona görə də, silahlanmaya meylli olması Qərbin və Rusiyanın Ermənistan üzərində yeni mübarizə formalarının meydana gəlməsinə gətirib çıxarır. Nəticə isə təkcə Ermənistanı yox, Cənubi Qafqazı və regionu çətin situasiyalara doğru aparır.

Hələ ki, bəlli deyil, Moskvanın Ermənistana satdığı silahlar bu ölkənin özünün, yoxsa Rusiyanın müdafiəsinə sərf ediləcək?!.

Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin