Bakıda təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu. Bakı görüşündə Fransanın Ermənistana hərbi tədarükləri məsələsinin də müzakirə olunduğu şübhəsizdir. Fransa Ermənistanla niyyət sazişi imzalayıb və artıq İrəvana “Bastion” tipli zirehli vasitələr göndərib, həmçinin hava hücumundan müdafiə sistemi tədarük etməyi planlaşdırır.
Gürcüstan burada əsas halqadır, çünki Gürcüstanın razılığı olmadan bu tədarüklər mümkün deyil. Məlum olduğu kimi, Azərbaycan artıq öz narazılığını bildirib, buna Gürcüstanın xarici işlər naziri Darçiaşvili cavab verib ki, Tbilisi beynəlxalq hüquqa zidd olmayan hərbi satınalmalar və tədarüklər üçün həm İrəvana, həm də Bakıya öz tranzit imkanını bərabər şəkildə təmin edir.
Eyni zamanda ədalət üçün qeyd etmək lazımdır ki, 44 günlük müharibə zamanı Gürcüstan bu imkanı, belə demək mümkünsə, o qədər də bərabər təmin etməyib və Azərbaycan üçün daha yaxşı imkanlar təqdim edib. Şübhəsiz ki, Azərbaycan və Türkiyə Tbilisinin Ermənistana hərbi yüklərin daşınması üçün etibarlı tranzit marşrutuna çevrilməməsi məqsədilə öz təsir imkanlarından istifadə etməlidir. Əslində Fransadan Ermənistana göndərilən tədarüklər hələlik Azərbaycan üçün problem yaratmır, bunlar hərbi-texniki baxımdan balansa ciddi təsir edəcək növdə və ya miqdarda deyil. Lakin eyni zamanda Bakı və Ankara problemi indiki əhatə dairəsi kontekstində deyil, mümkün gələcək perspektiv kontekstində nəzərdən keçirməyə məcburdurlar.
Əgər Fransanın uzunmüddətli məqsədi Qafqazda öz oyun mövqeyini gücləndirməkdirsə, şübhəsiz ki, zaman keçdikcə Ermənistana hərbi tədarükün həcmini, keyfiyyətini və növünü əhəmiyyətli dərəcədə artırmalıdır. Bunun üçün isə Paris Gürcüstanın tranzitliyinin sabitliyini və etibarlılığını təmin etməlidir.
Bakı və Ankara bunun qarşısını almaq üçün əllərindən gələni edəcək və müdafiə nazirlərinin Bakıda keçirilmiş üçtərəfli görüşündə də bu işin onların məqsədlərindən biri olduğu şübhəsizdir.
Firuz Bağırov
Ordu.az