“Hizbullah”ın “idarəolunan” yaylım atəşi kimə ünvanlanmışdı? – BAXIŞ BUCAĞI

2024/01/1705042298.jpg
Oxunub: 750     19:40     12 Yanvar 2024    
ABŞ dövlət katibi Entoni Blinken İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidan və prezident Rəcəb Tayyib Ərdoğanla danışıqları başa çatdırıb. Bu barədə məlumat azdır. Hazırda “Milliyet” yalnız Türkiyə tərəfinin fikirlərini təqdim edərək, məlumat sızıntısına yol verib. Bundan danışıqların mürəkkəb olduğunu güman etmək olar. Söhbət xüsusilə Türkiyənin Qəzza zolağında dərhal atəşkəsin, humanitar yardımın artırılmasının və “iki dövlət prinsipi əsasında siyasi nizamlanmanın” tərəfdarı olmasından gedir.

“Milliyet”in məlumatına görə, Blinken və Fidan F-16 qırıcılarının satışı, Qara dənizdə Rusiya və Ukraynadan ərzaq ixracı, Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar, İraq və Suriyadakı vəziyyətlə bağlı məsələləri də müzakirə ediblər. İsveçin NATO-ya üzvlüyünə gəlincə, Fidan bildirib ki, protokolun ratifikasiyası “parlamentin səlahiyyətinə aid məsələdir”. Ərdoğan-Blinken görüşü ilə bağlı hələlik rəsmi və ya dolayı məlumat yoxdur.

Türkiyə Prezidentinin ofisi yalnız bir fotoşəkil dərc edib, ondan görünür ki, Türkiyə tərəfi xarici işlər naziri Fidandan başqa, Milli Kəşfiyyat Xidmətinin direktoru İbrahim Kalını da cəlb edib. Son günlər Türkiyədə onlarla insan İsrailin xeyrinə casusluq etməkdə şübhəli bilinərək həbs edilib. Onlardan səkkizi deportasiya edilib. Deportasiyaya məruz qalanlar arasında ABŞ və ya yaxın müttəfiq ölkələrin vətəndaşlarının olub-olmadığı məlum deyil, lakin Kalının dövlət katibi Blinkenə çox vacib məlumatları çatdırmaq üçün Prezident Ərdoğanla görüşə qatıldığını da istisna etmək olmaz.

Blinken-Fidan danışıqları öncəsi İsrailin şimal bölgələri raket atəşinə məruz qalıb. 90-dan çox yaşayış məntəqəsində hava həyəcanı elan edilib, mülki əhali təxliyə edilib. Beynəlxalq xəbərlərdə mötəbər “Jerusalem Post” jurnalının “böhran aradan qaldırılmasa, İsrailin şimal sərhədi Hayfadan başlayacaq” kimi dəyərləndirmə var. Hayfa Livan sərhədindən düz xətt boyunca 40 kilometr dərinlikdə yerləşir.

“Hizbullah” Beyrutun ətrafında yerləşən Dahiya yaşayış məntəqəsində HƏMAS-ın ikinci komandiri Saleh əl-Arurinin öldürülməsinə cavab olaraq, İsrailin şimalına raket hücumunu “intiqamın ilk addımı” kimi elan edib. Saleh əl-Arurinin öldürülməsi İsrail tərəfindən Pilotsuz Uçuş Aparatı (PUA) və ya təyyarədən buraxılan raket vasitəsilə həyata keçirilib. Bəs niyə İstanbulda Blinken-Fidan danışıqlarının başlamasına demək olar paralel və Avropa İttifaqının təhlükəsizlik və xarici işlər komissarı Borrelin Livanın Baş naziri Makati ilə danışıqlar apardığı bir vaxtda “intiqam addımı” atılıb?

Qərb ekspert dairələrində Təl-Əvivin “HƏMAS məhv edildikdən sonra İsrail xüsusi xidmət orqanlarının Qəzzaya sərbəst giriş-çıxış hüququna malik olması şərtilə Qəzza zolağının Fələstin Milli İdarəsinə təhvil verilməsinə” razılaşdığına dair məlumatlar yayılıb. Türkiyə dəfələrlə HƏMAS-ın terror təşkilatı deyil, siyasi təşkilat olduğunu və müstəqil Fələstin siyasi sisteminin bir hissəsini təşkil etməli olduğunu iddia edib.

Blinkenin Yaxın Şərq turunun coğrafiyasına Fələstin muxtariyyətinin yerləşdiyi İordan çayının qərb sahili də daxildir. Ötən ilin sonunda muxtariyyətin lideri Mahmud Abbas Blinkenlə görüşdən imtina etsə də, həmin vaxt o, Moskvaya getməyə hazırlaşırdı. Həmin səfər baş tutmadı. Rusiya heç vaxt rəsmi olaraq bəyan etməyib ki, İsrail-Fələstin münaqişəsi “iki dövlət” prinsipi əsasında həll edilməlidir.

İsrailin şimalına raket hücumu vasitəsilə “Hizbullah” Yaxın Şərqi “partlatmaq” perspektivi ilə kimi təhdid edir? İsraili, ABŞ-ni, yoxsa İsrailin hərbi hökumətinin belə əlaqələri kəsmədiyi Fələstin Milli İdarəsinin liderini? İsrailə qarşı şimal cəbhəsi açmaq hədəsi “Hizbullah”ın hərəkətidirmi? Görünür, Blinken Fələstin məsələsində ərəb-islam formal razılaşmasını pozmağa müvəffəq olmayacaq. Blinkenin Yaxın Şərq turu öncəsi Britaniyanın “The Telegraph” qəzeti “ABŞ imperiyası dağılır və hər kəs öz payını almağa çalışır” kimi tutqun proqnoz verib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hizbullah  


Bizi "telegram"da izləyin