Ötən həftənin cümə axşamı günü Brüsseldə başlayan və 2 gün davam edən Avropa Şurasının iclasında Ukrayna və Moldova ilə üzvlük danışıqlarının başlanması qərara alınıb. Bundan əlavə, Avropa Şurasının rəhbəri Şarl Mişel Gürcüstanın namizəd statusu qazandığını açıqlayıb. Bundan əlavə, Ukraynaya maliyyə yardımı da iclasın gündəmində olub.
Avropa İttifaqının (Aİ) qərar qəbul etmə prosesləri bütün üzvlərin konsensusu nəticəsində baş verir. Ona görə də bu görüşdə bütün gözlər uzun müddətdir Ukrayna ilə bağlı açıqlamalar verən və Aİ ilə eyni fikirdə olmayan Macarıstanın Baş naziri Viktor Orbanın üzərində idi.
“Orbanın Ukrayna-Rusiya müharibəsində Qərbi günahlandırmaq qərarı onun məsələyə kökündən fərqli yanaşdığını göstərir”.
Sammitdən əvvəl Orban ölkəsinin Ukrayna ilə üzvlük danışıqlarına başlamağın əleyhinə olduğunu və Aİ-nin Ukrayna üçün nəzərdə tutulan 50 milyard avroluq yeni büdcə dəstəyinə veto qoyacağını bəyan edib. Bu 50 milyard avro paketin 17 milyard avrosu geri qaytarılmayan qrantlar və 33 milyard avrosu aşağı faizli kreditlərdən ibarətdir.
Müzakirələrə başlama qərarının ediləcəyi səsvermədən öncə Orbanın otağı tərk etməsi ilə müsbət qərar qəbul edilib. “Nə qızı ver, nə də qudanı küsdür” şəkildə həyata keçirilən bu diplomatik manevr Macarıstanın qərarı rəsmi şəkildə dəstəkləməməsini təmin etdi, eyni zamanda genişlənmə prosesi ilə bağlı qərarlar üçün tələb olunan yekdilliyi pozmadı.
Sammit Macarıstanın Ukraynaya planlaşdırılan maliyyə dəstəyinə veto qoyması ilə başa çatıb. Avropa Şurasının sədri Mişel gələn ilin əvvəlində Ukraynaya maliyyə yardımı məsələsinə qayıdacaqlarını və yekdilliyə çalışacaqlarını bildirib.
“Orbanın Qərbin, xüsusən də ABŞ-nin Rusiyanı Ukraynaya qarşı müharibəyə sövq etdiyini və orada vəkalət müharibəsi apardığını düşünməsi Aİ daxilində qərar qəbuletmə mexanizmlərinin vahidliyini pozur”.
Qiymətləndirmələr bundan ibarət idi ki, Macarıstan əvvəllər bloklanmış Aİ fondları müqabilində Ukraynaya veto alətindən istifadə edəcək. Sammitdən əvvəl Avropa Komissiyası Macarıstan üçün 10 milyard avrodan çox birlik siyasəti fondunun blokunu açdığını elan etdi. Brüssel bu vəsaitləri Orbanın ölkəsində qanunun aliliyi ilə bağlı iddialara görə dondurmuşdu.
Aİ və Vişeqrad Kvarteti ilə Macarıstan arasındakı problemlər
Aİ ilə Macarıstan arasında problemlərin gündəliyi kifayət qədər doludur. Macarıstanın maliyyə fondları məhkəmə müstəqilliyi, LGBT hüquqları və sığınacaq sistemi ilə bağlı məsələlərdə fikir ayrılığına görə Aİ tərəfindən dondurulur.
Polşa-Macarıstan oxu uzun müddətdir ki, Aİ-nin Brüssel elitasına qarşı ittifaqdadır. “Fidesz” (Macarıstan Vətəndaş Birliyi) və “PiS”in (Hüquq və Ədalət Partiyası) ittifaqı Aİ sammiti masasında çoxlu fikir ayrılıqlarına səbəb olub. Qanunun aliliyi ilə bağlı mübahisələr o demək idi ki, Varşava və Budapeşt 7-ci maddə proseduruna və AB vəsaitlərinin kəsilməsinə məruz qalıb. Vişeqrad Kvarteti olaraq Aİ və NATO üzvlüyü əldə edildikdən sonra göstərilən həmrəylik keçən ay Polşada müxalifətin birləşmə nəticəsində kifayət qədər mandat əldə edərək, hakimiyyəti ələ keçirməsi ilə sona çatdı.
Tənqid və gərginliyin digər səbəbi Macarıstanın Rusiya ilə münasibətləri və diplomatiyasıdır. Çexiya və Polşanın Baş nazirləri Ukrayna Prezidenti Vladimir Zelenski ilə həmrəy olduqlarını ifadə etmək üçün qatarla birlikdə Kiyevə gedərkən, Orban Ukraynanın Aİ üzvlüyünə qarşı olduğunu bildirib. Macarıstanın Rusiya ilə sıx müttəfiqliyi, o cümlədən Rusiya qazı üçün rublla ödəməyə hazır olması onun Aİ-nin qalan hissəsi ilə münasibətlərində uçurumu yaradan başqa bir amildir.
Bənzər şəkildə Orban da ölkəsi üçün Rusiya neftinin boykot edilməsi kimi hərtərəfli istisnalarla bağlı danışıqlardan çəkinmədi. O, Rusiyaya qarşı sanksiyaları da dəfələrlə sərt tənqid edib. Orban Macarıstan ərazisindən silah daşınmasına icazə verməyərək, Ukraynaya silah göndərilməsini rədd edib və bəyan edib ki, Kiyevə silah verilməsi yalnız müharibəni uzadacaq.
Orbanın Ukrayna-Rusiya müharibəsində Qərbi günahlandırmaq qərarı onun məsələyə kökündən fərqli yanaşdığını göstərir. Orbanın Qərbin, xüsusən də ABŞ-nin Rusiyanı Ukraynaya qarşı müharibəyə sövq etdiyini və orada vəkalət müharibəsi apardığını düşünməsi Aİ daxilində qərar qəbuletmə mexanizmlərinin vahidliyini pozur.
Macarıstanın Ukrayna ilə nə alıb-verə bilmədiyi var?
Ukrayna ilə danışıqlara başlamaq qərarı elan edildikdən dərhal sonra Orban sosial şəbəkədə video yayımlayıb və qərarı “tamamilə mənasız, məntiqsiz və yanlış” adlandırıb.
Budapeştin fikrincə, Ukraynanın üzvlük danışıqlarına başlamazdan əvvəl Aİ-nin qarşıya qoyduğu 7 şərtdən yalnız 3-nü yerinə yetirməsi Ukraynada korrupsiyanın yüksək səviyyəsi və genişlənmənin gətirəcəyi təhlükəsizlik problemləri danışıqlara başlamaq üçün kifayət qədər əsas vermir. Brüsselin məlumatına görə, Kiyev 7 şərtdən 6-nı yerinə yetirib. Yerinə yetirilməli olan son tələb macarların əmin olmadığı ölkədə oliqarxların təsirini azaltmağa yönəlmiş yeni lobbiçilik qanunudur.
Bəs niyə Orban dolayı yolla danışıqlara icazə verdi? Aİ-yə üzvlük danışıqları xəbərdarlıqlar, tövsiyələr və texniki detallardan ibarət uzun bir prosesi əhatə edir. Bu səbəbdən Ukraynanın bloka qoşulmağa hazır olması üçün uzun illər lazım olacağı gözlənilir. Baş nazir Orban bilir ki, onun sonrakı mərhələlərdə prosesi idarə etmək üçün çoxlu imkanları var.
Bununla belə, Macarıstan və Ukrayna arasındakı problemlərin əsasında müxtəlif məsələlər dayanır. Ukraynanın qərbində Zakarpat bölgəsində yaşayan macar azlığına görə Macarıstan və Ukrayna arasında uzun müddətdir ciddi düşmənçilik olub. Bu bölgədə təxminən 200 min etnik macar yaşayırdı, bu gün isə bu rəqəm 130 minə düşüb.
Macarıstanın qonşu ölkələrində yaşayan macar azlıqların rifahı Budapeşt hökumətlərinin post-kommunizm dövründə həssas olduğu və daim narahat olduğu bir məsələdir. Bu səbəbdən Ukraynada rus dilinin təsirini azaltmaq məqsədi daşıyan “Ukrayna dili qanunu” Budapeşti narahat edib. Orban hökuməti bu qanunun ölkədəki macar azlığını da hədəf aldığını və 2017-ci ildən bəri Ukrayna məktəblərində macar dilini öyrənməyi getdikcə çətinləşdirdiyini düşünürdü. Macarıstan 2017-ci ildən, ən son 2022-ci ilin fevral ayının əvvəlində, Ukraynanın azlıqlara qarşı siyasətinə görə NATO-nun Ukrayna ilə əməkdaşlığına dəfələrlə veto qoyub. Ukrayna macarların və digər Aİ vətəndaşlarının öz dillərində danışmaq və təhsil almaq hüququnu təmin edən yeni qanun qəbul etsə də, mənfi gündəm geridə qaldı.
Deyə bilərik ki, ikili vətəndaşlıq məsələsi iki ölkə arasında ciddi diplomatik çatlamadır. Ukraynada qanunla ikili vətəndaşlıq mümkün olmasa da, 2018-ci ildə ölkədə azlıq təşkil edən macarlara Macarıstan vətəndaşlığı verildiyi iddiası onsuz da gərgin olan münasibətlərin artmasına səbəb olub.
Ümumiyyətlə, Orbanın Ukrayna siyasəti, çox güman ki, ölkənin özündən çox onun daxili və xarici siyasət prioritetləri ilə bağlı olacaq. Orbanın Ukraynadakı macar azlığının muxtariyyəti və ya suverenliyi ilə bağlı mövqeyi ilə hələ də “Böyük Macarıstan” və onun 1918-ci ildən əvvəlki sərhədləri arzusunda olan ifrat sağçı seçiciləri hədəfə aldığına dair şərhlər edilir. Amma nə olursa-olsun, Macarıstanın qərarı Aİ birliyinin dağılmasına və Ukraynadakı vəziyyətlə bağlı dərin fikir ayrılıqlarına işarədir.
Macarıstan tək deyil
Üstəlik, Macarıstan Ukrayna ilə bağlı tək deyil. Slovakiyanın Baş naziri Robert Fiko da Ukraynaya yardıma şübhə ilə yanaşır. Polşada Aİ ilə daha sıx əlaqələr quracağı gözlənilən müxalifətin hakimiyyətə gəlişinə baxmayaraq, Ukrayna məsələsinin səs çoxluğu deyil, kifayət qədər mandat əldə edilməməsindən qaynaqlandığı xatırlandığında, əvvəlki hakim partiyanın seçicilərinin də “Ukrayna yorğunluğu”nu ifadə etdiyi və müxalifətin Ukraynaya dəstək səsləri ucaldığı xatırlanır.
Brüsseldə keçirilən 2 günlük sammitdən sonra Aİ liderləri Baş nazir Orbanın Ukraynaya maliyyə yardımı ilə bağlı fikrini dəyişmək şansının sıfıra yaxın olduğunu bilirlər. Belə olan halda, 26 ittifaq ölkəsi vəsaitlərin hələ də Kiyevə getməsini təmin etmək üçün alternativ plan üzərində işləyir.
Ukraynanın Aİ-yə üzvlüyü və onun yaradacağı böhranlar
Hər genişlənmənin Aİ üçün bir maliyyəsi var və bu xərclər artdıqca Ukrayna tərəfdarları təlatümlə üzləşə bilər. Polşanın Ukrayna ilə taxıl ixracı ilə bağlı son böhranı bu vəziyyətə misaldır. Əhalilərini nəzərə alsaq, genişlənmə prosesi Varşava və Kiyev arasında iqtisadi və siyasi rəqabəti artıracaq.
ABŞ-də qarşıdan gələn seçkilər və hakimiyyət dəyişikliyi, eləcə də ABŞ-nin Ukraynaya dəstəyinin azalması riski Brüsselin üzərinə daha böyük yük düşəcəyi anlamına gəlir. Təhlükəsizlik baxımından bu yükün necə qarşılanacağı bəlli deyil. Çünki Avropa ölkələrinin milli təhlükəsizliyinə ən böyük təhlükənin nədən ibarət olduğuna dair fərqli baxışları var. Ukraynada davam edən korrupsiya ritorikası bu ölkəyə yardımın nə qədər müddətə veriləcəyi sualına və şəffaflığa dair şübhələrə cavab verə bilməz.
Aİ-nin milli maraqlar üzərində sövdələşmə meydanına çevrildiyini söyləmək ədalətsiz olmaz. Çexiyanın körpülərin inşası üçün ağır polad lövhələrə ehtiyacı olduğunu əsas gətirərək, Rusiyadan polad idxalına qoyulan qadağanın ortadan qaldırılmasını tələb etməsi, 1 il əvvəl Rusiyadan neft idxalına qadağa qoyulanda Macarıstan, Slovakiya və Çexiyanın bu qadağaya qoşulmaması bu ölkələrin öz prioritetlərini müdafiə etdiyini göstərir.
Ukraynanın Aİ-yə üzvlüyü uzun bir yoldur, danışıqlar prosesi hələ başlanğıcdır və Ukrayna hələ də müharibə şəraitindədir. Ona görə də Ukraynanın üzvlük danışıqlarına başlamasının müharibədə müqavimətini saxlamaq üçün Kiyevə verilən dəstəkdən daha çox şey ifadə edib-etmədiyini zaman göstərəcək. ABŞ-də keçiriləcək seçkilərlə danışıqlar masasının qurulması isə heç kimi təəccübləndirməyəcək.
Dəyanət Ağalarlı
Ordu.az