Türkiyənin ikinci ən böyük sınağı – Ərdoğan güc mərkəzlərinə daha bir dərs verəcək

2023/12/1703236483.jpg
Oxunub: 6675     20:13     22 Dekabr 2023    
Türkiyənin hakim “Ədalət və İnkişaf” partiyası dövlət qurumları ilə birlikdə qarşıdan gələn yerli özünüidarəetmə seçkiləri ilə bağlı təşviqat strategiyasını hazırlamaq üçün xüsusi işçi qrup yaradıb. Təqaüdçülərin nəqliyyat və müalicə xərclərinin demək olar ki, yarısı üçün kompensasiya proqramının tətbiq ediləcəyi güman edilir. Xüsusilə son seçkilərdə müxalifət namizədlərinin qalib gəldiyi İstanbul və Ankara hədəf hesab edilir.

Hakim partiya yanvarın 15-də Ankarada keçiriləcək ümumdövlət toplantısından sonra şəhər başçısı vəzifələrinə namizədlərini irəli sürəcək. Kampaniya cədvəli hazırlanır. Ərdoğanın seçkiqabağı kampaniyaya şəxsən rəhbərlik edəcəyi məlumdur. O, Türkiyənin 50 yaşayış məntəqəsini gəzəcək, mitinqlərdə çıxış edəcək. Məlumata görə, başlanğıc ötən il baş verən zəlzələ bölgəsində fevralın 6-da qoyulacaq. Yerli özünüidarəetmə seçkiləri prezident seçkilərindən sonra keçirilir. Ərdoğanın qələbəsi heç kim tərəfindən mübahisələndirilməsə də, böyük çətinliklə əldə olunub.

Ərdoğanla Cümhuriyyət Xalq Partiyasının namizədi Kılıçdaroğlunun səsləri arasındakı fərq təxminən beş faiz olub. Prezident vəzifəsinə üçüncü namizəd, son anda Ərdoğana dəstək verəcəyini bəyan edən millətçi Sinan Oğan məhz elə bu qədər də səs toplamışdı. Prezident seçkilərindən sonra Cümhuriyyət Xalq Partiyasında rəhbərlik dəyişikliyi olub. Bəzi şərhçilər yerli özünüidarəetmə seçkilərində Cümhuriyyət Xalq Partiyasının öz taktikasını dəyişərək, mötədil millətçilik mövqeyi tutacağını düşünürlər.

Türkiyə çətin geosiyasi seçim qarşısındadır. Ölkədə Cümhuriyyətin qurucusu Atatürk kultu qorunmaqla yanaşı, yeni əsrdə Türkiyənin dünyada daha layiqli yerə sahib olması vurğulanır. Bu mənada yerli özünüidarəetmə seçkiləri Türkiyə üçün prezident seçkilərindən sonra ikinci sınaqdır.

Hakim “Ədalət və İnkişaf” partiyası İstanbul və Ankara şəhər başçılarının seçilməsinə böyük önəm verir. Ərdoğan bu seçkilərdə uğur qazanarsa, özünü güc mərkəzlərinə tamamilə özünü təmin edən siyasi xadim və vahid ölkə lideri kimi təqdim edəcək. Bəs buna necə nail olmaq olar? Ölkə iqtisadiyyatı daha da böyüməlidir, xarici investisiyalar artırılmalıdır. Fələstin məsələsində uğur qazanılmalıdır ki, millətçi elektorat məyus olmasın.

Türkiyə ictimai rəy sorğuları Rusiyaya rəğbətin nəzərəçarpacaq dərəcədə artdığını göstərir. Türkiyə vətəndaşlarının demək olar ki, üçdə biri ölkənin sabit gələcəyinin Rusiya ilə tərəfdaşlıq əlaqələrindən asılı olduğuna inanır. Maraqlıdır ki, Türkiyədə yerli özünüidarəetmə seçkiləri ilə Rusiyada prezident seçkiləri eyni vaxtda, mart ayında keçiriləcək. Rusiya Prezidentinin Türkiyəyə səfəri məsələsi müzakirə olunur.Eyni zamanda Ərdoğan ABŞ ilə “əsəb savaşı”na başlayıb.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ərdoğan   Seçki  


Bizi "telegram"da izləyin