Moskva və Bakı arasında dialoq genişlənir – Prezidentlərin görüşünə hazırlıq gedir?

2023/12/2wrej-1703496547.jpg
Oxunub: 3477     15:15     25 Dekabr 2023    
Azərbaycan və Rusiya Xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilib ki, dekabrın 21-22-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko Bakıda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov ilə regional və Avropa təhlükəsizliyi məsələləri üzrə məsləhətləşmələr aparıb.

Bəyanatın bəlkə də ən mühüm vurğusu ondan ibarətdir ki, Cənubi Qafqaz və Avropanın təhlükəsizliyi sahəsində mövcud vəziyyət, o cümlədən ATƏT-də qarşılıqlı fəaliyyət, Avropa Şurasındakı vəziyyət, ölkələrimizin Avropa İttifaqı və NATO ilə münasibətləri ətrafında geniş fikir mübadiləsi aparılıb. İkitərəfli və beynəlxalq gündəlikdəki aktual məsələlərə də toxunulub. Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunmasında region dövlətlərinin aparıcı rolu və xüsusi məsuliyyəti vurğulanıb. Hər iki tərəf regional və Avropa təhlükəsizliyi məsələləri üzrə sıx dialoqun davam etdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.

Avropanın təhlükəsizliyi məsələlərində Rusiya-Azərbaycan arasında sıx dialoqun davam etdirilməsinin nə demək olduğu barədə əlavə şərhə ehtiyac yoxdur. Qeyd etmək lazımdır ki, siyasi məsləhətləşmələr Rusiya tərəfindən Azərbaycanın əhəmiyyətinin yenidən vurğulanmasına yönəlib. Çünki belə qeydi 2001-ci il yanvarın 6-da tərəflər arasında ən yüksək səviyyədə imzalanmış Bakı bəyannaməsində də görmək olar.

Rusiya xarici işlər nazirinin müavininin Bakıya səfərinin əhəmiyyətini həm də o sübut edir ki, o, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla görüşlər keçirib.

Belə təəssürat yaranır ki, həddən artıq dolu gündəm və sıx iş qrafiki İlham Əliyev-Putin görüşünə ciddi hazırlıqdan xəbər verir. Bunun MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində baş tutması vacib deyil, təbii ki, bu ehtimalı da istisna etmək olmaz.

Ola bilsin ki, Rusiya həm də Bakının Tehranla münasibətlərində nəzərəçarpacaq yaxşılaşmadan istifadə edərək, Azərbaycanla daha geniş gündəm yaratmağa çalışır. Görünür, təsadüfi deyil ki, Qruşko Bakıda məsləhətləşmələri başa vurduğu gün Rusiya və İran xarici işlər nazirləri arasında telefon danışığı olub, bir gün öncə isə İran İslam Respublikasının səfiri Azərbaycanın xarici işlər nazirinin müavini ilə görüşüb.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Bakı   Tehran  


Bizi "telegram"da izləyin