Ukraynaya hərbi təzyiqlər artır: 2024-cü ildə Kiyevi nə gözləyir?

2024/01/1704887642.jpg
Oxunub: 1174     22:18     10 Yanvar 2024    
Qəzzada İsrail və HƏMAS arasında davam edən müharibə, Rusiyanın artan hərbi uğurları və Avropada dəyişən siyasi dinamika ABŞ və Qərbin Ukraynaya hərbi dəstəyinin azalmasına gətirib çıxardı. Bəs, 2024-cü ildə Ukraynanı nə gözləyir?

Hərbi cəhətdən güclü dövlətlərin son yarım əsrdə Vyetnam və Ukrayna kimi ölkələrlə apardıqları müharibələrdə uğursuzluğa düçar olması beynəlxalq siyasətin mürəkkəb reallıqlarından biri kimi ortaya çıxır. Bu “uduzmuş” vəziyyət hərbi məğlubiyyətdən də kənara çıxır, həm də cəmiyyətlərin qəlbi və ağlı uğrunda mübarizədə uğursuzluq, insan haqları, demokratiya, azadlıq və ya qadınların azadlığı kimi məqsədlərin iflasa uğraması deməkdir.

ABŞ-nin 2001-ci il sentyabrın 11-dən bəri davam etdirdiyi “Qlobal Terror Müharibəsi” xüsusilə Yaxın Şərqdə baş verən böyük xərclər nəzərə alınmaqla, həm də intellektual və mənəvi fəlakət hesab edilir. ABŞ-nin terrorla mübarizə adı altında həyata keçirdiyi fəaliyyətlərdə dünya insanlarının vicdanında dərin yaralar yaradan bir çox əməliyyatlara əl atması uzun illərdir ki, beynəlxalq aləmdə müzakirə olunmağa davam edir.

ABŞ müdaxiləçi və müharibəyə meylli xarici siyasəti ilə bu günə qədər dünyanın ən böyük hərbi xərclərini həyata keçirən, qlobal bazaların yaradılması istiqamətində mühüm addımlar atan bir ölkə kimi də diqqət çəkir. Ancaq bu təsirli hərbi gücə baxmayaraq, müharibələrdə uğur qazanmaqda çətinliklər var. Bu yaxınlarda baş vermiş Rusiya-Ukrayna müharibəsi buna misaldır. Rusiyanın 2022-ci il fevralın 28-də Ukraynaya qarşı başladığı işğal və müharibə daha da mürəkkəbləşib.

Rusiya son dövrlərdə işğal etdiyi bölgələrdə müdafiə qabiliyyətini artırıb və yay aylarında Ukraynaya qarşı daha aqressiv mövqe tutub. Proses hər şeyə rəğmən bütün dağıdıcılığı ilə davam edərkən, hər iki tərəf müharibənin müxtəlif aspektlərini sınadı və ciddi itkilərlə üzləşdi. Ukrayna ordusu isə əvvəldən müdafiədə qaldığı müharibədə ABŞ və NATO-nun da təklifləri ilə ötən yay hücuma keçdiyini və ölkənin cənub-şərqinə doğru irəlilədiyini açıqlayıb. Lakin bu gün hücumun gözlənilən tempdə getmədiyini görürük.

Ukrayna getdikcə tək qalır

Ukrayna Qərbdən böyük miqdarda silah və hərbi dəstək alaraq hücuma keçərkən, Kiyevin məqsədi Rusiyanı şərq və cənubda işğal olunmuş ərazilərdən tamamilə çıxarmaq idi. Lakin Ukraynanın bu əks-hücum və irəliləməsi gözlənilən nəticəni vermədi. Bəzi ekspertlər Ukraynanın vaxt itirdiyini desələr də, bəzi ekspertlər Kiyevin NATO-nun verdiyi silah və sursatlardan səmərəli istifadə etmədiyinə diqqət çəkiblər.

Hesab olunur ki, Ukrayna ordusu məqsədlərinə tam nail ola bilməyib və regionda təcrid prosesi başlayıb. Ona görə də İsrailin Qəzzaya hücumu ilə bağlı Qərbdən dəstəyin azalması və siyasi dinamikanın dəyişməsi Ukraynanın Rusiyanın hücumları qarşısında tək qalmasına səbəb oldu.

Əqrəb meydanda və psixologiyada istiqamətini dəyişdi

Ukraynanın müttəfiqlərindən hərbi və maddi dəstək ala bilməməsi onun Rusiyaya meydanda daha da müqavimət göstərməsinə və Hava Hücumundan Müdafiə (HHM) sistemlərini aktiv saxlamasına mənfi təsir göstərir.

Müharibənin əvvəlində Ukrayna Pilotsuz Uçuş Aparatlarında (PUA) güclü üstünlüyə malik olsa da, o vaxtdan Rusiya qüvvələri qısa mənzilli kiçik PUA-lardan istifadə etmək məsələsində Ukrayna qoşunları ilə eyni səviyyəyə yüksəlib. Rusiya-Ukrayna münaqişəsindəki PUA-lar ilə bağlı rusiyalı hərbi analitik Maykl Kofman vurğulayıb ki, hazırda Rusiyanın daha çox PUA-sı var və bu baxımdan üstünlüyə malikdir.

Kofman Rusiyanın 2024-cü ildə artilleriya sursatları, PUA-lar, uzaq mənzilli PUA-lar və qanadlı raketlərin istehsalında da maliyyə üstünlüyü əldə edəcəyini bəyan edib. Analitiklərin bölgədəki müharibə ilə bağlı fikirlərini nəzərə alsaq, əqrəb böyük ölçüdə tərsinə çevrilir.

Rusiya siyasəti üzrə araşdırma mərkəzi olan “Mayak Intelligence Consulting”in prezidenti Mark Qaleotti bu yaxınlarda xəbərdarlıq edib ki, ukraynalıların ehtiyatları çox azdır: “Moskva Ukraynanın müdafiə xətlərini yarmağı bacararsa, Rusiya qüvvələri əslində kommunikasiya xətlərinə, təchizat xətlərinə və arxa təchizat bazalarına zərər verə bilər”.

Bütün bunlarla yanaşı, Qərb Vaşinqton və Brüsseldəki maneələrə görə hərbi yardım və silah təchizatının sürətini saxlamaqda problemlər yaşayır. Rusiya isə raket, tank və digər silahların istehsalını tədricən artırır. ABŞ Moskvanın Şimali Koreya ilə sentyabr ayında əldə etdiyi razılaşma çərçivəsində sursat almağa başladığını açıqlayıb.

Rusiya Ukraynanın HHM-ini zəiflətmək üçün İran istehsalı olan “Shahed” kamikadze tipli PUA-lar ilə Kiyev və digər bölgələrə hücumlarını artırıb. Bu məqamda Rusiya ordusu müharibənin əvvəlində onu narahat edən zəiflik və çatışmazlıqları aradan qaldırıb, Ukraynanın hücumlarına qarşı yeni silah və taktikalar hazırlamağa davam edir.

Rusiya ordusunu gücləndirən mühüm bir yenilik, köhnə sovet istehsalı bombaların uzaqdakı hədəfləri dəqiqliklə vurmağa imkan verən qanaqcıqlar və GPS sistemləri ilə təchiz edilərək ağıllı sursatlara çevrilməsidir.

Zelenskini düşündürən çatışmazlıqlar

Ukraynanın bölgədəki işini çətinləşdirən və müharibənin gedişinə təsir edəcək səbəblərdən biri də Kiyevin HHM sisteminin Rusiyanın qanadlı raketlərinə qarşı zəif olmasıdır. Ötən qış Rusiya Ukraynanın elektrik şəbəkəsini vəhşicəsinə vurdu, uzun fasilələrə səbəb oldu, lakin yüksək dayanıqlı elektrik şəbəkəsini sıradan çıxara bilmədi. Bununla belə Ukrayna rəsmiləri daim xəbərdarlıq edirlər ki, bu qış Rusiyanın hücumları səbəbindən daha çətin keçə bilər.

Qərb Kiyevi və digər əsas əraziləri qorumaq üçün HHM sistemləri təqdim etsə də, Ukrayna üçün müxtəlif istiqamətlərdən kütləvi raket hücumlarının öhdəsindən gəlmək çətin ola bilər. Ukraynanın müttəfiqləri ABŞ istehsalı olan onlarla F-16 döyüş təyyarəsi vəd etmişdilər. Ukraynalı pilotlar Rumıniyada təlim keçməkdə davam edirlər. Lakin döyüş təyyarələrinin bölgəyə nə vaxt çatacağı dəqiq deyil.

Qərb ekspertləri vurğulayırlar ki, Ukrayna da Moskvanın mümkün böyük hücumuna qarşı gücləndirilmiş müdafiə sistemi qurmalıdır. İsrail-Fələstin münaqişəsinə görə dünya bütün diqqətini Yaxın Şərqə yönəldib. Görünür, Avropa və NATO daim dəyişən siyasi dinamikaya görə Ukraynanı əvvəlki kimi dəstəkləmir. Ukraynanın regionda getdikcə təcrid olunmuş profilə doğru inkişaf etdiyini söyləmək mümkündür.

Rusiyanın itirilmiş özünə inamını bərpa etməsi və Ukraynanın daxili siyasətində Zelenskiyə inamın əvvəlki qədər güclü olmaması Ukraynanın müqavimətini qırmağa davam edir. Buna görə də 2024-cü ilin Ukrayna lideri Vladimir Zelenski, Ukrayna xalqı və Ukrayna ordusu üçün çətin olacağı proqnozlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   2024  


Bizi "telegram"da izləyin