Millerin sözlərinə görə, İlham Əliyevlə söhbətində Blinken Ermənistanla “möhkəm və təmsilçi” sülh sazişi imzalamaq istəyinə görə ona təşəkkür edib. Blinken və İlham Əliyev həmçinin ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edib, narahatlıq doğuran səbəblərə və inkişaf imkanlarına toxunublar. Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O-Braynın Azərbaycana səfərinə icazə verilməsini Prezident İlham Əliyevdən xahiş edib.
Dövlət başçısı 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms -Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib. Azərbaycan tərəfinin ABŞ-ın Azərbaycana münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatını nəzərə aldığı, bunu adekvat cavablandırdığı vurğulanıb.
Həmçinin danışıqlar zamanı bildirilib ki, sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi təkliflər Ermənistan tərəfindən noyabrın 21-də cavablandırılıb. Beləliklə, Ermənistan öz cavabını 70 gün gecikdirib. Yetmiş günlük gecikdirmə bir daha nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir.
Dövlət Departamentinin sözçüsünün sözlərinə görə, Ermənistanın Baş naziri ilə söhbətində ABŞ dövlət katibi ABŞ-nin sülhə nail olunması prosesinə, eləcə də Ermənistanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib və ikitərəfli əlaqələrin genişləndirilməsi səylərini müzakirə edib.
Blinkenin telefon danışıqları sübut edir ki, Vaşinqton və ya ən azından dövlət katibi Blinken Yaxın Şərqdəki mövcud vəziyyətə baxmayaraq, diqqətini azaltmır. Üstəlik, ABŞ dövlət katibinin müharibə başlayandan bəri dördüncü dəfə səfərə hazırlaşdığı İsrailə gedən yolda İrəvan və Bakıya zənglər etməsi diqqət çəkir. Əlbəttə, əsas sual budur ki, Blinken Bakıya qarşı Qərbdə həyata keçirilən təxribatları “sakitləşdirə” və Azərbaycanı yenidən qazana biləcəkmi?
Əgər İlham Əliyev həm Brüsselə, həm də Vaşinqtona getməkdən imtina edibsə, Metyu Millerin dediyi kimi, Blinken İlham Əliyevə nəyə görə təşəkkür edib? Deməli, Azərbaycanın bu imtinalara verdiyi izahlar Blinken üçün olduqca qənaətbəxşdir.
Hətta qeyd olunduğu kimi, Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O-Braynın Azərbaycana səfərinə icazə verilməsini İlham Əliyevdən xahiş edib. Eyni zamanda, ABŞ dövlət katibinin zəngləri əslində noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində demarkasiya və delimitasiya məsələləri üzrə komissiyalar səviyyəsində keçiriləcək görüşdən əvvəl baş verir.
Bundan əvvəl Brüssel və Vaşinqton arasında görüşlərdən imtina edən Bakı İrəvana sərhəddə görüşməyi və orada sülh prosesinin perspektivlərini müzakirə etməyi təklif edib. İrəvan bildirib ki, Azərbaycan tərəfinə sərhəddə demarkasiya və delimitasiya komissiyalarının iclasını keçirməyi təklif edib. Dövlət katibi Blinkenin bununla bağlı zəngləri “kəşfiyyat”, yoxsa “aparıcı” xarakterli olub?
Asif Cəfərov
Ordu.az