Azərbaycan İran-AİB yükdaşımaları qarşılığında Zəngəzur dəhlizini alacaq? – ANALİZ

2023/12/1702541927.jpg
Oxunub: 5120     16:32     14 Dekabr 2023    
Dekabrın 6-da Prezident İlham Əliyev Azərbaycan ilə Naxçıvan arasındakı kommunikasiyadan danışaraq bildirib ki, İranla avtomobil yolunun tikintisinə başlanılıb, dəmir yolu keçidi layihəsi də müzakirə olunur. Prezident bildirib ki, Ermənistan Azərbaycanın sərnişin-yük daşınması ilə bağlı təklifləri ilə razılaşmaqdan imtina edir.

Belə olan hada, ərazinin suverenliyi tanınır, habelə bu, Azərbaycandan Azərbaycana gediş olacaq və ona görə hər hansı gömrük rüsumları, yoxlamalar, sərhəd yoxlanışı olmalı deyil. Rəsmi Bakı haqlı olaraq vurğulayır ki, bu, Azərbaycanın qanuni hüququdur.

Ötən gün isə İran Prezidenti Rəisi Moskvaya səfər edib. Onun Vladimir Putinlə danışıqları ümumilikdə beş saat davam edib, danışıqların bir hissəsi işçi nahar formatında olub. Rusiya-İran strateji əməkdaşlıq sazişi imzalanmayıb, sənəd, Rusiya tərəfinin elan etdiyi kimi, “yekun təftiş mərhələsindədir”. Bəzi ekspertlər bu ifadəni diplomatik evfemizm hesab edirlər. Əslində həll olunmamış məsələlər var. Amma indiki vəziyyətdə iki faktı nəzərə almaq vacibdir.

İran Prezidentinin səfərinə paralel olaraq Azərbaycan Baş nazirinin müavini Mustafayev Moskvaya gedib və Rusiya Baş nazirinin müavini Overçukla görüşüb. Sonuncu regionda kommunikasiyaların açılması məsələsi üzrə Rusiya-Ermənistan-Azərbaycan işçi qrupunda Rusiyanı təmsil edir. Azərbaycan Baş nazirinin müavini və İranın nəqliyyat naziri Ağbənd qəsəbəsi yaxınlığında Azərbaycanı İranla birləşdirən körpünün təməlqoyma mərasimində iştirak ediblər.

İlham Əliyev bəyan edib ki, bu proqram həm də Rusiya ilə İran arasında nəqliyyat əlaqəsini təmin etmək üçün nəzərdə tutulub. Təbii ki, bu hal ABŞ-ni narahat etməyə bilməz. Və əgər ABŞ Azərbaycan-İran kommunikasiyasının əleyhinədirsə, o zaman İrəvanın Zəngəzur dəhlizi variantını qəbul etməsi üçün Ermənistana təsirindən istifadə etməlidir.

İranın Bakıdakı səfirliyi bu mənzərəni “diqqətdən qaçırmayıb”. Həmin mesaja əsasən, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinin siyasi idarəsinin yeni təyin olunmuş rəisi Əkrəm Zeynallı ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlərdə baş verən son hadisələr nəzərdən keçirilib. Həmçinin, iki ölkə arasında müxtəlif sahələrdə mövcud əməkdaşlıq və kommunikasiya prosesi müsbət qiymətləndirilib. Ölkələr arasında münasibətlərdə yeni mərhələnin başlandığı vurğulanıb. Eyni zamanda, Cənubi Qafqaz regionunda baş verən hadisələr barədə danışıqlar aparılıb. Regonda davamlı sülhə nail olmaq səyləri, kommunikasiya və nəqliyyat dəhlizləri, konsulluq məsələləri görüşün müzakirə mövzusu olub.

Bəs İranın Bakıdakı səfirinin Putin-Rəisi danışıqlarından Azərbaycana maraqlı məlumatlar çatdırması mümkündür? Rusiya-İran kommunikasiya yollarından biri Azərbaycandan keçir. Üstəlik, Rusiya ilə Azərbaycanın sadələşdirilmiş sərhəd və gömrük prosedurlarının əlaqələndirilməsi ilə bağlı məsələləri müzakirə etdiyi barədə məlumatlar var.

Dekabrın sonunda isə İran-AİB azad ticarət sazişinin imzalanacağı güman edilir. AİB üzvü olan ölkələr arasında İranın yalnız Ermənistanla quru sərhədi var, Ermənistan və AİB-in ümumi sərhədi yoxdur. Bəs əgər AİB üzvü olmayan Azərbaycan İran-AİB yükdaşımalarının təhlükəsizliyini təmin etmək üçün xidmət göstərsə və bunun müqabilində Naxçıvan və Türkiyə ilə sərbəst kommunikasiya imkanı əldə etsə necə?..

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İran-AİB   Zəngəzur-dəhlizi  


Bizi "telegram"da izləyin