Maraqlıdır ki, İrəvan səfərindən əvvəl İranın xarici işlər nazirinin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı olub. Telefon danışığı zamanı Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Üstəlik, burada həm də o hal diqqətəlayiqdir ki, İranın xarici işlər naziri Azərbaycan xarici işlər naziri ilə telefon danışığı aparıb və rəsmi İrəvan Azərbaycandan sülh müqaviləsi ilə bağlı növbəti təklifləri aldığını elan etdikdən sonra Ermənistana işgüzar səfərə yollanıb. Digər məqam isə odur ki, iranlı nazir Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfərindən sonra İrəvana gedib. Rəsmi açıqlamaya görə, Rusiyada Nikol Paşinyan İlham Əliyevlə qeyri-rəsmi təmasda olub. Lakin bu təmasın hansı dərəcədə və məzmunda olduğu məlum deyil.
Digər diqqətçəkən məqam isə İranın xarici işlər nazirinin səfərinin Paşinyanla Rəisi arasında bir neçə gün əvvəl baş vermiş telefon danışığından sonra baş verməsidir. Nəhayət, iki gün əvvəl İran və Avrasiya İqtisadi Birliyi (AİB) 2022-ci ildə başa çatan üç illik müvəqqəti sazişi əvəz edən azad ticarət haqqında genişləndirilmiş saziş imzaladı.
AİB ilə genişləndirilmiş azad ticarət sazişi şübhəsiz ki, İran üçün iqtisadi və siyasi məkan aça bilər. Xüsusilə nəzərə almaq lazımdır ki, Ermənistan AİB ilə quru sərhədinə malik olmasa da, AİB-in İranla quru sərhədi olan yeganə ölkəsidir. Beləliklə, gündəliyin əhatəli olduğu açıq-aydın görünür və Abdullahianın səfərinin vurğulanmasının nədən ibarət olduğunu söyləmək çətindir. Bu, birbaşa Ermənistan-Azərbaycan prosesi ilə bağlıdır, yoxsa bu proses, belə demək mümkündürsə, Paşinyanla Rəisinin bir neçə gün əvvəl baş tutan telefon danışığı zamanı müzakirə edə biləcəyi daha geniş məsələlərə daxildir?
Bütün hallarda şübhəsiz ki, iranlı nazirin Ermənistana işgüzar səfəri kifayət qədər konkret müzakirə məqsədi daşıyır və bu cür səfər formatları praktiki olaraq bu ehtiyaclara xidmət edir.
Asif Cəfərov
Ordu.az